İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarovadan Fransa Senatına CAVAB

“Biz Fransanın icra və qanunvericilik orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamaları, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını yaxşı xatırlayırıq”.

Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova bu fikirləri Millli Məclisdəki çıxışında söyləyib.

Sədrin sözlərinə görə, son iki ildə Fransa parlamenti bir neçə dəfə bizim ölkəmiz barəsində ədalətsiz mövqeyini nümayiş etdirib: “Fransa Senatının dünən qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkin niyyətli siyasi aksiyadır. Hər sətirindən xalqımıza və dövlətimizə nifrət yağan bu qətnamə Ermənistan Respublikasının ölkəmizə qarşı ərazi iddialarına və qəsbkarlıq siyasətinə haqq qazandırmaq niyyəti güdən bir akt kimi qiymətləndirilməlidir. Heç bir hüquqi, siyasi və mənəvi haqqı olmadan Fransa Senatının qəbul etdiyi qətnamə bunu da göstərir ki, erməni şovinistlərinin qanunsuz maraqlarını təmin etmək üçün Fransa qanunvericiləri hətta öz dövlətlərinin milli maraqlarını qurban verməyə, Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərə xələl gətirməyə, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa zərbə vurmağa da hazırdırlar”.

Sahibə Qafarova bildirib ki, erməni şovinizminin Cənubi Qafqazda geosiyasi iddialarının hansı ağır nəticələrə gətirib çıxardığı hamıya məlumdur: “Odur ki, biz Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrə və proseslərə qanunsuz müdaxilə etmək, xalqların taleyi ilə oynamaq, Ermənistanı təcavüz qurbanı kimi qələmə vermək, tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq cəhdlərindən əl çəkməyə çağırırıq. Şübhə yoxdur ki, yalançı erməni təbliğatının təsiri altında və siyasi dividendlər əldə etmək niyyəti ilə Fransa Senatının qəbul etdiyi qətnamənin mənfi nəticələri üçün məsuliyyət bütünlüklə Fransa tərəfinin üzərinə düşəcək”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR