Musavat.com xəbər verir ki, Əməkdar jurnalist Rauf Arifoğlu Moderator.az-a açıqlamasında Rusiyada qeyri-ruslara, xüsusilə də azərbaycanlılara qarşı artan təzyiqləri şərh edərək, bunun təkcə spontan proses yox, eyni zamanda nəzarətli və məqsədli siyasət olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiya tarix boyu qeyri-rus xalqlara qarşı rasist münasibət bəsləyib:
“Özündən olmayanları həmişə aşağılayıblar. Bəzi dövrlərdə bu münasibət nəzarətdə saxlanılıb, amma indi görünən odur ki, bu aqressiya yenidən açıq şəkildə üzə çıxır. Mən hesab edirəm ki, bu aqressiyanın, bu irqçi, aşağılama xarakterli münasibətin yenidən alovlanması da müəyyən qədər idarəolunan prosesdir və təsadüfi deyil".
R. Arifoğlu diqqəti xüsusilə ötən ilin dekabrında Azərbaycan təyyarəsinin Çeçenistan üzərində vurulmasından sonra Rusiya-Azərbaycan münasibətlərində başlayan soyumağa çəkib:
“O hadisədən sonra proseslər daha da qızışdı. Moskvadakı 9 may paradı ərəfəsində isə münasibətlərin lap gərginləşdiyini müşahidə etdik. Elə həmin vaxt Azərbaycan deputatı Azər Badamovun Rusiyaya buraxılmayaraq aşağılayıcı formada deport olunması da bu siyasi fonda baş verdi. Azərbaycan dövləti də buna cavabsız qalmadı, uyğun addım atıldı".
O bildirib ki, indi Moskva Azərbaycana təzyiq vasitəsi kimi miqrant rıçaqlarından istifadə etməyə çalışır:
“Rusiyada yüz minlərlə azərbaycanlı işləyir, əziyyət çəkir, həm özləri üçün, həm də Rusiyanın iqtisadiyyatının inkişafı üçün çalışırlar. Amma qarşılığında işgəncə və ölümlə üzləşirlər. Dünən Yekaterinburqda baş verən hadisə böyük faciədir – tanınmış bir şəxsin iki qardaşı eyni gündə, iş yerlərində ruslar tərəfindən, özü də rəsmi qurumun əməkdaşları tərəfindən öldürüldü”.
Ekspert eyni zamanda Rusiyada yaşayan azərbaycanlı gənclərin heç bir hesabat olmadan Ukrayna cəbhəsinə göndərilməsindən də danışıb:
“Bu gün ruslar minlərlə azərbaycanlını iş yerlərindən, evlərindən götürüb müharibəyə aparırlar. Onların içində həlak olanlar da var. Bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Bastırıkin açıq şəkildə etiraflar etdi. Bu, artıq dözülməz həddə çatıb”.
Bəs Azərbaycan dövləti və cəmiyyəti bu vəziyyətə qarşı nə etməlidir?
O suala belə cavab verib:
“Azərbaycan dövləti öz vətəndaşlarını qorumalıdır. Mən hesab edirəm ki, Rusiyaya ciddi nota verilməli, adekvat addımlar atılmalıdır. Rusiyaya mesaj getməlidir ki, Azərbaycan vətəndaşlarını aşağılamağa, həbslərə və ölümlərə məruz qoymağa heç bir haqqı yoxdur".
Arifoğlu əlavə edib ki, Azərbaycanın öz daxilində də ictimai rəy və medianın mövqeyi dəyişməlidir:
“Rus icması Azərbaycanda ən rahat yaşayan diasporalardandır. Rus dili Azərbaycanda hələ də ikinci əsas ünsiyyət vasitəsidir. Ruslara qarşı nə diskriminasiya var, nə ayrı-seçkilik, nə də basqı. Amma bu fonda Rusiyanın atdığı addımlar təəccüb və qəzəb doğurur. İctimaiyyət, dövlət, media Rusiyaya öz yerini göstərməlidir. Azərbaycan tolerant münasibətini dəyişməyə, hətta vətəndaşının şərəfini, malını, canını qorumaq üçün ən radikal addımlara belə getməyə hazır olmalıdır".
O sonda vurğulayıb ki, bütün bunlar təəssüf doğurur, amma Azərbaycan dövləti mütləq vətəndaşının arxasında dayanmalı və nə olursa-olsun onu qorumalıdır.
ŞƏRHLƏRŞƏRH YAZ