Onlayn ictimai-siyasi qəzet
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Turizm Təşviqat və İnkişaf Agentliyinin (TGA) təşkilatçılığı ilə reallaşan səfərimizin son dayanacağı Ordu ilə bağlı yekun yazımızı diqqətinizə təqdim edirik.
Azərbaycan və Gürcüstanı təmsil edən media mənsubları üçün təşkil olunan səfərin məram və məqsədləri barədə əvvəlki bölümlərimizdə ətraflı məlumatlar çatdırmışıq. Qara dəniz bölgəsinin incilərindən olan Giresun və Ordu şəhərlərinin gözəlliklərini sadalamaqla bitməz, tükənməz, elə Ordu-Giresun Hava Limanına endiyimizdən geri qayıdanadək, hətta səmadan da bu gözəllikləri məftunluqla seyr elədik.
Əslində bu xoş səfərin məram-məqsədi fındıq paytaxtı Giresunu, həmçinin qoz-fındığın, balın məkanı Ordunu daha yaxından tanımaq, tanıtmaq, təbliğ etmək idi. Qardaş Türkiyənin Azərbaycandakı səfirliyinin də xeyir-duası ilə həyata keçirilən səfərimizdən o qədər zəngin təəssüratlarla döndük ki... Bələdçilərimiz Mustafa Yalçın Yalçınqaya və TGA-nın dəyərli əməkdaşı Özden Vanlının müşayiəti ilə Ordu şəhərinin mərkəzində Rüsumat №4 gəmisinin maketinə tamaşa etmək, hətta onun kabinələrinə daxil olmaq fürsəti də yarandı.
Türkiyənin Zəfər gününə təsadüf edən bu yazımızda sözügedən gəmidən bəhs etməyimiz tam yerinə düşür. Maketi belə möhtəşəm duruşu ilə diqqət çəkən Rüsumat Qurtuluş savaşı zamanı yunan gəmilərindən xilas olmaq üçün Ordu sahilində batırılan gəmidir. Heyətimizi qarşılayaraq səmimi görüşən, gəmi haqqında həvəslə məlumatlar çatdıran məsul şəxs bildirdi ki, 1921-ci ildə gəmi Qurtuluş döyüşünün ən şiddətli günlərində Qara dəniz sahilindən cəbhəyə sursat çatdırmağa çalışan Anadolu hökumətinin xarab olan gəmilərindən biri olan, yaşı 50-dən yuxarı 83 tonluq balıqçı gəmisi idi. Fırtınalı havada metal təbəqə titrəyərək dəfələrlə deşilirdi, ona görə də sementlə örtməli olurdular. Gəminin komandiri kapitan Mahmut Gökbora olub. O, çox şən, cəsur, soyuqqanlı bir canavar kapitanı idi. Qara dənizdəki düşmən donanması bu qorxmaz kapitanın cılız qayığını bütün sahillərdə axtarır, tapa bilməyəndə qarşılarına çıxan kiçik qayıqları batırır, şəhər və qəsəbələri bombalayırdı.
Kazım Karabəkir Paşa Ordusunun Şərq cəbhəsindəki ermənilərdən əldə etdiyi əhəmiyyətli miqdarda döyüş materiallarını Qərb cəbhəsinə köçürmək üçün 4 saylı Rüsumat yaradıldı. Onun gəmisi 1921-ci il avqustun 15-də səhər Batumi limanına yanaşıb. Tam silah batareyasını bütün sursatı ilə doldurub Samsuna doğru yola düşüb. Bu zaman düşmən Rüsumatın yükündən xəbər tutub və Batumidə sursat yükləyən başqa gəmilərlə birlikdə onu ələ keçirmək üçün hərəkətə keçib. Bu zaman iki donanma Batuma doğru hərəkət edib. Dafni və Panter adlı yunan donanması 17 avqustda Rizəni bombardman edib və bu tarixdə ayrı bir Yunan Donanması top atəşi ilə Vonada 3 tankı batıraraq ətrafı qorxutmaq istəyib. Avqustun 16-da axşam saatlarında bütün riskləri gözləyən Rüsumat 4 saylı Kapitan Mahmutun komandanlığı ilə sahilə çox yaxından üzməyə başlayıb və gecənin qaranlığından istifadə edərək düşmən gəmilərindən qaçaraq Trabzona çatıb. Yunanların bütün cəhdlərinə rəğmən, Rüsumatın fədakar heyətinin həyata keçirdiyi heyrətamiz tədbirlərə görə gəminin silah-sursatını ələ keçirə bilməyiblər.
Beləcə, daha bir tarix beləcə yaranıb. Rüsumat №4 gəmi hadisəsini və orduluların qəhrəmanlığını yaşatmaq üçün gəminin tarixi maketini hazırlayıblar. Gəminin içərisindəki əşyalar isə həqiqidir. Kabinəyə enib baxırıq, heyrətamizdir. Türk tarixi beləcə yaşadılır, addım-addım, zərrə-zərrə, böyük ehtiramla, şükranlıqla. Gəminin sahilə yan alan hissəsində sursatı boşaldan insanların maketləri də hazırlanıb, heykəlləri təqdim olunub. Bir az öndə Türkiyə bayrağının kölgəsində Böyük Atatürk özünün silahdaşları ilə birgə məğrur duruşda, ayaqda! Türkiyə, Azərbaycan və Gürcüstan heyəti olaraq bu tarixi məkanda xatirə şəkli çəkdiririk, Türk şəhidlərini sayğı ilə anırıq...
Növbəti ünvanımız Ordu üzərindən asılan kanat olur. Ordunun simvolu olan Boztəpə şəhərinə doğru uzanan kanatdan səma, dəniz, Ordu şəhəri, ətrafdakı yaşıllıqlar, dağlar ovuc içi kimi görünür, göz oxşayır. Zirvəyə doğru qalxdıqca həyən artır, amma vida vaxtının yaxınlaşmasından doğan həyəcandır bu. Gecələr isə daha gözəl mənzərə yaranır bu kanat yolunda. Yüzlərlə insan xizəklərdə sürüşmək, kanat həyəcanını yaşamaq üçün növbə gözləyir. Bir də paraşüt turu.
Paraşütlərlə Boztəpədən “uçub”, Qara dənizin sahilinə enən gənclərin keçirdiyi hissləri təsəvvür etmək çətin deyil. Bir sözlə, möhtəşəm!!! Belə cənnət məkanı bir daha görmək üçün darıxacağıq. Ordu şəhəri Boztəpə, Bozukkale (Kotyora), Taşbaşı Mədəniyyət Mərkəzi (Köhnə Həbsxana - Kilsəsi), Kural Qaya Qəsəbəsi, Büben Qaya Türbələri, Etnoqrafiya Muzeyi (Paşaoğlu Köşkü), Muzey kimi tarixi abidələri ilə daha da gözəldir, möhtəşəmdir. Boztəpənin köksündə xizəkçilərin yüksək əhval-ruhiyyə ilə aşağı-yuxarı hərəkəti də ecazkar səhnələrdəndir. Kəsəsi, Türkiyəmizin hər bir guşəsi kimi, Ordu da möhtəşəmdir. Bu möhtəşəmliyi yazı ilə olduğu kimi təsvir etmək mümkün deyil. Orduya gedən bir daha getmək istər. Qismətiniz olsun!
Elşad Paşasoy,
Musavat.com
Bakı-İstanbul-Giresun-Ordu-Bakı
Foto, video müəllifindir
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ