Onlayn ictimai-siyasi qəzet
Estetik əməliyyatlar son illərdə qadınların komplekslərdən qurtarmağına fayda versə də, bir çox hallarda onların faciəsi, ölümü ilə də nəticələnir. Son vaxtlar ölüm, şikəst qalma halları daha da artıb.
Bakıda bu ilin aprel ayında 40 yaşlı Səbinə Əliyeva da liposaksiya əməliyyatı keçirib və dünyasını dəyişib. Onu əməliyyat edən isə ixtisas üzrə ali təhsili olmayan eltisi olub.
Mərhumun valideynləri qızının ölümündə eltisini günahkar bilir. Mərhumun anası Sara Qədimova bildirib ki, eltisi Ülviyyə Rəhmanova qızını əməliyyat etdikdən sonra xəstəxanadan çıxarıb, 2 gün evində saxlayacağını deyib. Ancaq 1 gün sonra o ölüb...
Əməliyyatdan sonra həmin klinikanın fəaliyyəti dayandırılıb. Ekspertizanın rəyindən sonra məlum olub ki, mərhum kəskin qanaxmadan həyatını itirib.
Hazırda iş üzrə məhkəmə araşdırması gedir.
Xatırladaq ki, bugünlərdə xeyli həkimin ixtisası olmadan cərrahi, estetik əməliyyatlar etdiyi açıqlanmışdı. Belə ki, ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova İnstagram səhifəsində 50-yə yaxın estetik cərrahın adını paylaşaraq onların saxta yollarla fəaliyyət göstərdiyini bildirmişdi. Bu məsələ geniş müzakirlərə səbəb olmuşdu. Ötən gün isə jurnalistin İnstagram səhifəsi bağlanıb.
Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bəzi estetik cərrahların onu hədələdiyini bildirib.
Bu barədə sosial şəbəkədə məlumat yayan Ataşovanın sözlərinə görə, “rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslər susması üçün səhifələrinə haker hücumları təşkil edir.
Jurnalist bir neçə estetik cərrahın adını çəkib. İddia edib ki, övladlarının həyatına zərər yetiriləcəyi barədə təhdid mesajları alır: “İnstagram hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm. Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər”.
Təhdid mesajının fotosunu paylaşan Q.Ataşova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib.
DİN açıqlama yayıb ki, Q.Ataşovanın müraciəti ilə bağlı araşdırma aparılır.
Bəs cərrahi ixtisası olmayanların estetik əməliyyat keçirmələrinin qarşısını necə almaq olar?
Son illər Azərbaycanda estetik əməliyyatlara maraq artıb və müəyyən əməliyyatlar xüsusilə populyarlıq qazanıb. Ən çox müraciət edilən estetik əməliyyatlar bunlardır:
Burun estetikası (rinoplastika): Ən geniş yayılmış əməliyyatlardandır. Xüsusilə nəfəsalma problemlərinin aradan qaldırılması ilə yanaşı, burun formasını düzəltmək üçün edilir.
Sinə böyütmə və kiçiltmə əməliyyatları: Qadınlar arasında olduqca populyardır. Sinə formasını dəyişdirmək və ya bərpa etmək üçün istifadə olunur.
Liposaksiya və bədən konturunun düzəldilməsi: Qarın, bel, və bud nahiyələrindəki artıq piylərin aradan qaldırılması məqsədilə həyata keçirilir.
Üz gərmə (facelift) və botoks: Üz gəncləşdirmə prosedurları arasında ən populyar olanlardır. Yaşlanma əlamətlərini azaltmaq üçün geniş istifadə edilir.
Göz qapağı əməliyyatı (blefaroplastika): Göz ətrafında sallanmaları və yorğun görünüşü aradan qaldırmaq üçün edilən əməliyyatdır.
Saç əkilməsi: Xüsusilə kişilər arasında geniş yayılıb və son illər daha da populyarlaşır.
Bu tendensiyalar həm beynəlxalq təsirlərin, həm də sosial medianın təsiri ilə daha da artmaqdadır. Azərbaycanda həmçinin minimal invaziv prosedurlar, məsələn, dolğu və dermal inyeksiyalar da geniş yayılıb.
O ki qaldı saxta diplomlu həkimlərə və qeyri-peşəkar şəxslər tərəfindən həyata keçirilən estetik prosedurlara, mütəxəssislər deyir ki, bu, Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində ciddi bir problemdir. Bu, bir neçə səbəbdən baş verir:
Şəffaflıq və nəzarətin çatışmazlığı: Sertifikatlaşdırma və lisenziyalaşdırma proseslərinin bəzən yetərincə effektiv olmaması, qeyri-peşəkarların fəaliyyətinə şərait yaradır.
İnternet və sosial medianın təsiri: Saxta həkimlər sosial mediada geniş şəkildə reklamlar vasitəsilə özlərini peşəkar kimi təqdim edirlər. Çox vaxt onların tibbi təhsili olmadığı halda estetik xidmətlər təklif etdikləri görülür.
Ucuz qiymətə üstünlük verənlər: Bəzi insanlar ucuz qiymətlərə üstünlük verərək peşəkar xidmətlərdən imtina edirlər. Bu, keyfiyyətsiz materialların istifadəsinə və ciddi fəsadlara səbəb olur.
Mütəxəssislər qeyd edir ki, bu problemin həlli üçün Səhiyyə Nazirliyi tərəfindən qeyri-qanuni fəaliyyət göstərən şəxslərin aşkarlanması və onların işlərinin dayandırılması üçün mütəmadi ciddi yoxlamalar aparılmalı, insanlara yalnız sertifikatlaşdırılmış və lisenziyalı həkimlərə müraciət etməyin vacibliyi izah edilməli, həmçinin, saxta həkimlərin reklamlarının qarşısını almaq üçün platformalar üzərində nəzarət gücləndirilməlidir.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilib ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır: “Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ay ərzində yoxlamalar zamanı 15 qayda pozuntuları aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb.
Həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir. Adıçəkilən həkimlərə qarşı ittihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə tərəfimizdən araşdırma aparmaq barədə qərar qəbul edilə bilər".
Zülfüqar Yusifov
Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Bu məsələlərlə bağlı mütəmadi olaraq məlumatlar verilir. Ümumiyyətlə, son illərdə estetik əməliyyatların sayı dünya miqyasında kəskin şəkildə artıb. Bu tendensiya insanların xarici görünüşə daha çox önəm verməsi ilə əlaqəlidir. Xüsusən də qadınlar arasında estetik əməliyyatların ardıcıl şəkildə həyata keçirilməsi artıq geniş müzakirələrə səbəb olur.
Estetik əməliyyatlara qərar verməzdən əvvəl mütləq şəkildə ətraflı konsultasiya aparılmalı, müxtəlif mütəxəssislərlə məsləhətləşmələr edilməlidir. Çünki bəzən ciddi ehtiyac olmadığı halda belə əməliyyat qərarları verilə bilir ki, bu da xoşagəlməz nəticələrə və pasiyent narazılığına səbəb ola bilər.
Sonuncu hadisə ilə bağlı isə qeyd etmək istərdim ki, qanaxma əməliyyat zamanı gözlənilə bilən ağırlaşmalardan biridir. Bu cür ağırlaşmaların qarşısını almaq üçün cərrahiyyə və anesteziya-reanimasiya sahəsində qəbul edilmiş qaydalara ciddi şəkildə əməl olunmalıdır. Nəticədə ağırlaşmaların aradan qaldırılması mümkün ola bilər.
Növbəti məsələ kadrlarla bağlıdır. Əlbəttə, bu işlərin peşəkar və ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilməsi vacibdir. Lakin qeyd etmək lazımdır ki, bəzən hətta ən təcrübəli həkimlər tərəfindən aparılan cərrahi əməliyyatlar, müxtəlif prosedurlar və manipulyasiyalar zamanı belə müəyyən faiz nisbətində ağırlaşmaların baş verməsi mümkündür.
Tədqiqatlar göstərir ki, bu cür əməliyyatlar ixtisaslaşmış həkimlər tərəfindən həyata keçirildikdə ağırlaşma ehtimalı əhəmiyyətli dərəcədə azalır. Məlum olduğu kimi, bu kimi neqativ halların qarşısını almaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən mütəmadi işlər həyata keçirilir. Yoxlamalar aparılır, həkimlərin ixtisasartırma və sertifikasiya prosesinin daha şəffaf, aşkar və keyfiyyətli həyata keçirilməsi istiqamətində də müəyyən addımlar atılır. Düşünürəm ki, yaxın gələcəkdə bu kimi neqativ halların ölkəmizdə minimuma endirilməsi mümkün olacaq".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ