Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri zamanı Rusiya tərəfi gözlənilmədən elan etdi ki, Rusiyadan İrana Azərbaycan ərazisindən böyük həcmdə qaz nəqlini həyata keçirəcək kəmərin çəkilişi ilə bağlı razılığa gəliblər.
Söhbət 55 milyard kubmetr həcmində illik tədarükdən gedir. Danışıqlardan sonra Rusiyanın energetika naziri Sergey Tsivilev Rusiya-İran qaz kəməri layihəsinin imzalandığını və Azərbaycandan keçəcəyini açıqlayıb. Tsivilev qeyd edib ki, marşrut tam müzakirə olunub, hazırda danışıqlar qiymətlərlə bağlı müzakirələrin son mərhələsindədir. Rusiyanın energetika naziri onu da qeyd edib ki, ilkin mərhələdə kiçik həcmlərin - ildə təqribən iki milyard kubmetrin daşınması planlaşdırılır: "Ancaq ilkin razılıq var ki, biz həcmi 55 milyard kubmetrə çatdıracağıq", - Tsivilev əlavə edib.
Eyni zamanda Rusiyanın energetika naziri bunun mövcud qaz kəməri sisteminin genişləndirilməsi və ya yeni kəmərin tikintisi ilə bağlı olduğunu dəqiqləşdirməyib. Öz növbəsində prezident Vladimir Putin Rusiya qazının Azərbaycan üzərindən İrana nəqli ilə bağlı razılaşmanı təsdiqləyərək, kəmərin ötürücülük gücünün ildə 55 milyard kubmetr həcmində olacağını da qeyd edib.
Məlumdur ki, İran Rusiyadan sonra dünyada ikinci ən böyük təbii qaz ehtiyatına malik olan ölkədir. Yeganə problem odur ki, İran indiki vəziyyətdə bu ehtiyatlardan effektiv şəkildə istifadə edə bilmir. Əvvəla, sanksiyalar altında olduğuna görə hasilatı artıra bilmir, ikincisi isə ixrac infrastrukturu qura bilmir. İranın bütün qaz hasilatı cənub əyalətlərində cəmləşib, ölkənin şimalı kəskin enerji çatışmazlığı içindədir, burada qaz nəqli şəbəkəsi çox cüzi ərazini əhatə edir. Nəticədə 2023-cü ilin sonuna 251,7 milyard kubmetr qaz hasilatı ilə dünyada üçüncü yeri tutan İran bunun 245,6 milyard kubmetrini daxili istehlaka sərf edib. Tehranın illik 14 milyard kubmetr qaz ixracı olur ki, bunun da 10 milyardı Türkiyəyə, 4 milyardı isə İraq reallaşdırılır. Bu baxımdan, onun şimal əyalətləri üçün Rusiyadan qaz alması ilk baxışdan müsbət stimul kimi görünür.
Rusiyadan İrana Azərbaycan üzərindən hazırkı infrastrukturla qaz nəqli mümkündür. Belə ki, 1980-ci ildə istifadəyə verilmiş Hacıqabul - Şirvanovka - Mozdok qaz kəməri ilə qazın Azərbaycana çatdırılması, oradan isə Hacıqabul-Astara-Abadan (HAG) magistral qaz kəməri ilə İrana nəql olunması mümkündür. Lakin Azərbaycana qədər kəmərlə 10 milyard kubmetrin nəqli mümkündür, İran tərəfinin isə sərhəddən 2 milyard kubmetrdən artıq qaz götürmək imkanı yoxdur.
Qeyd edək ki, İran və Rusiya enerji sahəsində əməkdaşlığı genişləndirməyə 2022-ci ildə başlayıb. Həmin il Qazprom və İran Milli Neft Şirkəti (NIGC) İranın qaz və neft yataqlarının inkişafı , təbii qaz və neft məhsulları ilə mübadilə əməliyyatlarının həyata keçirilməsi, iri və kiçik həcmli LNG layihələrinin həyata keçirilməsi və magistral qaz kəmərlərinin tikintisi sahələrində əməkdaşlıq imkanlarının təhlilini nəzərdə tutan strateji əməkdaşlıq memorandumu imzalayıblar.
Daha sonra, 2023-cü ilin payızında İranın neft naziri Cavad Ouci bildirib ki, Tehran Qazprom ilə 40 milyard dollarlıq ortaq layihələr müəyyənləşdirib, danışıqları yekunlaşdırır və tezliklə bu layihələri həyata keçirəcəyini gözləyir. 2024-cü ildə isə Rusiyanın “Qazprom” şirkəti və NIGC arasında Rusiya İrana qaz nəqlinin təşkilinin inkişafı haqqında memorandum imzalanıb.
İran tərəfi tez-tez öz ərazisində Rusiyanın dəstəyi ilə qaz mərkəzi yaratmaq istəyini açıqlayır. Lakin bu mərkəzin indiki halda qaz ixrac edə biləcəyi yeganə ölkə Türkiyədir ki, ora da Rusiyadan hər biri 2 xətdən ibarət iki böyük kəmər infrastrukturu var. Qara dənizin dibi ilə gedən bu infrastrukturla nəql oluna biləcək həcmləri belə Rusiyadan alan yoxdur.
Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkov hesab edir ki, hələlik konkret qərarlar verilmədiyi üçün Rusiyadan İrana qaz kəməri layihəsinin reallaşacağını söyləmək tezdir(Sputnik Azərbaycan). Yuşkov hesab edir ki, İrana qaz kəmərinin çəkilməsi mənasızdır, çünki Rusiya qazının, məsələn, Qərbi Sibirdən, Yamal-Nenets Muxtar Dairəsindən İrana çatdırılmasının dəyəri kifayət qədər baha olacaq və Tehran birmənalı şəkildə yüksək qiymətə qaz almayacaq: “İrandan qazı Hindistana ötürmək üçün qaz kəmərinin çəkilməsi belə çox problemlidir. Vasitəçilər həddən artıq çoxdur, qaz kəməri çox uzundur, ona görə də Hindistanda belə qazın qiyməti çox yüksək olacaq. Bu halda isə onun LNG ilə müqayisədə rəqabətə davamlı olması ehtimalı azdır".
Ekspert əlavə edib ki, Hindistan üçün məsələn, Qətərdən maye qaz almaq daha səmərəlidir, nəinki Rusiya boru kəməri qazına böyük pul ödəmək.
Üstəlik, o qeyd edib ki, əgər Rusiya qazının İran ərazisindən tranzitindən danışılsa, Tehran üçün öz qazını Hindistana satmaq daha sərfəlidir və o zaman onun nə üçün Rusiya “mavi yanacağını” öz ərazisindən daşıyacağı bəlli deyil: "Ona görə də bütün bunlar hələ də danışıq səviyyəsindədir. Və reallıqda qaz kəmərlərinin nə vaxtsa çəkiləcəyinə böyük şübhələr var”.
Yuşkova görə, Rusiya İrana Xəzərin dibi ilə kəmər çəksə, bu, daha ucuz başa gələ bilər. Lakin Xəzərdən keçən sualtı qaz kəməri digər Xəzəryanı ölkələrin, o cümlədən Azərbaycan və Türkmənistanın analoji layihənin qarşısını alması kimi problemlərlə üzləşəcək, çünki vaxtilə Rusiya özü Transxəzər Azərbaycan-Türkmən qaz kəmərinin tikintisinə mane olub.
Bir sıra Rusiya ekspertləri isə İranın Rusiyadan qazı çox ucuz qiymətə - Çindən də aşağı qiymətə almaq istədiyini bildirirlər. Hətta bəzi mənbələr min kubmetr üçün 100 dollarlıq qiymət ətrafında müzakirələr aparıldığını iddia edilər. Bu halda, layihə iqtisadi baxımdan rentabelli olacaqmı? Rusiya bu qədər ucuza qaz satmağa razılaşacaqmı? Ortada “Sibirin Gücü 2” layihəsinin taleyi kimi təcrübə var: hər bir detalı razılaşdırılan kəmərin yalnız ötürülən qazın qiymətinə görə 5 ildən çoxdur Çinlə Rusiyanın razılaşa bilmədiyi göz önündədir.
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, layihə kommersiyadan daha çox siyasi yönümlüdür: “Çünki dünyada qaz ehtiyatlarına görə birinci yerdə olan ölkə ilə ikinci olan biri o birinə qaz satır? Burada Putinin dediklərini – 55 milyard kubmetr məsələsi bilavasitə Qərbə və Çinə yönəlmiş siyasi mesajdır. 2 milyard məsələsinə gəlincə, burada sual yaranır ki, niyə 3 yox, 5 yox, 8 yox, məhz 2 milyard? Çünki Azərbaycan üzərindən İrana çatdırıla biləcək həcm ildə 2 milyard kubmetrdir. İranın infrastrukturu bundan artığını götürmək gücündə deyil. Ən real olan bu həcmdir və tərəflər tezliklə onun nəqlini təmin etməklə layihənin reallaşmasına başlanması görüntüsü yaratmaq istəyirlər. Doğrudur, son 3 ildə İranda qış mövsümündə qaz qıtlığı yaranırdı – enerji istehsalında. Amma 2024-cü ildə bu hal yayda da təkrarlandı. İrandakı bu çatışmazlığı ödəmək üçün 5 milyard kubmetr qaz yetərlidir. Bəs qalan 50 milyard kubmetr hara gedəcək? Burada ortaya İran üzərindən Pakistana qaz nəqli məsələsi gəlir. İrandan Pakistana qaz kəməri sərhədə qədər çəkilib, amma başa çatdırılmayıb. Rusiya bu kəməri tamamlamaqla Pakistan bazarına çıxış əldə etmək istəyir. Bununla da Türkmənistan-Əfqanıstan-Pakistan qaz kəməri layihəsini meydandan çıxarmaq istəyir. Bu layihəni Qərb də dəstəkləyir və Rusiya onun yarımçıq qalmasında maraqlıdır. Pakistan bazarına çıxandan sonra Rusiya oradan Hindistana da keçməyi hədəfləyə bilər”.
Mütəxəssis deyir ki, Kremlin bu planlarının reallaşması üçün çox böyük investisiya qoyuluşu lazım gələcək: “Bu, tamamilə yeni və həddən artıq böyük vəsaitlər tələb edən layihədir: həm Rusiyada, həm Azərbaycanda, həm İranda 50-55 milyard kubmetri nəql etməyə imkan verəcək nəhəng infrastruktur qurulmalıdır. Rusiya bu layihəni irəli sürməklə onun qazından tamamilə imtina etməkdə olan Avropaya, həmçinin “Sibirin gücü 2” layihəsinə heç bir həvəs göstərməyən Çinə mesaj verir ki, qazımı sənin rəqiblərinə satacam. Hindistan Çinin bütün dünyada əsas rəqibinə çevrilməyə başlayıb. Düşünürəm ki, bu layihənin irəli gedib-getməyəcəyini yaxın 1 ildə görə biləcəyik. Pakistan, Hindistan nə qədər maraqlı olacaqlar o qədər uzun və bahalı boru kəmərinin gətirdiyi baha qazı almağa? Rusiya və İranın işbirliyinin nə qədər sürətli olduğunu elektrik enerjisi sistemlərinin birləşdirilməsi layihəsindən görmək olar. 2006-cı ildən Azərbaycan vasitəsilə iki ölkənin enerji sisteminin əlaqələndirilməsi layihəsi irəli sürülüb, hələ də ortada real addım yoxdur. Halbuki qazdan enerji istehsal edib onu daha ucuz başa gələcək elektrik xəttilə İrana ötürmək daha asandır, nəinki o böyüklükdə qaz nəqli infrastrukturu yaratmaq. Bu baxımdan, hesab edirəm ki, qazdan başlanması sırf siyasi xarakterli addımdır və layihənin reallaşması ehtimalı çox aşağıdır”.
Onu da qeyd edək ki, layihənin reallaşması iqtisadi-siyasi baxımdan Azərbaycan üçün faydalıdır: tranzit haqqından gəlir əldə edəcək, öz ərazisindən kəmərin çəkilməsinə razılıq verdiyinə görə Rusiya və İran qarşısında mövqeyi daha da güclənəcək...
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ