İnsanlara hürriyət, millətlərə istiqlal!

Saatlıda gecəyarısı qətl: "Xalam dedi, həyatını məhv etdin..." – ŞOK

Saatlı rayonunda 2005-ci il təvəllüdlü Kamran xalasının əri, 1978-ci il təvəllüdlü Ələsgəri (adlar şərti verilib – red.) qətlə yetirib.

Kamran xalası Gülnarənin qeyri-rəsmi ər-arvad münasibətində olduğu Ələsgərlə birlikdə yaşadıqları müddətdə onun xoşagəlməz davranışlarını qəbul etməyib.

4 iyun 2023-cü ildə, gecə saat 00.30-da o, yüngül dərəcəli sərxoşluq vəziyyətində olan Ələsgərlə mübahisə edib. Mübahisə zamanı Ələsgər Kamranın və ailə üzvləri olan mərhum anasının, xalalarının ünvanına dəfələrlə nalayiq söyüşlər, təhqiramiz ifadələr işlədib.

Kamran yemək stolunun üzərində olan bıçağı götürüb və həyətdə Ələsgərin sağ döş qəfəsi nahiyəsinə ardıcıl zərbələr vurub. Ələsgər aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Kamranın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamran elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, atası ilə mərhum anası 3-4 yaşı olarkən ayrılıblar:

“Anam 2016-cı ildə avtoqəza nəticəsində vəfat etdi. Bundan sonra xalam Gülnarənin himayəsində onunla birgə yaşamışam. Xalam təxminən 10 ilə yaxın Saatlı şəhər sakini Ələsgərlə qeyri-rəsmi nikah münasibətində olub. Onların arasında mütəmadi olaraq mübahisə olurdu. Ələsgər spirtli içki aludəçisiydi, tibbi spirtlə suyu qarışdırıb içirdi. Sərxoş vəziyyətdə dəfələrlə mənim və xalamın ünvanına nalayiq ifadələr, söyüşlər işlədirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 3-də saat 18 radələrində Ələsgər tibbi spriti suya qataraq içdikdən sonra xalası Gülnarə ilə yenidən mübahisəyə başlayıb: “Xalamı təhqir etdi, amma xalam onu həmişəki kimi yola verdi. Ciddi bir mübahisə olmadığına, evdə sakitçilik yarandığına əmin olduqdan sonra təxminən saat 20 radələrində evdən çıxdım, yoldaşlıq etdiyim Ayaz və Əli adlı dostlarımla Bayraq meydanı yaxınlığında görüşdüm”.

Kamranın sözlərinə görə, iyunun 4-də, təxminən saat 00.30-da xalası Könül ona zəng edib və Gülnarə ilə Ələsgərin yenidən savaşdıqlarını, Gülnarənin onlara gəldiyini deyib:

“Könül xalam məndən evə gəlməyimi istədi. Dərhal evə yollandım. Həyətə çatdıqda Gülnarə xalam Könülgildən çıxdı, birlikdə yaşadığımız evə tərəf getdik. Evdə Ələsgərdən xalamla nə səbəbə dalaşdığını soruşdum. Ələsgər üzərimə yeridi. Mənim və Gülnarənin, həmçinin mərhum anamın ünvanına nalayiq sözlərlə söydü. Yenidən Gülnarənin üzərinə hücum etdi. Gülnarə Könülgilə tərəf qaçdı.

Ələsgər məni yenidən təhqir etdi. Anamın gorunu, ruhunu təhqir etdikdən sonra mübahisəmiz başladı. Ona mübahisəni çöldə davam etdirməyi dedim. Bu səbəbdən həyətə düşdük, daha sonra küçəyə çıxdıq. Ələsgər məndən nə söhbət aparacağımı soruşdu, mənim heç kim olduğumu dedi. Sifətimin sol tərəfindən yumruqla vurdu. Vurduğu zərbədən sonra sərxoş olduğundan özü də yerə yıxıldı. Yıxılanda məni də özüylə yerə dartdı. Ələsgəri cavab olaraq vurmadım. O, yerdən qalxaraq evə keçdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, xalası Gülnarə Ələsgərin onu vurduğunu küçədə görüb: “Əynimdəki ağ qısaqol köynək və boz rəngli cins şalvar toz-torpağa bulaşdığından evə keçərək onları dəyişdim. Daha sonra küçədə oturdum. Çox çəkmədən xalalarım Gülnarə və Könül bizə tərəf gəldi. Onlar Ələsgəri soruşdular, evdə olduğunu dedim.

Xalalarım evə keçdilər və yenidən mübahisə yarandı. Mən də həyətə keçdim. Xalamgil Ələsgərdən niyə nəsillərini, valideynlərini söydüyünü sorğuladılar. Az sonra Könülün əri Daşqın da gəldi. Ələsgəri sakitləşdirmək istəsə də, o, Daşqına və Könülə "siz heç kimsiniz" dedi, Gülnarə ilə olan söhbətlərinə qarışmamalı olduqlarını söylədi, evdən getmələrini tələb etdi. Hətta Daşqının yaxasından tutaraq onu vurmaq istədi. Daşqın isə onu sakitləşdirməyə çalışırdı.

Ələsgər Daşqın və Könülü söyərək evdən qovurdu. Özünü ora-bura vurur, dəli kimi hərəkət edirdi. Evin pilləkənlərdən aşağı düşəndə Ələsgərin baş hissəsində qan gördüm”.

Kamran qeyd edib ki, Ələsgər Daşqın və Könülü itələyərək evdən rədd olmalarını tələb edib: “Yenidən xalamgili, anamı və ölənlərimizin goruna söydü. Artıq bu söyüşləri qəbul etmədim. Ələsgəri cəzalandırmaq qərarına gəldim. Evin zalındakı yemək stolunun üzərində olan bıçağı götürdüm və həyətə düşdüm. Arxadan yaxınlaşaraq döş qəfəsi hissəsindən təxminən 6-7 ədəd zərbə vurdum.

Bıçaq zərbələrindən sonra bir neçə addım geriyə çəkildim. Ələsgər evə tərəf dönərək hərəkət etdi. Evə daxil oldu, sonra çölə çıxdı və evin giriş hissəsində daş pilləkənlərin üzərində oturdu. Maykasının yaxasını cıraraq yaralarına baxdı. Gülnarə isə Ələsgəri nahaq bıçaqladığımı, özümün həyatımı məhv etdiyimi dedi.

Bıçağı qorxaraq həyətdəki tövlə tərəfdə olan meyvə ağacları istiqamətinə atdım. Su ilə dolu hovuzda əllərimin qanını yudum. Bıçağı ağacların dibindən taparaq hovuzda suya salaraq qan ləkələrini yudum. Üzərimdə olan boz cins şalvarı dəyişdim. Artıq Ələsgər beli üstə evin giriş hissəsində uzanaqlı və halsız vəziyyətdə qalmışdı.

Gülnarə Ələsgərin özündən getdiyini düşündü, hovuzdan vedrə ilə su götürərək onun üzərinə tökdü. Lakin Ələsgər ayılmadı.

Bir az sonra evə polis əməkdaşları gəldilər. Təcili tibbi yardım çağırdılar. Həkim Ələsgərin artıq öldüyünü dedi. Cinayəti etiraf etdim və polis işçiləri məni özləri ilə apardılar”.

İş üzrə ifadə verən zərərçəkmiş Ələsgərin hüquqi varisi Cəmilin sözlərinə görə, mərhum onun böyük qardaşıdır: “Ələsgər əvvəllər başqa qadınla ailəli olub, sonra boşanıblar. Son 10 ildir Saatlı şəhər sakini Gülnarə ilə qeri-rəsmi nikah münasibətində olmaqla ona məxsus torpaq sahəsində birgə tikdirdikləri evdə yaşayırdılar.

Üç-dörd ildir onların aralarında evin satışı ilə bağlı mübahisə yaranmışdı. Mübahisələrlə bağlı Gülnarə dəfələrlə Saatlı rayon polis şöbəsinə şikayət etmişdi. İyunun 4-də təxminən saat 3 radələrində mənə Saatlı Rayon Mərkəzi Xəstəxanasında işləyən qonşumuz zəng etdi, qardaşım Ələsgərin bıçaqlandığını, vəziyyətinin ağır olduğunu dedi.

Mən xəstəxanaya getdikdə Ələsgərin artıq öldüyünü bildim. Qardaşımın Gülnarənin onlarla birgə yaşayan bacısı oğlu Kamran tərəfindən bıçaqlanaraq qətlə yetirildiyini öyrəndim”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kamran 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR