İnsanlara hürriyət, millətlərə istiqlal!

Şadlıq saraylarının menyu qiymətləri bundan sonra da artacaq, çünki...-Ekspertdən açıqlama

 

2024-cü ilin may ayında Bakıda şadlıq saraylarında sifarişlərin sayı 7.1 faiz artıb. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məlumat yayıb. Məlumatda qeyd olunur ki, tələbin artması qiymətlərə də təsir göstərib. Belə ki, şadlıq saraylarında may ayında qiymətlər 5.3 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb - 7.3 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 4.5 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.1 faiz artım qeydə alınıb.

Bəs şadlıq saraylarının menyu qiymətləri bundan sonra da artacaqmı? Qiymətlərin enməsi nə qədər mümkündür?

Bəzi mütəxəssislər Türkiyədəki toy məclislərində olduğu kimi ölkəmizdə də el şənliklərində yeməklərdən imtina olunmasını, hətta çadır toylarına qayıdışı təklif edir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Musavat.com-a danışıb. Ekspert qeyd edib Azərbaycanda toy ənənələrinin dəyişməsi çox çətin görünür:

“Ona görə ki, bu sahə böyük biznes sferasına çevrilib, burada birbaşa və dolayısı ilə 10 minlərlə insan çalışır. Bu ənənələrdən imtina etmək üçün gərək vətəndaşlara örnəklər göstərilsin, yəni davranış qaydaları da dəyişdirilsin. Cəmiyyətdə nüfuzu olan, imkanlı, tanınmış vəzifəli şəxslər toylarını daha sadə və başqa formatda keçirsinlər ki, örnək olsunlar.

Türkiyədə hazırda  mövcud olan toy ənənəsi öz-özünə yaranmayıb. Orada da cəmiyyətdə nüfuzu olan, varlı, tanınmış insanlar örnək olaraq toy münasibətlərini dəyişdilər və tədricən cəmiyyət yeni toy formatına keçməyə başladı.

Azərbaycanda isə əksinə, varlı, tanınmış vəzifəli şəxslər öz övladlarına təmtəraqlı, yaddaqalan toy etməyə çalışır, hər dəfə digərindən daha gözəl, nəzərə çarpacaq toy təşkil etməyə çalışır ki, bu da bütün insanlara, cəmiyyətə sirayət edir.

Qiymət artımına gəldikdə isə, menyuların qiymətini tənzimləyən hər hansı qayda yoxdur. Yəni bu elə bir sahədir ki, hansısa formada tənzimlənmir, yalnız tələb və təklif qaydalarına uyğun tənzimlənir. Yəni əgər tələbat varsa, toy sifarişlərinin sayı çoxdursa, ölkədəki son ərzaq qiymətlərinin artımını da nəzərə alsaq, deyə bilərik ki, menyu qiymətlərinin artımı qaçılmaz idi.

Lakin qeyd edim ki, əvvəlki aylarla müqayisədə indi qiymət artımı daha az templə gedir. Amma hər halda qiymət artır və artacaq da. Nə qədər ki, ölkəmizdə toya bu cür münasibət var, bəhsə-bəs, “qonşudan qalma” prinsipi var, toylarımız format olaraq dəyişməyəcək, qiymətlərdə isə artım olacaq”.

Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 100,6 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 faiz, qeyri-qida malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,4 faiz təşkil edib.

 

Xalidə Gəray

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR