Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Gürcüstan arasında mövcud olan bugünkü münasibətlər region ölkələri arasında sıx əməkdaşlığın nə dərəcədə əhəmiyyətli və faydalı olmasının bariz nümunəsidir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Heydər Əliyev Mərkəzində Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə deyib.
Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu deyən spikerin sözlərinə görə, əsrlər boyu xalqlarımız bir yerdə olmuş, həmişə dostluq və mehriban qonşuluq şəraitində yaşamış və daim bir-birini dəstəkləmişdir. Bugünkü əlaqələrimiz də məhz bu möhkəm təmələ, xalqlarımızın iradəsinə əsaslanır.
S.Qafarova diqqətə çatdırıb ki, ölkə liderlərinin qarşılıqlı səfərləri, müntəzəm görüşləri onların bu əlaqələrə nə dərəcədə böyük əhəmiyyət verdiyinin bariz ifadəsidir. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq münasibətlərimizin bütün sahələrdə daha da möhkəmlənməsinə və dərinləşməsinə güclü təkan verir.
Çıxışında bu gün ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığın çoxsaylı istiqamətlər üzrə – iqtisadiyyat, enerji, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini söyləyən Milli Məclisin sədri qeyd edib ki, elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın hərtərəfli fəaliyyəti səmərəli işbirliyimizin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Ölkələrimizin birgə həyata keçirdiyi mühüm layihələr xalqlarımızın firavan gələcəyini təmin edir. Bu layihələr yalnız Cənubi Qafqazın sabitliyinə və inkişafına töhfə vermir, həm də bütöv Avrasiya regionu üçün böyük əhəmiyyət daşıyır.
Ölkələrimiz arasında humanitar əməkdaşlıq məsələlərinə də toxunan spiker S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar humanitar əlaqələrimizin inkişafında mühüm rol oynayırlar. Milli Məclisin sədri xüsusilə vurğulayıb ki, təhsil, elm, mədəniyyət sahəsində görülən işlər, xüsusən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xalqlarımızın bir-birini daha da yaxından tanımasına imkan yaradır.
Çıxışında ölkələrimiz arasında beynəlxalq platformalarda əməkdaşlıq məsələlərinə də toxunan S.Qafarova deyib ki, Azərbaycanla Gürcüstan arasında mövcud olan güclü tərəfdaşlıq, əlaqələrimizin əsas səciyyəvi xüsusiyyətləri olan qarşılıqlı inam və etimad beynəlxalq miqyasda fəaliyyətimizdə də öz əksini tapır. Bütün beynəlxalq təşkilatlarda Azərbaycan və Gürcüstan daim həmrəylik nümayiş etdirir. Xüsusən, ölkələrimizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı məsələlərində hər zaman qarşılıqlı dəstək mövcuddur. Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır.
O vurğulayıb ki, möhkəm təməllər üzərində qurulan dostluğumuz və tərəfdaşlığımız qarşıdakı illərdə daha da sürətlə inkişaf edəcək, xalqlarımızın tərəqqisinə xidmət edəcəkdir.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ