Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 18 oktyabr tarixli plenar iclasında Müstəqilliyin Bərpası Günü ilə bağlı çıxış edib.
Musavat.com həmin çıxışı təqdim edir:
Hörmətli həmkarlar!
Bizim iclasımız Azərbaycan tarixində taleyüklü rol oynamış bir hadisənin ildönümünə təsadüf edir. 33 il öncə bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması xalqımızın dövlətçilik potensialının yenidən təzahür etməsi və müstəqillik arzusunun gerçəkləşməsi idi.
Bildiyiniz kimi, son yüz ildən artıq dövrdə Azərbaycan xalqına siyasi müstəqillik imkanı iki dəfə nəsib olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması milli inkişaf tariximizin son dərəcə önəmli hadisəsidir. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi inkişafında yeni mərhələ açmışdı. Təəssüf ki, xalqımızın əsrin əvvəllərində qurduğu dövləti cəmi 23 ay yaşaya bilmişdir. 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən dövlətimiz üçün də əslində eyni tale yazılmışdı. Hamımız yaxşı xatırlayırıq, hörmətli həmkarlar, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır problemlər qarşısında qalaraq dərin siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə düşmüşdü”.
S.Qafarova ardınca bildirib ki, dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi: “Ölkə həyatının bütün sahələrini bürüyən hərc-mərclik və özbaşınalıq real vətəndaş müharibəsi təhlükəsi törətmişdi. Belə bir şəraitdə Ermənistan silahlı qüvvələri torpaqlarımızın işğalını gündən-günə genişləndirir, bu isə destruktiv prosesləri daha da sürətləndirirdi. Dövlətin varlığı, xalqın müqəddəratı sual altında idi. Biz bunu hamımız yaxşı xatırlayırıq, hörmətli həmkarlar! 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan dünya miqyaslı siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyev misilsiz idarəçilik məharəti və siyasi uzaqgörənliyi, əzmkarlığı və yorulmaz səyləri nəticəsində Azərbaycanı gözləyən fəlakətlərin qarşısını almağı, dövlətin qarşısında dayanan ağır problemləri həll etməyi bacardı. Ümummilli Lider dünyanın böyük güclərinin iradəsinə qarşı çıxaraq, Azərbaycan üçün hazırlanmış planları alt-üst etdi, xalqımızı və dövlətimizi sabitlik və inkişaf dövrünə çatdırdı”.
Parlament sədri deyib ki, bugünkü müasir Azərbaycan Respublikası Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının ən parlaq ifadəsidir: “Hörmətli həmkarlar! Mən bu fikri xüsusilə vurğulamaq istəyirəm ki, Ulu Öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlanmışdır. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun parlamentdə gördüyü işlər, gördüyü tədbirlər parlamentarizm və dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir.
Hörmətli həmkarlar!
Ümummilli Liderin inkişaf strategiyasını yeni çağırışlar şəraitində davam etdirən möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasəti Azərbaycanı zirvələrə yüksəltmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli tarixi torpaqlarımızın Ermənistanın 30 illik işğalından qurtarılması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması nəinki ölkəmiz, həm də bütün dünya üçün tarixi əhəmiyyətli bir hadisə olmuşdur. Azərbaycan Cənubi Qafqaz bölgəsinin liderinə, qlobal geosiyasətdə isə söz sahibi olan bir dövlətə çevrilmişdir.
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, dövlət başçısının fərmanına əsasən dünən Füzuli şəhəri günü qeyd edildi. İki gündən sonra Zəngilan şəhəri günü qeyd olunacaq. Bu hadisələr möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələrə nail olmuş Azərbaycan Respublikasının güc və qüdrətinin rəmzləridir. Və əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezidentin liderliyi və xalqımızın birlik və həmrəyliyi dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək”.
S.Qafarova yekunda təklifini səsləndirib: “Hörmətli həmkarlar, mən təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq”.
Sədrin bu təklifi alqışlarla qarşılanıb. Spikerin reaksiyası: “Çox sağ olun. Hesab edirəm ki, bu alqışlar bizim təbrik məktublarını təsdiqləyən alqışlardır. Və hörmətli həmkarlar, bayram münasibəti ilə mən sizin hər birinizi səmimi qəlbdən təbrik edirəm!”
Hazırladı: E.Paşasoy,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ