İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsində ‘’sülh saatı’’... - “qızıl orta” tapılmır

Putinin şərti var, Qərb koalisiyası isə “zamanı yetişməyib” deyir, münaqişə sürünən şəkildə uzanmaqdadır; hərbi analitik: “Müharibə gələn ilin yayına qədər uzana bilər”

Rusiya-Ukrayna müharibəsinin xeyli müddət uzana biləcəyinə dair proqnozlar özünü doğrultmaqdadır. Çünki faktiki olaraq Rusiya danışıqlar üçün Ukraynanın və kollektiv Qərbin qəbul etməyəcəyi şərtlər açıqlayır, Qərb isə “danışıqlar üçün zaman yetişməyib” iddiasındadır.

“Yeni Müsavat” yazır ki, müharibə sürünən xarakter almaqdadır. Hazırda ruslar irəliləmir, işğal etdikləri ərazilərdə möhkəmlənməyə üstünlük verir, Ukrayna ordusu isə astagəl əks-hücum əməliyyatları təşkil edir. “Rusiyanın səsləndirdiyi tələbləri müzakirə etmək üçün Kiyevin siyasi iradəsi və hazırlığı olmalıdır”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peksov “Ukrayna Rusiya ilə danışıqlara başlamaq üçün hansı şərtləri yerinə yetirməlidir?” sualına cavabında belə deyib. Onun sözlərinə görə, Ukrayna dialoqdan imtina etdiyi üçün Moskva ilə Kiyev arasında danışıqlar hazırda mümkün deyil. “Doğrudan da, indi hər hansı danışıqlar mümkün deyil, çünki Ukrayna bunu istəmir. Xüsusi hərbi əməliyyat davam edir”, - deyə Kreml sözçüsü qeyd edib.

NATO Baş katibi Yens Stoltenberq isə hesab edir ki, Rusiyanın Ukraynada apardığı müharibə üçün gətirdiyi bəhanələr tamamilə qəbuledilməzdir. Alyansın Baş katibi bildirib ki, Moskvanın Ukraynadakı milli azlıqlar, dil qanunu barədə qaldırdığı məsələlər işğalçılıq üçün bəhanə ola bilməz: “Ukrayna demokratik, suveren, müstəqil ölkədir. Onun sərhədləri beynəlxalq səviyyədə tanınıb, hətta Rusiya də bu sərhədləri tanıyıb. Siz müzakirə olunan dillə bağlı qanunu bəhanə gətirərək qonşu ölkəyə qarşı işğalçı müharibəyə başlaya bilməzsiniz. Bu tamamilə səhv yanaşmadır. Müxtəlif Avropa ölkələrində müxtəlif etnik azlıqlar yaşayır, onların bəzilərinin narazılıqları var. Mən deyə bilmərəm ki, bu narazılıqlar səhvdir və ya düzdür. Lakin siz düşünməyə başlasanız ki, bu narazılıqlar müharibəyə başlamaq üçün bəhanə ola bilər, minlərlə insanı öldürə bilərsiniz, şəhərləri, mülki obyektləri bombalaya bilərsiniz, o zaman bu tamamilə qəbuledilməzdir və bütün Avropa üçün eyni dərəcədə təhlükəlidir. Bu, işğalçılıq üçün bəhanə ola bilməz”. Stoltenberq onu da qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra Avropada sülh qorunub saxlanılıb: “Bəli, biz etiraf etmişik ki, fikir ayrılıqlarımız ola bilər, ancaq biz bunu aradan qaldırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün Venesiya Komissiyası, Avropa Şurası var, ikitərəfli razılaşmalar var. Rusiyanın qaldırdığı məsələlər işğalçılıq müharibəsi üçün bəhanədir və qəbuledilməzdir”.

Baş katib NATO-nun genişlənməsinin Rusiyaya qarşı olmadığını vurğulayıb: “Bu, suveren xalqların seçimidir, onların özlərini təhlükəsiz etməsi üçündür. Bu, Rusiyaya qarşı hər hansı təxribat deyil, azad, demokratik seçimdir, siyasi iradədir. Baltik ölkələri və ya Rumıniya NATO-ya qoşuldu. Bu o demək deyil ki, alyans onlara qoşulmaq üçün təzyiq etdi. Putin suveren xalqların seçimini inkar edə bilməz. Putin demokratiyadan qorxur, bu, onun üçün əsas problemdir”. Bu arada Kanada Xarici İşlər Nazirliyi də “Ukrayna münaqişəsində diplomatik həll mərhələsinə çatmamışıq” bəyanatı ilə çıxış edib. XİN rəhbəri Melani Coli deyib ki, son nəticədə münaqişənin həlli üçün diplomatik yol tapılacaq: “Hər bir münaqişənin sonu belə olub. Sadəcə olaraq, Ukrayna məsələsində biz hələ o mərhələyə gəlib çatmamışıq”. O, həmçinin əlavə edib ki, hətta yaxın zamanda münaqişənin sülh yolu ilə həllinə ümidlərin olmamasına baxmayaraq, qarşıdan gələn çətin qış fəsli dövründə NATO alyansı Ukraynaya tam dəstək verəcək. Nazirin sözlərinə görə, NATO-ya üzv olan ölkələrin energetika nazirləri getdikcə daha da irəliləyən enerji böhranının qarşısını almaq üçün həll yollarını axtarır: “Biz Ukrayna vətəndaşlarının qarşıdan gələn çətin qışa davam gətirə biləcəklərinə zəmanət verməliyik”.

Mövlud Çavuşoğlu:

Mövlud Çavuşoğlu

Daha bir reaksiya Türkiyədəndir. Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyə Ukraynadakı müharibənin daha geniş ərazilərə yayılmaması və gərginliyin azaldılması istiqamətində bir sıra addımlar atıb. Çavuşoğlu qeyd edib ki, bu müharibədə Ukrayna ilə yanaşı, Moldova, Gürcüstan və digər tərəfdaşlar da bədəl ödəyir: “Sadəcə qınamaqla problemi həll etmək mümkün deyil, hərəkətə keçmək və ədalətli şəkildə sülhün əldə olunmasını təmin etmək vacibdir”. Çavuşoğlu onu da qeyd edib ki, Avropanın təhlükəsizliyini təmin etmək üçün birlik, həmrəylik ruhu yenidən canlanmalıdır. Beləliklə, bütün bu rəylərdən görünən budur ki, hazırkı mərhələdə nə Rusiya, nə də Qərb münaqişənin diplomatik yolla həllinə hazır deyil, bunu istəmirlər. Bu isə o deməkdir ki, münaqişə uzanacaq və silahlar uzun müddət susmayacaq. Amma hara qədər? Hansı mərhələdə tərəflər masaya otura bilər? “Qızıl orta” hansı nöqtədədir? Bax, bu suallar açıq qalır. Putinlə Zelenski iki slavyan xalqının savaşını dayandırmaq üçün hansı kompromisə gedə bilərlər?

Ukrayna müharibə başlayandan 100 mindən çox hərbçisini itirib.

Ursula von der Leyen (@vonderleyen) / Twitter

Ursula von der Leyen

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen videomüraciətində deyib. O, Rusiyanın törətdiyi cinayətlərin bədəlini ödəməli olduğunu vurğulayıb: “Rusiyanın Ukraynanı işğal etməsi ölümə, dağıntılara, sözlə deyilə bilməyən əzablara səbəb olub. Biz hamımız Buça dəhşətlərini xatırlayırıq. Bu vaxtadək 20 mindən çox mülki şəxsin və 100 mindən çox ukraynalı hərbçinin həlak olduğu təxmin edilir. Rusiya bu dəhşətli cinayətlərin bədəlini ödəməlidir”.

Azad İsazadə: “Məktəblərdə 1-2 psixoloq tapılar, ya tapılmaz, halbuki…”

Azad İsazadə

Hərbi analitik Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, tərəflərin şərtlərini götürəndə Rusiya üçün qələbə Kiyevi işğal etməkdir: “Bu da hərbi-texniki baxımdan mümkün deyil. Kiyevə girməkdən başqa digər bütün variantlar Rusiya üçün məğlubiyyətdir. Ukraynanın qələbəsi o halda olar ki, 1991-ci ilin sərhədlərinə çıxsınlar. Bu da qeyri-real görünür. Ona görə kompromis tapmırlar və müharibə tərəflərdən birinin fiziki, maliyyə və hərbi-texniki cəhətdən tükənməsinə qədər davam edəcək”. A.İsazadənin fikrincə, hazırkı vəziyyətdə tükənmə ruslarda görünür, ona görə Kreml rəsmiləri tez-tez danışıqları dilə gətirirlər: “Ukraynanın qalib gəlmək imkanları var, amma hər şey verilən silahdan asılıdır. Çünki gələn hərbi yardımlar müdafiəyə kifayət edir, amma hücuma keçib qalib gəlməyə yetərli deyil. Ona görə şaxtalar düşəndə Ukrayna uğurlu iki əməliyyat keçirsə, rus ordusu zəif düşəcək, ikincisi, Qərbin verəcəyi silahlarla bağlı olacaq. Əgər yardımlar gəlsə, gələn ilin yayına qədər müharibə uzana bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR