İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarovadan bayram təbrikləri

Spiker Sahibə Qafarova Milli Məclisin iclasının yekununda bayram təbriklərini çatdırıb.

Musavat.com-un xəbərinə görə, S.Qafarova bildirib ki, bu gün Yel çərşənbəsidir: “Bu əziz gündə mən sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə və ailələrinizə möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram. Bizimlə birlikdə burada olan media nümayəndələrini də təbrik edirəm”.

Spiker daha sonra xanımlara bayram təbriklərini çatdırıb: “Hörmətli həmkarlar, bildiyiniz kimi, sabah biz Qadınlar Gününü qeyd edəcəyik. Azərbaycanda tarixin bütün dövrlərində qadınlar böyük hörmət və qayğı ilə əhatə olunublar. Yaxşı bilirik ki, ana həmişə müqəddəs varlıq sayılıb. Azərbaycan qadınının boya-başa çatdırdığı qəhrəman övladlar 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadıblar”.

Sahibə Qafarova Milli Məclis adından Birinci vitse-prezidentə təbrik məktubunun göndəriləcəyini söyləyib: “Hörmətli həmkarlar, icazə verin, 8 Mart – Qadınlar Günü münasibəti ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu ünvanlayaq, ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayaq”.

Deputatlar alqışları ilə təşəbbüsü dəstəkləyiblər. 

Yekunda spiker bildirib:

“Hörmətli həmkarlar, mən bayram münasibəti ilə Milli Məclisin qadın deputatlarını və əməkdaşlarını, buradan iclasımızı işıqlandıran jurnalist xanımları, bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edirəm. Onlara möhkəm can sağlığı, firavanlıq və ailə səadəti arzulayıram”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR