İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “Əminəm ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan əbədi yaşayacaq”

Milli Məclisin sədri Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasdakı çıxışı zamanı mərhum Prezidentin Azərbaycan dövlətçiliyinin tarixindəki rolundan bəhs edib.

Spiker bildirib ki, Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu: “Bütün sahələrdə quruculuq işləri geniş vüsət aldı. Gələcək müstəqil Azərbaycanın zəngin iqtisadi potensialı yaradıldı. Ulu Öndər hakimiyyətə gəldikdən sonra ölkədə çoxpartiyalılıq yarandı. Azərbaycanın əldə etdiyi bir çox uğur Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev olmasaydı, bu gün müstəqil Azərbaycan dövlətindən danışmaq çətin olardı”.

S.Qafarova əlavə etdi ki, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir: “Sabitliyin, təhlükəsizliyin təmin edilməsi neft strategiyasının həyata keçirilməsinə imkan verdi, ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyuldu. Neft ehtiyatlarından səmərəli istifadə üçün Neft Fondu yaradıldı, iqtisadi islahatlar, özəlləşdirmə həyata keçirildi. Elmi əsaslar üzərində qurulan xarici siyasət konsepsiyasının həyata keçirilməsinə başlandı”.

Parlament rəhbəri bildirdi ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edilib, mədəniyyətin inkişafı üçün müvafiq addımlar atılıb. “Milli həmrəyliyə nail olmaq üçün işlər görüldü, diaspor təşkilatlarının formalaşması dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Tale Heydər Əliyevi xüsusi missiya üçün seçmişdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə Vətənə, xalqa sevgisi vəhdət təşkil edirdi. Prezident İlham Əliyev demişdir ki, xalq taleyini Heydər Əliyevə etibar etdi və yanılmadı. Məhz Heydər Əliyevin əsasını qoyduğu yolu Prezident İlham Əliyev uğurla davam etdirir. Əldə olunan uğurlar dünyanın diqqətini ölkəmizə cəlb edib, 30 illik işğala son qoyulub, ərazi bütövlüyümüz təmin olunub. Əminəm ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan əbədi yaşayacaq” - S.Qafarova çıxışını bu fikirlərlə yekunlaşdırdı.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR