İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sadə profilaktika tədbirlərinə əməl edərək, osteoxondroz xəstəliyinin yaranmasının qarşısını almaq olar”

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Fidan Piriyevanın müsahibəsini təqdim edirik:

- Fidan xanım, ilk öncə bilmək istərdik ki, osteoxondroz nədir və xəstəliyin əsas əlamətlərinə nələr daxildir?

- Osteoxondroz onurğa sütununda baş verən xroniki degenerativ xəstəlikdir. Bu xəstəlikdə həm fəqərələr, həm də fəqərəarası disklər zədələnir. Əsasən 30-35 yaşlardan etibarən yaranmağa başlayır.
Osteoxondrozun əlamətləri xəstəliyin ağırlıq dərəcəsinə və onurğanın hansı şöbəsində olmasına görə fərqlənir. Duzlaşma onurğanın boyun şöbəsində olarsa, bu zaman baş, boyun, yuxarı ətraflarda ağrılar, keyləşmə, baş gicəllənməsi, qulaqlarda səs kimi əlamətlər baş verir.
Duzlaşma onurğanın döş şöbəsində olarsa, bu zaman qabırğaarası əzələ ağrıları, təngnəfəslik, hətta daxili orqanlarda funksiya pozulmaları kimi əlamətlər olur. Duzlaşma bel şöbəsində olduqda beldə, aşağı ətraflarda ağrılar, keyləşmə, hərəkət zamanı ağrıların artması və s. əlamətlərlə özünü göstərir.

- Ən çox kimlər risk qrupuna daxildir?

- Osteoxondroz ən çox oturaq həyat tərzi keçirən, çox ağır yük qaldıran, tez-tez onurğanın travmalarına məruz qalan, fiziki aktivliklə məşğul olmayan və ağır çəkili insanlarda daha çox rast gəlinir.

- Osteoxondrozdan tam sağalmaq mümkündürmü?

- Təəssüf kir, bu xəstəlikdən tam sağalmaq mümkün deyil. Sadə profilaktika tədbirlərinə əməl edərək, osteoxondroz xəstəliyinin yaranmasının qarşısını almaq olar. Əgər xəstəlik artıq yaranıbsa, bizim vəzifəmiz xəstəni narahat edən simptomları aradan qaldırmaq və onun inkişafının qarşısını almaqdır.

- Doktor, osteoxondroz vaxtında müalicə olunmazsa, nə kimi fəsadlar meydana çıxa bilər?

- Osteoxondrozun vaxtında müalicəsi aparılmazsa, bu artıq bir sıra fəsadlara yol aça bilər. Bu zaman artıq fəqərəarası disklərin protruziya (qabarma) və ekstruziya (yırtıq) əmələ gələ bilər.
Bu xəstəliyin yaranmasının qarşısını almaq üçün bir çox qaydalara əməl etmək lazımdır. Belə ki, mütəmadi fiziki aktivlik, bədən çəkisini normada saxlamaq, balanslaşdırılmış qida qəbulu, yəni qida rasionunda zülal, karbohidrat, mineral qəbulu düzgün nisbətdə olmalıdır. Eyni zamanda, onurğanı travmalardan qaçırmaq, oturaq həyat tərzindən uzaq olmaq, narahat ayaqqabılardan istifadə etməmək, ortopedik döşək və balışlardan istifadə etmək və s. kimi bir çox profilaktik amilləri sadalamaq olar.

- Osteoxondrozun fizioterapevtik müalicə prinsipi nəyə əsaslanır?

- Ümumiyyətlə, fəqərələr və fəqərəarası disklər oksigeni və qida maddələrini onurğa ətrafı əzələlərdən alırlar. Buna əsaslanaraq, əsas müalicə prinsipi onurğa ətrafı əzələlərin qidalanması və qan təchizatını yaxşılaşdırmaqdan ibarətdir.
Fizioterapevtik amillərin üstünlüyü isə ondan ibarətdir ki, bu zaman birbaşa lazım olan nahiyəyə təsir göstərilir.

- Xəstə müalicə zamanı nələrə əməl etməlidir?

- Ağır qaldırmamalı, yuxu və qidalanma rejiminə diqqət yetirilməlidir. Bu zaman qazlı içkilər, kəskin duzlu, istiotlu qidalardan çəkinmək, xəmir xörəklərini azaltmaq lazımdır. Bu həm də xəstənin çəkisini normaya salmaq üçün mühüm əhəmiyyət kəsb edir.

- Hamiləlik dövründə osteoxondroz nə qədər təhlükəli hesab olunur?

- Xəstədə osteoxondroz olduqda, bu, hamiləlik zamanı daha da inkişaf edə bilər. Çünki hamiləlik dövründə onurğaya düşən yük daha da artır. Bu zaman hamilələrdə onurğa ağrıları, ayaq üstə durmaqda çətinlik kimi narahatlıqlar əmələ gəlir. Hamilələrə xüsusi korsetlərdən istifadə tövsiyə edilir. Bu korsetlər onurğaya düşən yükü az da olsa azaldır.

- Osteoxondroz xəstənin həyat fəaliyyətinə necə təsir edir?

- Osteoxondrozlu xəstələr əslində kəskinləşmə olmadığı müddətcə sağlam insanlar kimi həyat fəaliyyətinə davam edirlər. Amma kəskinləşmə dövrü xəstənin aktiv həyat tərzinə təsiri var. Ağrılar həm fiziki, həm də psixoloji təsir göstərir. Eyni zamanda, xəstənin gündəlik fəaliyyətinə mənfi təsir göstərə bilən hərəkət məhdudiyyəti yaranır.

- Osteoxondrozun müalicəsində fizioterapevtik amillərin rolu barədə məlumat verərdiniz...

- Fizioterapevtik müalicə dərman müalicəsi ilə yanaşı aparılmalıdır. Bu zaman elektrik və maqnit sahələrindən, istilik prosedurlarından, mexaniki təsirlərdən və s. kimi fizioterapevtik amillərdən istifadə olunur. Eyni zamanda, massaj, iynə batırma, müalicəvi bədən tərbiyəsi də effektiv müalicə metodlardandır.
Xəstəliyin müalicəsi 1-3 aya kimi ola bilər. Bundan əlavə, müalicə bitdikdən sonra yenidən kəskinləşmənin və xəstəliyin inkişafının qarşısını almaq üçün xəstə gündəlik həyatında həkimin tövsiyələrinə əməl etməli və il ərzində müəyyən aralıqlarla yenidən müalicə kursunu təkrarlamalıdır.

- Müalicəvi-kurort amillərinin osteoxondroza təsiri varmı?

- Kurort amilləri osteoxondrozun müalicəsində mühüm yer tutur. Balneoloji kurortlarda osteoxondrozun müalicəsi üçün təbii mineral sulardan istifadə olunur.
İqlim kurortlarından dəniz suyu, günəş vannaları, qum və s. kimi təbii amillər də müalicədə mühüm əhəmiyyət kəsb edir. Naftalan nefti də osteoxondrozun müalicəsində unikal müalicə metodlarından biridir.

- Osteoxondroz xəstəliyində hansı kompleks müalicə üsülu tətbiq olunur?

- Osteoxondrozun müalicəsində fizioterapiyanın də rolu mühümdür. Bunlardan, elektrik, maqnit sahələri ilə təsir, interferent cərəyan növləri, səs dalğaları ilə təsir, müxtəlif vannalar, istilik müalicələri - naftalan, parafin, palçıq yaxmaları və s. qeyd etmək olar.
İdmana gəldikdə isə, oynağa düşən yükün əsas hissəsini əzələ öz üzərinə götürdüyündən, əzələ gücünün bərpası vacibdir. Eyni zamanda, yoga, pilates, fitnes, üzgüçülük də osteoxondrozun müalicəsinə yaxşı nəticə verir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR