Onlayn ictimai-siyasi qəzet
Fevralın ikinci ongünlüyündən başlayaraq Azərbaycanda qarlı-şaxtalı hava şəraiti müşahidə olunur. Ölkənin demək olar ki, bütün ərazisində güclü qar yağmasından sonra son on ilə yaxın dövrdə ilk dəfə yüksək şaxtalar qeydə alınıb. Xüsusilə fevralın 24-dən 25-nə keçən gecə bütün ölkə ərazisində temperatur mənfi -5 və ondan daha aşağı oldu. Ondan əvvəl - yanvar ayında 20 dərəcəyə qədər yüksələn isti havalarda tumurcuqlamağa başlayan ağacların şaxtalar nəticəsində məhsuldarlığının azalacağı gözlənilir. Bu amil xüsusilə meyvə bağlarına sahib olan fermerləri ciddi şəkildə narahat etməkdədir. Məlumdur ki, 2020-ci ildən Azərbaycanda Aqrar Sığorta Fondu (ASF) fəaliyyətə başlayıb. Fond bitkiçilik və heyvandarlıq sahəsində dəstəkli sığorta mexanizminin tətbiqinə rəhbərlik edir. Belə şaxtalı havaların meyvəçiliyə vurduğu zərər sığortalanırmı? Fermerlər öz bağlarını bu hadisədən sığortalaya bilərmi?
ASF İdarə Heyətinin sədri Fuad Sadıqovun 2024-cü ilin yekunlarına həsr olunmuş tədbirdə dediyinə görə, hazırda aqrar sığorta mexanizmi 41 növ bitkini, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını qoruyur. Bura taxıl və tarla bitkiləri, texniki bitkilər, meyvə bağları və tərəvəz-bostan bitkiləri aiddir. Bu təsərrüfatlar təqribən 30-a yaxın riskdən qorunur. Fond sədri bildirir ki, aqrar sığorta əkinləri, xüsusilə meyvə bağlarını şaxtavurma riskindən də sığorta edir və bu hadisələr üzrə ödənişlər edilir.
F.Sadıqovun verdiyi məlumata görə, aqrar sığortaya dövlətin 50 faizlik mühüm dəstəyi var. Bunun sayəsində fermerlərimiz öz təsərrüfatlarını ikiqat aşağı qiymətlə sığorta edə bilirlər. Məsələn, ölkənin əksər hissəsində 1000 manatlıq taxılın illik sığorta haqqı cəmi 7-10 manat ətrafındadır.
İqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələrdən olan Azərbaycanda ən çox baş verən təbiət hadisələri fırtına-qasırğa, dolu, sel-subasma halıdır. Məsələn, 2024-cü ildə Samux rayonunda 600 hektar ərazinin su basması nəticəsində buradakı sığortalı təsərrüfatlara dəyən təqribən 700 min manatlıq zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanıb.
Sığortanın bəhrəsini görən daha çox istehsalçı öz təsərrüfatını sığortalamağa başlayır. Fondun nümayəndəsi Əli Əhmədovun dediyinə görə, aqrar sığorta 2024-cü ildə Azərbaycanda aqrar sığortaya maraq artmaqda davam edib. Belə ki, sığortalanan əkinlərin sahəsi 447 min hektara çatıb. Bu 2023-cü illə müqayisədə 25 min hektar və ya 6 faiz artıqdır. Əkin sahələrinin sığortalanması üzrə aqrar sığorta müqavilələrinin sayı 11 faiz artaraq 56 662-yə yüksəlib. 2024-cü ildə ilk dəfə olaraq nektarin, qarpız, albalı, yemiş və tütün bitkilər də sığorta edilib.
Ötən il fond tərəfindən zərərə məruz qalmış təsərrüfatlara 6 milyon 423 min manat sığorta ödənişi edilib. Əvvəlki illə müqayisədə sığorta ödənişləri 2, 2 milyon manat və ya 46 faiz artıb. Sığorta ödənişlərinin 5 milyon 246 min manatı bitkiçilik, 1 milyon 177 min manatı isə heyvandarlıq təsərrüfatlarının payına düşüb.
Bitkiçilik üzrə ən çox sığorta ödənişləri: fırtına-qasırğa, sel-subasma və dolu, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti üzrə edilib. Ən çox ödəniş edilən bitkilər (taxıl, pambıq və qarğıdalıdan başqa): üzüm, gilas, alma, badam və ərik, çəltik və qarpız olub. Bitkiçilik üzrə ən çox zərər ödənişləri 6 rayonun - Şəki, Samux, Qobustan, Ağcabədi, Saatlı, Ağstafa rayonlarının payına düşür.
Tədbirdə Aqrar Sığorta Fondunun rəhbərliyi aqrar sığorta sistemində mühüm yer tutan müstəqil aqrar sığorta ekspertləri üçün yaradılan imkanlar barədə açıqlama verib. Bildirilib ki, aqrar sığorta ekspertləri təsərrüfatlarda riski və zərəri qiymətləndirirlər. Hazırda ölkədə ümumilikdə 800-1000 nəfərə qədər ekspertə ehtiyac var, amma onların real sayı təqribən 100 nəfərdir. Buna görə də ASF bir çox hallarda sığorta hadisəsini, dəyən zərəri qiymətləndirmək üçün qardaş Türkiyədən ekspertlər cəlb edir.
Fondun rəhbəri Fuad Sadıqov ekspertlərin gəlirlərinin yüksək olduğunu xüsusi qeyd edib. Bildirib ki, ekspertlərin aylıq gəlirləri 1000-1500 manatdan başlayır, gündəlik gəlir limiti isə 500 manata qaldırılıb. Fond rəhbəri ölkədəki aqronom və digər yaxın ixtisas sahiblərini bu imkandan istifadə eğtməyə və aqrar sığorta eksperti kimi çalışmağa dəvət edib. Onun sözlərinə görə, ekspert kimi çalışmaq üçün mütləq fondun əməkdaşlı olmağa ehtiyac yoxdur: başqa sahədə çalışan şəxslər xidməti müqavilə əsasında fondla əməkdaşlıq edə bilərlər.
Fond rəsmilərinin verdiyi məlumata əsasən, 2024-cü ildə aqrar sığortanın əlçatanlığı üzrə işlər davam etdirilib. Belə ki, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə tariflər 5,2 faizdən mal-qara üçün 4,9 faizə, xırdabuynuzlu heyvnalar üçün 4,7 faizə endirilib.
Eləcə də aqrar sığortanın əhatə dairəsi genişlənib və Naxçıvan Muxtar Respublikasında yeni filial fəaliyyətə başlayıb.
Aqrar Sığorta Fondu bu il 22-23 milyon manat investisiya edəcək. F.Sadıqovun dediyinə görə, investisiya istiqamətləri ilə bağlı qərarı qərarı Müşahidə Şurası verəcək: “Fondun Himayəçilər Şurası var və orada 3 dövlət qurumu - Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Mərkəzi Bankı təmsil olunur. Onlar hər ilin əvvəlində investisiya istiqamətləri müəyyən edir. Yığdığımız vəsait dövlət qiymətli kağızlarına, beynəlxalq reytinq agentliklərindən yüksək reytinq almış banklara qoyulur. Ölkədə 5 belə bank var”.
Dünya SAKİT,
“Yeni Müsavat”
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ