İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahid "əlində balta vardı" dedi, Ağadadaş Ağayev özündən çıxdı - Əlimizdə videogörüntülər var!  

 

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Musavat.com xəbər verir ki, ötən prosesdən öncə Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilov və “MedEra” Hospitalının işçisi Nəzakət Paşayeva ilə barışıq sazişi imzalayıb. Barışıq sazişi notarial qaydada təsdiqlənib və məhkəməyə təqdim olunub. Bununla belə proses davam etdirilir.

Yanvarın 23-də keçirilən prosesdə şahidlərin dirindirilməsi davam etdirilib. Şahid Xuraman Abbasova deyib ki, “MedEra” hospitalda xadimə işləyir.

Şahid sərbəst ifadəsində deyib ki, həmin gün işdə olub. Səhər saatlarında  Ağadadaş Ağayevin nalayiq ifadələr işlətməklə hospitala yaxınlaşdığını görüb:

“Əlində balta vardı. Həmin baltanı atmağının da şahidi oldum. Ağadadaş müəllim bayırdan baltanı atdı, Nəzakət xanıma dəydi. Həmin vaxt Nəzakət xanım biraz içəridə dayanmışdı”.

Şahidin ifadəsi Ağadadaş Ağayevi özündən çıxarıb. O,  hiddətini gizlətmədən şahidə suallar verib. 

“Siz deyirsiz ki, balta birbaşa Nəzakət xanıma dəyib, amma yalan danışırsız! Əlimizdə videogörüntülər var, oradan məlumdur ki, balta birbaşa Nəzakət xanıma dəyməyib. Hüquq-mühafizə orqanları sizin ifadənizi araşdıracaq. Yalan danışdığınıza görə məsuliyyət daşıyırsız” – deyə Xalq artisti vurğulayıb.

Şahid gördüyünü danışdığını deyib.

Ağadadaş Ağayevin vəkili Asim Abbasov şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyət olduğunu bildirib.

Növbəti şahid “Medera” hospitalın xəzinədarı Güldəstə Aşurlu oldu. Şahidin sözlərinə görə, həmin gün işə gələrkən Ağadadaş Ağayevin balta ilə arxasıyca gəldiyinin şahidi olub:

“İçəri daxil olanda bir nəfərin nalayiq ifadələr işlədə-işlədə Nurəddinə yaxınlaşdığını gördüm, Ağadadaş Ağayev olduğunu bilmirdim. Onlar həm qarşılıqlı dava edir, həm də söyüş söyürdülər. Ağadadaş Ağayev baltanı atanda Nəzakət xanıma dəydi. Sonra Nurəddinin üzünün qanlı olduğunun və təcili yardıma yaxınlaşdığının şahidi oldum. Həmin vaxt panika içində idik, özümüzü müdafiə etmək üçün hadisə yerindən kənar dururduq. Ona görə də, hadisə tam yadımda qalmayıb”.

Təqsirləndirilən Ağadadaş Ağayevin vəkili Asim Abbasov bu şahidin də ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətli məqamların olduğunu deyib.

Şahid Güldəstə Aşurlu bunu hadisədən keçən müddətlə əlaqəndirib. O deyib ki, bir neçə ay keçdiyi üçün təfərrüatları tam yadında qalmayıb.

Hakim iş üzrə olan şahidlərin dindirildiyini, bununla da Xalq artistinin cinayət işi üzrə şahid ifadələrin dindirilməsi mərhələsinin yekunlaşdığını elan edib.

Bildirib ki, növbəti prosesdə cinayət işi üzrə sənədlər tədqiq olunacaq. Ağadadaş Ağayev barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclaslarda yekunlaşacağı da gözlənilir.

Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir.

Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib.

Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti bir müddət sonra reaksiya verib və məlum barışıq sazişi imzalanıb.

İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.

Nurəddin Cəlilov məhkəmədə deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb Xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:

“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermədim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı.

Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı. Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb: “Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”

Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Məhkəmənin növbəti iclası yanvarın 30-da keçiriləcək. 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR