Onlayn ictimai-siyasi qəzet
“DQR-nin buraxılması” haqqında fərman əhalinin Dağlıq Qarabağdan təhlükəsiz çıxarılmasının yeganə təminatı idi.
Musavat.com-un məlumatına görə, Qarabağdakı keçmiş xunta rejiminin başçısı Samvel Şahramanyan bunu Fransanın “Le Figaro” nəşrinə bildirib.
S.Şahramanyan bildirib ki, 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi bir günlük antiterror tədbirindən dərhal sonra “biz qüvvələrin qeyri-bərabər olduğunu anlayaraq, mülki əhalini döyüşlərdən uzaqlaşdırmaq üçün Azərbaycan tərəfi ilə əlaqə yaratdıq”.
“On iki saat davam edən danışıqlardan sonra biz döyüşlərə son qoya bildik. Elə ertəsi gün Artsax vətəndaşları həyatlarından qorxaraq Ermənistana təxliyə edilməsini istədilər. Beləliklə, biz danışıqların ikinci mərhələsinə başladıq. Bakı təklif etdi ki, Milli Assambleya bəyan etsin ki, “Artsax xalqı öz hüquqlarından, suverenliyindən və simvollarından imtina edir”, Şahramanyan Qarabağdakı qondarma “hakimiyyət institutları”nın ləğvi haqqında “fərman”ın necə imzalandığı barədə danışarkən deyib.
Separatçının iddiasına görə, bu sənədin etibarlı olması üçün “Qarabağ parlamenti” onu səsvermə yolu ilə təsdiq etməli idi.
“Sonra mən əks təkliflə çıxış etdim: Artsax prezidenti yanvarın 1-də buraxılmasını elan etməlidir. Bu, nisbətən təhlükəsiz evakuasiyanın qarantiyası idi. Mən mükəmməl başa düşdüm ki, bu sənəd qeyri-legitim və konstitusiyaya ziddir, çünki hüquqi strukturlar tərəfindən ratifikasiya edilməlidir. Artsax Respublikasının, lakin bu, soydaşlarımızı xilas etməyin yeganə yolu idi”, - deyə Şahramanyan bildirib.
O xatırladıb ki, Qarabağın keçmiş “liderləri”ndən səkkizi Bakıda əsirlikdədir, o cümlədən 2023-cü ilin sentyabr əməliyyatından sonra azadlığa buraxılmayan yeddi hərbçi. Şahramanyan sərsəmcəsinə Fransa hakimiyyətini “onların dərhal azad edilməsinə nail olmaq üçün Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırıb”.
Nəşrin yazdığına görə, Qarabağın sürgündə hökuməti varmı sualına Şaharmanyan müsbət cavab verib. “Bəli, sizi qəbul etdiyim binada Prezident Aparatı, qanunvericilik və hüquq-mühafizə orqanları yerləşir. Parlamentarilər səs vermək üçün buraya toplaşa bilərlər”, - deyən o, ötən ilin oktyabrında hökumət üzvlərinin arzu etdikdə öz vəzifələrində qala bilməsi ilə bağlı fərman imzaladığını xatırladıb.
Yada salaq ki, sentyabrın 28-də Qarabağdakı keçmiş xunta rejiminin qondarma rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək bütün dövlət qurumlarının ləğvi haqqında “fərman” imzalayıb. Ancaq himayədarlarının sifarişi əsasında o, yenidən baş qaldırmağa başlayıb.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ