İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri rekord həcmdə olacaq"

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 16 noyabr 2022-ci il tarixli iclasında çıxış edib. Musavat.com-un məlumatına görə, spiker bildirib ki, dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl və dinamik inkişafını müəyyənləşdirən ən mühüm amillərdən biridir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası başa çatmaqda olan 2022-ci ildə dövlətimizin qarşısında dayanan bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin etmişdir".

Sahibə Qafarova deyib: "Məmnunluqla qeyd etmək olar ki, gələn ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə – müvafiq olaraq, 30,7 milyard manat və 33,3 milyard manat məbləğində proqnozlaşdırılır. Onu da deyim ki, dövlət büdcəsinin prioritetləri) sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və böyük qayıdışın həyata keçirilməsi, ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı olacaq. Əminliklə demək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti gələn il büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq”.

S.Qafarova deyib ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər, bildiyiniz kimi, parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib: “Qeyd etmək lazımdır ki, yaranmış ənənəyə uyğun olaraq parlamentdə təmsil edilən siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunmuş və iclasda iştirak edənlərin hər birinə öz fikirlərini ifadə etməsi üçün şərait yaradılıb. Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib. Mən hesab edirəm ki, bu gün aparacağımız müzakirələr səmərəli olacaq və burada biz deputatların dəyərli təkliflərini dinləyəcəyik. Bununla əlaqədar mən millət vəkillərini müzakirələrdə fəal iştiraka dəvət edirəm”.
Büdcə müzakirələri fasilədən sonra davam etdiriləcək.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR