İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sahibə Qafarova ilə Alen Simonyanın Cenevrədə görüşü ona gətirib çıxaracaq ki... "- ŞƏRH

 

"Azərbaycan və Ermənistanın parlament sədrləri Sahibə Qafarova ilə Alen Simonyanın Cenevrədə görüşməsi son aylarda iki ölkə arasındakı danışıqlarda artan müsbət dinamikanın tərkib hissəsidir. Bu görüşün ideya müəllifləri doğru qərar veriblər".

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib. Siyasi şərhçi qeyd edib ki, iki ölkənin lideri, xarici işlər nazirləri, baş nazirlərin müavinləri görüşüb müxtəlif mövzuları müzakirə edirlərsə, parlament sədrlərinin də sülh danışıqlarına qoşulması əhəmiyyətlidir:

"Çünki sülh və ya çərçivə sazişi imzalanaqca həmin sənəd parlamentlərdə müzakirə olunub, ratifikasiya ediləcək. Baş nazir Nikol Paşinyan və onun komandası rəsmi Bakı ilə ilkin razılığa gəlməyi sürətləndirmək istəyirsə bu, Azərbaycan üçün də faydalıdır".

Elxan Şahinoğlu həmçinin bildirib ki, Türkiyənin Ermənistanla münasibətlər üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın İrəvana səfəri xəbərinin təsdiq olunması da ümumi işin xeyrinədir:

"Sərdar Kılıç İrəvanda görüş təklifini Antalya Diplomatiya Forumunda Türkiyə ilə danışıqlarda Ermənistanı təmsil edən Ruben Rubinyana bildirmişdi. Ruben Rubenyan cavab üçün vaxt istəmişdi. Nikol Paşinyan görüşün İrəvanda keçirilməsinə müsbət yanaşıb. 

Beləliklə, İrəvan həm Bakı, həm də Ankara ilə danışıqları intensivləşdirib. Bu, doğru qərardır. Başqa dövlətlərin əmrlərini yerinə yetirmək əvəzinə məsələləri yerində müzakirə edib, həll etməyə çalışmaq İrəvan üçün ən münasib yoldur. Azərbaycan və Türkiyə Cənubi Qafqazda sülhün və regional əməkdaşlığın başlanmasını səbirsizliklə gözləyən iki ölkədir. Ankara Ermənistan siyasətini Bakı ilə koordinasiya edir. Böyük ehtimalla Bakı da Ermənistan siyasətini və görüşlərin mahiyyətini müttəfiqi Ankara ilə koordinasiya edir. Bu mənada Bakı-Ankara ittifaqının anti-Azərbaycan, anti-türk mərkəzlərin Cənubi Qafqazla bağlı planlarını pozması əhəmiyyətlidir. Əsas hədəflərdən biri sülh və ya çərçivə sazişi vasitəsilə Ermənistanı Azərbaycan və Türkiyənin maraqlarına zidd siyasətdən uzaqlaşdırmaqdır. Ankara və Bakı bölgəni qarışdırmaq istəyən güclərdən bir addım öndə olmalı və İrəvanı danışıqlar prosesinin içində tutmalıdır".

Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir. Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Alen Simonyan və Sahibə Qafarova bu gün Cenevrədə görüşəcək.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR