İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “Tramp dəhlizi”nin qarşısını almağa 8-9 ayı qalıb”

 

Politoloq hesab edir ki, İran indi Zəngəzurun hayında deyil, çünki ölkə yenidən müharibəyə hazırlaşır  

“Hesab edirəm ki, amerikalılar Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinin nəticələrini  gözləyəcəklər.TRIPP-in(Zəngəzur dəhlizi-red) həyata keçirilməsi üçün real addımlar  yalnız seçkilərdən sonra və yalnız  hakim partiya qalib gələrsə, atılacaq.  Yəni Rusiyanın ən azı 8-9 ay vaxtı var”.

Musavat.com xəbər verir ki, Ermənistan  APRI analitik mərkəzinin rəhbəri Benjamin Poqosyan erməni mediasına  müsahibəsində belə deyib. 

83807_large (1).jpg (20 KB)

İranın Zəngəzur dəhlizinin 99 il  ABŞ-ın idarəçiliyinə verilməsi barədə mövqeyini ziddiyyətli hesab edən politoloq bunları deyib:  “Anladığım qədəri ilə İranın mövqeyi hələ də tam aydın deyil. Məsələn, ruhani liderə yaxın dairələr və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) daha sərt bəyanatlar veriblər.  Vilayəti  hətta  dəhlizin “Trampın muzdluları üçün qəbiristanlıq” adlandırdı. Eyni zamanda, İranın prezidenti, xarici işlər naziri və XİN daha yumşaq bəyanatlar verərək, yolun Ermənistanın yurisdiksiyasında olacağını  və  Tehranın “qırmızı xətlərinin” qorunacağını  bildiriblər.

Pezeşkianın İrəvana səfərində  açıqlamaları da ikili səsləndi. O, bir tərəfdən İranın Ermənistanın ərazi bütövlüyünün qorunmasından, Tehranın sərhədlərin dəyişdirilməsinin əleyhinə olmasından məmnun olduğunu bildirib. Lakin  o, İranın regionda, o cümlədən Ermənistan-İran sərhədində “üçüncü qüvvələr” və ya “bölgədənkənar qüvvələrin” olmasına qarşı olduğunu deyəndə, onun konkret nəyi nəzərdə tutduğuna dair heç bir aydınlaşma olmadı. Bilinmədi ki, onlar Amerikanın hər hansı mövcudluğuna qarşıdırlar, yoxsa yalnız hərbi varlığına?  İranın hazırda çox böyük xarici və daxili problemləri var. Yeni İran-İsrail müharibəsi ehtimalının çox yüksək olduğu, bəlkə də 2025-ci ilin sonuna və ya 2026-cı ildə olacağına dair qiymətləndirmələr var. Aydındır ki, hazırda İranın əsas məqsədi bu mümkün müharibəyə hazırlaşmaqdır.  Bu kontekstdə İranın Cənubi Qafqazda sərt addımlar atmağa, o cümlədən TRİPP-i dayandırmağa qadir olduğunu düşünmürəm”.  

1060345339_0_0_3072_1728_600x0_80_0_0_6afc8a5459e3bb3a2f86f98864861175 (1).jpg (28 KB)

Rusiyanın mövqeyinə gəlincə, politoloq hesab edir ki,   Moskvanın  ilk bəyanatları da neytral olub: “Bu bəyanatlar avqustun 9-10-da verilib. Avqustun 10-dan sonra Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsindən artıq bəzi nüansları ehtiva edən açıqlamalarını eşitdik. Rusiya bəyan edib ki, sülh və sabitlikdən məmnun olsa da, aydınlaşdırma tələb edən məsələlər var. Birinci nüans budur ki, Ermənistanla İran sərhədində Rusiya sərhəd qoşunları var. Rusiya anlamaq istəyir ki, amerikalıların bu ərazidə potensial mövcudluğu hansı formada olacaq.  İkinci nüans: Ermənistan deyir ki, amerikalılar tranzit və gömrük nəzarəti məsələlərində iştirak edəcəklər. Ermənistan Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvüdür, ABŞ isə üzv deyil, Rusiyada bunun nə demək olduğu təəccüblənir. Əslində Ermənistanın sərhədi Aİİ-nin vahid gömrük ərazisidir. Rusiya hesab edir ki, bu, problemlər yarada bilər.Hesab edirəm ki, ümumiyyətlə, Rusiyanı da, İranı da qane etmək olmaz”.

 Politoloqa görə, həm Tehran, həm Moskva hələ gözləyir:  “Vaşinqtonda yalnız niyyət memorandumu və bəyannamə imzalanıb. Hələlik real addımlar atılmayıb. Sünikdə (Ermənistanın İranla həmsərhəd olan cənub bölgəsi – red.) amerikalılar peyda olmayıb, amerikan-erməni şirkəti isə hələlik qeydiyyatdan keçməyib. Düşünürəm ki, İran Sünikdə hansı amerikalıların və hansı məqsədlərlə peyda olacağını anlamaq üçün gözləyəcək.

 Rusiyaya gəlincə, strateji baxımdan Moskva üçün  Cənubi Qafqaz ABŞ-dan qat-qat vacibdir: “Rusiya üçün bura keçmiş Sovet İttifaqının ərazisidir və burada həmişə öz maraqlarını bəyan edir. Buna görə də uzunmüddətli perspektivdə ruslar çətin ki, 99 il ərzində Aİİ ərazisində qeyri-müəyyən səlahiyyətlərə malik Amerika şirkətinin peyda olmasından məmnun olsunlar. Ancaq hələlik TRIPP sadəcə Vaşinqtonda imzalanmış bir bəyannamədir.  Deməli, hələ heç nə baş vermir və hesab edirəm ki, Rusiya da gözləyir.

Amma strateji baxımdan bu Amerika şirkəti həqiqətən də burada peyda olsa, hətta Ermənistanda qeydiyyatdan keçsə və Ermənistan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərsə belə, bu, şübhəsiz ki, Rusiya üçün mənfi olacaq. Rusiya hələlik bu istiqamətdə ciddi səy göstərməyin lazımsız  olduğunu anlayır. Hələlik, söhbət yalnız 2026-cı ildə başlaya biləcək proseslərdən gedir. Amerikalıların əslində burada nə vaxt peyda olacağını, şirkətin nə vaxt qeydiyyatdan keçəcəyini heç kim bilmir.

İstisna etmirəm ki, bu, yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan və hətta Ermənistanda keçirilən parlament seçkilərindən sonra baş verəcək. Axı TRIPP sadəcə bir bəyannamədir, parlament tərəfindən ratifikasiya olunmuş və yeni hökumətin həyata keçirməyə borclu olacağı müqavilə deyil. Heç bir hüquqi qüvvəsi olmayan sənəddir. Niyyət memorandumu da var, amma bu da sadəcə memorandumdur. Deməli, yeni hökumət yaranarsa, Vaşinqton bəyannaməsinin onun üçün heç bir hüquqi qüvvəyə malik olmadığını bəyan edə bilər”. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR