Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Kazanski bu barədə “Minval Politika”ya verdiyi açıqlamada Rusiya siyasi dairələrinin bəyanatlarını və media məkanında yayılan təxribat xarakterli mesajları şərh edərkən danışıb.
“Təbliğatçıların Azərbaycana qarşı hərbi ssenari ilə bağlı təhdidləri ciddi qəbul edilməlidir. Biz Ukraynada artıq bu yolu keçmişik. Heç kim Rusiya ilə birbaşa müharibənin başlayacağına inanmırdı. Amma nəticədə təbliğatın hədə-qorxuları reallığa çevrildi. İndi də Bakıda çoxları Rusiyanın hərbi müdaxiləsinə inanmasa da, bizim təcrübəyə nəzər salsalar, hər şeyin mümkün olduğunu anlayarlar”, - deyə Kazanski bildirib.
Jurnalist hesab edir ki, Rusiya rəhbərliyi çox vaxt emosional qərarlar verir və adekvat davranış gözləmək çətindir.
“Ukrayna ilə sonsuz müharibəyə başlamaq açıq-aşkar, nifrət və imperiya təfəkkürünün nəticəsi idi. Onlar keçmiş sovet respublikalarını müstəqil dövlət kimi qəbul etmirlər və bu ölkələr üzərində öz hegemonluqlarını davam etdirməyə çalışırlar. Azərbaycan da bu hədəfdə ola bilər. Əgər mən azərbaycanlı olsaydım, bu ssenariyə qarşı hazırlıqlı olardım. Çünki Rusiya Azərbaycanda sabitliyi pozmağa çalışacaq, həssas mövzuları qızışdıracaq və şovinist tezislərini işə salacaq”, - deyə Denis Kazanski bildirib.
Kazanskinin fikrincə, Azərbaycan müstəqil siyasət yürüdən suveren dövlətdir və məhz bu səbəbdən Rusiya tərəfindən “cəzalandırılma” ssenarisi mümkündür.
Jurnalist qeyd edib ki, Azərbaycan rus təbliğatına qarşı doğru mövqe sərgiləyir və Kremlin media orqanlarının fəaliyyətini məhdudlaşdırmaqla düzgün addım atıb.
Kazanski həmçinin Rusiya tərəfindən mümkün hərbi ssenarini hazırda önləyən əsas faktorun Türkiyə olduğunu bildirib:
“Rusiya Türkiyədən qorxur. Bu, onların bəyanatlarının daha az aqressiv olmasının səbəbidir. Türkiyənin güclü olması Rusiyanı düşünməyə vadar edir. Əks halda, Xəzər bölgəsində artıq təxribatlara start verilə bilərdi”.
Onun sözlərinə görə, hazırda Rusiya Azərbaycana birbaşa hücum etməyə cəsarət etmir, ancaq ölkədə yaşayan azərbaycanlı diaspor nümayəndələrinə qarşı təzyiqləri artırır:
“Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşları və diaspor üzvləri həbslərin və təzyiqlərin hədəfinə çevrilib. Onlar müdafiəsizdir və Rusiya bu yolla Azərbaycana təzyiq göstərməyə çalışır”.
Kazanski xəbərdarlıq edib ki, əgər gələcəkdə Türkiyədə hansısa böhran baş verərsə, bu, Rusiyanın diqqətini yayındıra və Azərbaycana qarşı daha sərt təzyiqlərlə nəticələnə bilər.
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ