İnsanlara hürriyət, millətlərə istiqlal!

Sakitləşən ARALIQ– Yunanıstan və Türkiyənin arasında sular isinir, amma...

Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstan rəhbərliyi arasında görüş və konstruktiv dialoq olub.

Bu yenilik hər iki ölkənin, eləcə də regionun digər ölkələrinin mediasında, o cümlədən Avropada diqqət mərkəzinə düşüb.

Ona görə ki, Yunanıstan və Türkiyə Arasında münasibətlər son dərəcə gərgin idi. Hətta bəzi pessimist ekspertlər bu iki ölkənin Aralıq dənizində hərbi planda toqquşacağı ilə bağlı proqnozlarla çıxış edirdilər. Bu dənizdə Türkiyə ilə Yunanıstanın hərəkət xətlərinin kəsişdiyi çox nöqtə var.

Bu baxımdan dekabrın 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ildən bəri ilk dəfə rəsmi səfərlə Yunanıstana gəlməsi Aralıq dənizindəki dalğaların iki ölkə arasında sunamiyə çevrilməsi ehtimalını azaldır.

1663828067.jpg (53 KB)

Səfər ilkin olaraq iki quru və dəniz qonşusu arasında münasibətləri yumşaltmaq üçün nəzərdə tutulmuşdu. Hər iki dövlətin rəhbərliyi indi müsbət gündəmə ehtiyac olduğunu dərk edirlər.

Ərdoğan ilk olaraq Yunanıstan prezidenti Katerina Sakellaropoulou ilə görüşüb və tərəflər iki ölkə arasında münasibətlərdə müsbət atmosfer olduğunu qeyd ediblər.

Yunanıstan prezidenti qeyd edib ki, razılaşmadığımız məsələlərin olduğunu qəbul edərək, konstruktiv atmosferi saxlamaq vacibdir: “Altı ildən sonra Yunanıstanda olmanız, inanıram ki, bu müsbət ruhu əks etdirir. Ölkələrimizdə baş verən faciəvi hadisələr (zəlzələlər və yanğınlar) çətin şəraitdə həmrəylik hissinin iki xalqı birləşdirdiyinə əmin olmaq üçün bir fürsət oldu”.

Onu da qeyd edək ki, hər iki ölkədə sərt hərəkət tərəfdarı olan, heç bir məsələdə qarşı tərəfə güzəştə getmək istəməyən qüvvələr var və onları şərti olaraq “müharibə partiyası”nın üzvləri adlandırmaq olar. Bu, öz ölkələrinin patriotları olan qüvvələrin iradəsinə qalsa, Türkiyə və Yunanıstan öz münasibətlərini quruda olmasa da, dənizdə hərbi güc vasitəsilə ayırd etməyə girişərdi.

Baş tutan rəsmi səfər və görüşlər isə tərəflərin dövlət adından qərar qəbul edən kəsiminin konstruktiv dialoqa ehtiyac duyduğunu, buna önəm verdiyini göstərir.

270-2-5480.jpg (64 KB)

Elə Ədoğanın Yunanıstan hökumətinin başçısı Kiriakos Mitsotakislə görüşündə də danışıqlar bənzər ritorika ilə davam edib. Ərdoğan Afinada keçiriləcək sammitin “Yunanıstan və Türkiyə arasında münasibətlərdə yeni dövrün başlanğıcı olacağı” fikrini ifadə edərək deyib: "İnanıram ki, stəkanın yarısı dolu halda danışıqlar aparmaq hər iki tərəfin gələcəyi üçün daha yaxşı olacaq".

Səfərdən sonra keçirilən mətbuat konfransında Türkiyə lideri tərəflərin “ən azı ildə bir dəfə görüşmək” barədə razılığa gəldiyini bildirib. Növbəti yüksək səviyyəli danışıqların Türkiyədə keçirilməsi təklif olunur. “Biz ikitərəfli münasibətlərimizə daha da böyük təkan vermək istəyirik. Bu gün danışıqlar zamanı biz vurğuladıq ki, aramızda kommunikasiya kanallarının açıq saxlanılması vacibdir”, - Türkiyə lideri qeyd edib.

İrəliyə doğru addımlar atılmasına, danışıqlar mühitinin optimallaşdırılmasına naxmayaraq, ölkələr arasında, xüsusilə də sərhəddəki adalara sahiblik probleminə fərqli yanaşmalar qalmaqdadır. Bundan əvvəl Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis xəbərdarlıq etmişdi ki, Afina öz suveren hüquqları ilə bağlı güzəştə getmək niyyətində deyil, lakin Ankara ilə fikir ayrılıqlarının diplomatik və hərbi böhranlara səbəb olmamasını təmin edir.

lozza.JPG (52 KB)

Sərhəd adaları məsələsində Türkiyə üçün çox əlverişsiz, hətta tarixi ədalətsizlik adlandırıla biləcək bir durum var. Elə adalar var ki, Türkiyə torpağından 10-15, Yunanıstan torpağından 1500 kilometr aralıdadır, amma bu adalar Yunanıstana məxsusdur. Özü də həmin torpaqlar əsrlər boyunca Türkiyəyə məxsus olub. Fəqət 108 il öncə Osmanlı səltənətinin zorla, öz iradəsinin əleyhinə olaraq cəlb olunduğu 1-ci dünya müharibəsində müttəfiq qüvvələr Osmanlı imperiyasını çökdürdülər, torpaqlarını pay-bölüş etdilər, hətta bir türk dövlətinin mövcudluğunu şübhə altına qoydular. Həmin vaxt Mustafa Kamal paşanın başçılığı ilə Anadolu türkləri istiqlal savaşına başlayaraq böyük qurbanlar bahasına yarımadanı işğalçılardan xilas edə bilsə də, yaxınlığındakı adaları azad etməyə fürsət tapmadı, 1923-cü ildə Lozanna müqaviləsi bağlamağa məcbur oldu.

Həmin müqavilədəki ədalətsizliyin şiddətinə baxın ki, Türkiyə faktiki olaraq Dardanel və Bosfor boğazlarındakı haqlarından da məhrum edilmişdi. Türkiyə dövləti bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış "Montrö" sazişi ilə geri ala bilib. Yoxsa İstanbulun bağrından keçən su yolunda başqa dövlətlərin gəmiləri hökmranlıq edəcəkdi. Bu halda Türkiyənin suverenliyindən necə danışmaq olardı? Egeydəki və Ağ dənizdəki adalarla bağlı ədalətsizlik isə hələ də davam edir.

5f199f21c9d7d.jpg (131 KB)

İki dövlət arasında problemlərdən biri də Aralıq dənizinin resurslarıdır. Türkiyə bu resurslardan istifadə hüququndan mərumdur. Ancaq son görüşdə Ərdoğan onların istifadəsi üçün əlverişli ortaq formatın tapılacağını etiraf edərək deyib: "Biz inanırıq ki, enerji bütün ölkələr və cəmiyyətlər arasında əməkdaşlıq və ümumi fayda elementidir və biz fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək istəyirik. Biz əməkdaşlığa üstünlük veririk və buna hazırıq. Bu səbəbdən mən iki dəfə Şərqi Aralıq dənizində imkanlara dair hərtərəfli konfrans təşkil etməyi təklif etmişəm. Təəssüf ki, Avropa İttifaqı bu təklifə susdu. Susmaq problemi həll etmir”.

Müşahidəçilər hesab edirlər ki, Yunanıstanla münasibətlərin yaxşılaşması Türkiyəyə Aİ və digər Qərb müttəfiqləri ilə gərgin əlaqələri bərpa etməyə kömək edəcək. Hələlik görünən odur ki, Avropa Türkiyə və Yunanınstanın münasibətlərinin gərgin olmasında maraqlıdır.

Avropa İttifaqı Türkiyə ilə münasibətlərin bərpası üçün Ankaranınn qeyri-qanuni miqrasiya ilə mübarizədə “qoca qitə”yə kömək etməsini tələb edir. Gələn ilin iyununa qədər bu məsələ Avropa bürokratiyası üçün siyasi prioritet olaraq qalacaq. Paradoksal olan odur ki, Türkiyə özü dünyanın ən çox qaçqın qəbul etdiyi ölkəsidir və ərazisində 4 milyona yaxın insan var. Bu halda əslində Avropa İttifaqı Türkiyəyə kömək etməlidir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR