İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “Bu, Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir”  

 

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında çıxış edən parlament sədri Sahibə Qafarova ənənəvi qaydada son tədbirlərlə bağlı həmkarlarını məlumatlandırıb.

Musavat.com-un məlumatına görə, spiker deyib ki, iyunun 5-də və 6-da Milli Məclis böyük beynəlxalq tədbirlərə evsahibliyi edib: “Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının 13-cü Şura və plenar iclasları keçirilmişdir. Bundan başqa, Assambleyanın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun iclasları, parlament Baş katiblərinin birinci görüşü də baş tutub. Bütün bu tədbirlər göstərdi ki, digər  inteqrasiya qurumları kimi, Türk Dövlətlərinin Parlament Assambleyası da ildən-ilə inkişaf edərək eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqların və dövlətlərin ümumi məqsədlər ətrafında sıx birləşməsində mühüm rol oynayır. Dünən Assambleyanın plenar iclasında etdiyim çıxışda mən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” kəlamını xatırlatdım. Bildirdim ki, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir”.

Sədr deyib ki, ilasda “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb: “Müasir dövrün aktual problemi olan iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərimizin ata biləcəyi addımlar nəzərdən keçirildi. Noyabr ayında Bakıda keçiriləcək COP29 Konfransı ilə bağlı fikir mübadiləsi aparıldı.

İclasın yekununda Bakı Bəyannaməsi qəbul edildi.

Onu da deyim ki, Türk Dövlətləri Parlament Assambleyasının 13-cü plenar iclasında Assambleyaya sədrlik Türkiyə Respublikasından Azərbaycan Respublikasına təhvil verildi. Beləliklə, hazırda Milli Məclis üç beynəlxalq parlament qurumuna sədrlik edir. TÜRKPA ilə yanaşı Milli Məclis Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində və Asiya Parlament Assambleyasında da sədrlik edir”.

S.Qafarovanın sözlərinə görə, Türk Dövlətləri Parlament Assambleyasının Bakıda keçirilən bütün tədbirləri həm məzmun, həm də forma baxımından yüksək səviyyəsi ilə seçilirdi: “Bununla əlaqədar mən tədbirlərin təşkilində əməyi keçən millət vəkillərinə, Milli Məclis Aparatının və  İşlər İdarəsinin bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR