İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sanki Azərbaycana minnətçi düşüb” - Politoloq

Murad Sadəddinov: “Problem Ceyms O’Braynın Senatda təqdim etdiyi məruzə ilə bağlıdır”

“ABŞ-la Azərbaycan arasında son vaxtlar müşahidə olunan soyuqluğun səbəbini iki ölkə arasında strateji  münasibətlərinin korlanması, dialoqun dayanması kimi qəbul etmək yanlış olardı”.  Bunu noyabrın 27-də ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi haqda danışan politoloq Murad Sadəddinov deyib. 

Politoloq “Yeni Müsavat”a bildirdi ki, Blinkenin zəngi və Azərbaycan Prezidenti ilə danışığı özü göstərir ki, Amerika ilə Azərbaycan arasında dialoq mühiti mövcuddur: “Problem dövlət katibinin müavini Ceyms O’Braynın Senatda təqdim etdiyi məruzə ilə bağlıdır. Ümumiyyətlə, ABŞ-ın Senatında və Konqresində Azərbaycan-Ermənistan məsələsində Ermənistana simpatiya, Azərbaycana isə qərəzli, aqressiv yanaşma həmişə mövcud olub. Son dövrlər isə bu tendensiya daha da genişlənib. Bu baxımdan, Ceyms O’Braynın məlum çıxışı Senatdakı həmin ab-havaya uyğun çıxış kimi hazırlanıb. Oradakı konqresmenlərin maraq və tələblərinə uyğunlaşdırılmış, onların xoşuna gəlmək üçün edilən bir çıxış idi. Azərbaycan sentyabrda Qarabağda lokal antiterror tədbiri keçirəndən sonra konqresmenlərdən ABŞ Prezidentinə, dövlət katibində Azərbaycanla bağlı ciddi tədbirlər görmək üçün müraciətlər edilib. Amerika Erməni Konqresinin müraciətləri var idi. Yəni erməni lobbisi ABŞ hakimiyyətinə ciddi təzyiqlər göstərirdi. Amerika hakimiyyəti də nəzərə alır ki, seçki marafonu başlamaq üzrədir, seçki ərəfəsində erməni diasporasının səslərini itirmək istəmir. Bütün bu amillərə görə də erməni diasporu və lobbisinin xoşuna gələn çıxış dövlət katibinin müavininin dili ilə səsləndirildi. Lakin bu o demək deyildi ki, ABŞ Azərbaycanla bağlı prioritetlərinin üstündən xətt çəkib. ABŞ-ın praqmatik maraqlarından irəli gələrək dövlət katibi Blinken Azərbaycan Prezidentinə zəng edib və soyuqluğun aradan qaldırılması üçün danışıq aparıb. Ceyms O’Brayn məlum çıxışında demişdi ki, bundan sonra Amerika-Azərbaycan münasibətləri əvvəlki kimi olmayacaq, Azərbaycanın yüksək vəzifəli şəxslərinin ABŞ-a səfərlərinə məhdudiyyət qoyulur. Azərbaycan Xarici İşlər Nazirliyi buna adekvat cavab verməklə dövlətimizin haqlı mövqeyindən çəkilməyəcəyini nümayiş etdirdi. Vəziyyətin gərginləşməkdə olduğunu görən ABŞ dövlət katibi yumşalma əldə etmək, vəziyyəti normallaşdırmaq, öz müavininin Azərbaycana səfərinin baş tutması üçün sanki Azərbaycana minnətçi düşüb. Ona görə ki, ABŞ Azərbaycanla razılaşma olmadan Cənubi Qafqazda hər hansı maraqlarının təmin edilməsinin mümkün olmadığının fərqindədir. Ona görə də Azərbaycanla hesablaşmalıdırlar. Blinkenin də zəngi bunun üçündür”.

Kim nə deyirsə desin, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” – Murad  Sadəddinov - GlobalInfo.az

Politoloq hesab edir ki, ABŞ əslində yanlış mövqeyindən geri çəkilməyə məcbur olur: “Beləliklə də, Bakıya səfəri təmin edəcəklər. Eyni zamanda Azərbaycan rəsmilərinin də ABŞ-a səfərləri həyata keçiriləcək. Azərbaycan öz milli maraqları naminə istənilən dövlətdən gələn basqının qarşısını almağa hazırdır. Bunu son baş verənlər növbəti dəfə sübut etdi. Bundan sonra seçkilər yaxınlaşdıqca erməni lobbisinin səslərini qazanmağa hesablanmış ermənipərəst bəyanatlar ayrı-ayrı amerikalı siyasilərin dilindən ola bilər. Lakin bu, heç də o demək olmayacaq ki, həmin bəyanatlar ABŞ hakimiyyətinin rəsmi mövqeyidir. Sadəcə olaraq, seçkilərə hesablanmış müvəqqəti xarakterli quru bəyanatdan o yana heç nə olmayacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR