Onlayn ictimai-siyasi qəzet
“Ayrılmaq istədiyimi dedim, müzakirələr oldu, halallaşaraq istefa verdim”.
Bunu “Report”a açıqlamasında “Şamaxı”nın sabiq baş məşqçisi Vüqar Əsgərli klubdan ayrılması ilə bağlı danışarkən deyib.
39 yaşlı mütəxəssis I Liqa təmsilçisinin rəhbərliyi ilə münasibətlərinin qaydasında olduğunu bildirib: “Rəhbərliklə aramızda hansısa soyuqluqdan söhbət gedə bilməz. Münasibətimiz həmişə yaxşı olub. İndi də heç bir inciklik yoxdur”.
V.Əsgərli mövsümə uğurlu başlanğıc etmələrinə baxmayaraq, bunun davamını gətirə bilmədiklərini etiraf edib: “Düzdür, mövsümə yaxşı başladıq. Lakin sonra gözləmədiyimiz nəticələr oldu. Uduzduğumuz görüşlərə baxanda görürük ki, oyun baxımından açıq-aşkar üstün olmuşuq. Bəzən bəxtimiz gətirmədi, bəzən isə alınmadı”.
O, yay fasiləsində komandada qaldığı üçün peşman olmadığını söyləyib: “Məncə, yayda qalmağım düzgün qərar idi. Üstəlik, klubla müqaviləm var idi. Həmin vaxt qaldığım üçün indi də peşman deyiləm. Mənim üçün böyük təcrübə oldu”.
Qeyd edək ki, “Şamaxı” 9 turdan sonra 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komandanın baş məşqçi postuna Ramiz Məmmədov təyin olunub.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ