İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahildə 131 ölü suiti tapıldı - Ekspert səbəbi AÇIQLADI

Xəzər dənizinin Qazaxıstan sahillərində 131 ölü suiti tapılıb.

Bu barədə ölkənin Ekologiya Nazirliyinin nümayəndəsi məlumat verib. Mütəxəssislər heyvanların ölüm səbəbini müəyyən etmək üçün onların yarılması, həmçinin ərazidən torpaq və su nümunələrinin analizini planlaşdırır.

Xatırladaq ki, zaman-zaman Abşeron yarımadası sahilində də tələf olmuş suitilərə rast gəlinir.

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Musavat.com-a bildirib ki, əvvəllər Novxanı, Şıx və digər çimərliklərdə suitilərə sıx rast gəlinirdi:

2020-08-05-13-44-5462.jpg (29 KB)

“Neft konsorsiumunun işlək hala gəlməsi ilə əlaqədar Xəzərdə seysmik işlər sürətlə artdığından bu canlılar da şelf zolağından uzaqlaşmağa başladılar. Bu sahə mütəxəssislərinin, əlaqəli fakültə və qurumların araşdırması əlimizdə olmadığından dəqiq cavab verməkdə çətinlik çəkirəm. İqlim dəyişikliyi ilə əlaqədar Xəzər suyunun səviyyəsinin enməsinin təsir etdiyinə inanmıram. Çünki xüsusilə son 10 ildə müşahidələrimiz nəticəsində təkcə suitilərin deyil, ümumiyyətlə, Xəzərin fauna və florasında ciddi dəyişikliyin olduğunu görürük. Hər halda mən suitilərin həyatındakı dəyişikliyin dənizdə neft-qaz yataqlarındakı işlərlə bağlı olduğunu düşünürəm. Qazaxıstan sularında baş verən bu üzücü olay ciddi araşdırılmalıdır. Zənnimcə, ölmüş heyvanların yarılması nəticəsində ölüm səbəbləri ortaya çıxa bilər. Nə qədər ki, bu nadir heyvan növünün və digər canlıların nəsli kəsilməyib, ciddi tədbirlər görülməlidir. Xüsusən bizim iştirakımızla Xəzərdə ciddi araşdırma və müşahidə işləri də aparılmalıdır”.

Ekspert Rusiya Federasiyasının Xəzərdən müxtəlif, xüsusilə hərbi məqsədlə istifadəsinə diqqət çəkib:

“Rusiya özünü Xəzər dənizinin sahibi kimi aparır. Xüsusilə “ərəb baharı”ndan sonra Suriyada baş verən vətəndaş qarşıdurmasında bu imperialist dövlətin Xəzərdəki bazalarından dəfələrlə Suriyanın dinc əhalisi raket atəşinə tutulub. Bu ilin fevral ayından isə Xəzərdən Ukraynanın şəhərlərinə saysız raket atılıb. Bunlar da Xəzərdə canlı aləmin məhvinə səbəb ola bilər. Xəzərsahili dövlətlər isə hələlik Rusiyaya ciddi etiraz edə bilmirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşəbbüs göstərərək Xəzərdə tədqiqat aparmalıdır”.

Qeyd edək ki, Xəzər suitisi bu dənizdə yeganə suiti növüdür. Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında heyvanları nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR