İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta çempionlar - Və yaxud iqtidar niyə gerçək müxalifət arzusundadır

Ötən yazımda xəbər verdiyim kimi, paytaxtımızda Novruz bayramı münasibətiylə stəkan-nəlbəki abidəsinin qoyulması güclü xalq etirazlarına səbəb oldu. Guya bunlar yaz bayramının atributları sırasına daxil deyilmiş.

Nə dəxli varmış? Ona qalsa keçmişdə “Bahar qız” adlı personaj da yox idi, son dövrlər zor-xoş törənə pərçim edilibdir. Ümumiyyətlə, yaz bayramının (bayaq nahaq yerə “törən” yazmadım, görkəmli mifoloq-folklorşünas alimimiz Mirəli Seyidov vaxtilə yazmışdı ki, əslində qədim türk-tərəkəmə uluslarında bu bayramın adı Törə olub, çünki yazın gəlişi artmaq, törəməklə bağlıdır) atributları hər yerdə bir cürdür. Məsələn, İranda Novruzda balaca uşaqlara balıq hədiyyə etmək adəti var. Biz qabaqlar papaq atırdıq, içinə qoz-fındıq qoyurdular, indiki gənc nəsil çərəzə qoz qoymur, açıq tələb edirlər ki, papaq içinə pul yerləşdirilsin. Elə bil bank krediti ödəyirsən. Az qalırlar zorla camaatın cibinə girsinlər. Biz tonqalı qalayanda alovu az qalır kosmosdan görünsün, Türkiyədə dövlət rəsmilərinin qaladığı və üstündən hoppandığı tonqalı hətta kameraya çəkmək zülümlə alındı, o dərəcədə mikrotonqal idi.

Hər halda, yaxşı olar Milli Məclis yaz sessiyasında Novruz haqda qərar qəbul eləsin. Kosa, Keçəl, Bahar qız, Yazoğlan (bu personajı indicə kəşf elədim, xeyirli olsun), səməninin uzunluğu, şəkərburanın standartı, qovurğanın sacı və sairə qanun şəklinə salınsın. Yoxsa camaatı özbaşına qoysan bir neçə ilə Kosanın saqqalından Keçəlin başına tük əkəcəklər.

Ancaq saxtakarlıqla mübarizə tədbirlərinin güclənməsi, uca millətimizin hər şeyin düzgünlüyünü tələb etməsi sevindiricidir və tək Novruz atributlarıyla bitmir. Bu haqda çoxlu faktlar bilirəm, bir neçəsini sizinlə bölüşürəm.

Prokurorluq xaricdə yaşayan müxalif və bloqerləri vətənə dönməyə, könüllü zindana girməyə səslədi. Həmin vaxt deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli modern.az saytına açıqlamasında belə cümlə işlətmişdi: “Şübhə yoxdur ki, hüquq-mühafizə orqanları dövlətimizə və dövlətçiliyimizə qara ləkə olan bu psevdomüxalifətçilərin xəyanətkar antiazərbaycan əməllərini obyektiv şəkildə araşdıracaq”. Sitatın sonu. Burada məni ən çox düşündürən “psevdomüxalifət” sözü oldu.

İlk dəfə deyil. İqtidar nümayəndələri dəfələrlə müxalifətin saxta olmasını hallandırmışlar. Ona psevdomüxalifət, söyüş müxalifəti, ölü müxalifət, dırnaqarası “müxalifət” və sairə yarlıklar yapışdırıblar. Məni düşündürən odur ki, iqtidar müxalifətin saxta olmağına niyə üzülür? Lap yaxşı! Qoy saxta olsun, hökumətə dişi batmasın. Açığı, burada nəsə kollaborasionizm elementləri də görürəm, kaş yanılım.

Milli QHT idarəmizin açıqlamasından sitat isə bu sahədəki saxtakarlığı ifşa edirdi: “Vaxtilə bəzi QHT təmsilçiləri beynəlxalq tədbirlərdə iclaslar bitəndən sonra kürsülərdə alovlu çıxışlar edərək, sonra onları iclasdakı kadrlarla montaj edib sosial mediada yaymaqla, özlərindən “yalançı qəhrəman” obrazı yaradıblar”. Doğrusu, mən bunu canlı təsəvvür elədim və qanımın qara olmasına baxmayaraq xeyli güldüm.

Növbəti saxtakarlıq ifşası Azərbaycan Kikboksinq Federasiyamızdan gəlmişdir. 17 martda idarənin yaydığı bəyanatda deyilirdi: “Özünü 9 qat dünya və Avropa çempionu kimi qələmə vermiş Araz Furqan oğlu Musayev Gənclər və İdman Nazirliyinin Kollegiyal qərarına qarşı itaətsizlik edir, federasiyamıza qarşı əsassız iddialar səsləndirir. Onun iddia etdiyi nəticələr isə həqiqətə uyğun deyil. Araz Musayevin 2000-ci ildə keçirilmiş Avropa çempionatında əldə etdiyi 3-cü yerdən başqa bir nailiyyəti yoxdur”.

Doğrusu, bu dava nəyin üstündə düşüb, heç maraqlanmadım. Ancaq kikboksinq idarəmizin ifşa bəyanatında bir cümlə xüsusilə maraqlı idi: “Hal-hazırda ölkəmizdə müxtəlif idman yarışlarından, idman festivallarından diplom əldə etmiş və özünü saxta dünya və Avropa çempionu kimi təqdim edən onlarla belə idmançı vardır”. Onlarla saxta çempionumuz var imiş. Siz də nəlbəkidən dəm vurursunuz...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

BÜTÜN XƏBƏRLƏR