Onlayn ictimai-siyasi qəzet
Qərbin nüfuzlu “Politiko” nəşri Vladimir Putinin yeni prezidentliyinin Rusiyaya nə gətirəcəyi ilə bağlı 5 ssenari hazırlayıb. Ssenarilər Rusiyada növbəti prezident seçkisinin keçirilməli olduğu 2030-cu ilə qədər olan dövrü əhatə edir:
Demokratiyanın yüksəlişi. Müharibə və pisləşən iqtisadi vəziyyət fonunda hakimiyyətdən narazılıq 1989-cu ildəki Şərqi Avropada antikommunist “məxməri inqilablar” kimi hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Bunun baş vermə ehtimalı təxminən 5-10% təşkil edir.
Rusiyanın dağılması. Başlanğıc birinci ssenaridəki kimidir, lakin demokratiyaya keçid əvəzinə etnomilli zəmində münaqişələr başlayır. Ölkə 1917-21-ci il vətəndaş müharibəsindəki kimi xaos və zorakılıq dalğasına bürünür, yaxud SSRİ-nin dağılması zamanı lokal müharibələrdəki kimi olur. Bu ssenarinin baş vermə ehtimalı 10-15% təşkil edir.
Millətçi çevriliş. Putin tərəfindən bəslənən, lakin Ukraynadakı uğursuzluqdan məyus olan sağçı qüvvələr Yevgeni Priqojinin 2023-cü ilin iyununda və QKÇP-nin 1991-ci ilin avqustunda edə bilmədiyini edir. Kütləvi xalq üsyanı əvəzinə, nisbətən kiçik bir qrup sui-qəsdçi dövlət çevrilişi edib, demək olar ki, döyüşmədən hakimiyyəti öz əllərinə alır. Ssenarinin baş vermə ehtimalı 15-20% təşkil edir.
Texnokratik yenilənmə. SSRİ-də Nikita Xruşşovun devrilməsi nümunəsi ilə Putinin “yumşaq” şəkildə kənarlaşdırılması təşkil edilə bilər. Hakim rejim mahiyyət etibarı ilə indiki kimi qalır, lakin Putinin özü vəzifədən uzaqlaşdırılır, yerinə başqa bir fiqur gətirilir. Bu texnokratlar rejimi çox güman ki, Qərbə güzəştə gedəcək və müharibənin bütün günahını birbaşa Putinin üzərinə atacaq. Ssenarinin baş vermə ehtimalı 20-25% təşkil edir.
Əbədi Putin. Qəfil ölümə səbəb ola biləcək mümkün sağlamlıq problemlərindən başqa, bu gün Putinin hakimiyyətinə real təhlükə yoxdur. Demokratik müxalifəti və sağdakı potensial üsyançıları məhv edən 71 yaşlı Putinin 2030-cu ilə qədər sağ qalmaq şansı çox yüksəkdir. Bu ssenarinin baş vermə ehtimalı 45-50% təşkil edir.
Bəs variantlardan hansı Azərbaycanın yaxın və orta perspektiv maraqlarına daha çox cavab verir?
Elçin Mirzəbəyli: “Hər şey Ukraynadakı müharibənin gedişatından asılıdır”
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası sədrinin müavini, politoloq Elçin Mirzəbəyli hər şeyin Ukrayna savaşından asılı olduğunu düşünür: ""Politiko" nəşrinin ssenarilərini siyasətlə yaxından-uzağa maraqlanan istənilən şəxs hazırlaya bilər və bu “ssenarilər” daha çox sosial şəbəkə “ekspert”lərinin statuslarında yer alan, yumşaq desəm, mülahizələrə bənzəyir. Bu isə sübuta yetirir ki, nəşrin ssenariləri kütləyə hesablanıb, ictimai rəyin öyrənilməsinə xidmət edir. Əvvəla, qeyd edim ki, Qərb texnoloqlarının təqdim etdiyi “demokratiyanın yüksəlişi” kimi iddialar nəinki postsovet məkanının, bütövlükdə Avrasiyanın əhəmiyyətli hissəsində gözdən düşüb və qoca Qərbi iliyinə kimi tanıyanların gözünə “qırmızı parça” kimi görünür. Digər tərəfdən, SSRİ-nin süqutundan sonra Qərbin postsovet məkanındakı yeni demokratiyalara münasibətdə riyakar davranışları, demokratiya və hüquqi dəyərləri öz maraqları naminə siyasi alver predmetinə çevirməsi, öhdəliklərinə, vədlərinə əməl etməməsi, demokratik proseslərin iştirakçılarını öz nüfuz müvəkkillərinə çevirmək cəhdləri, beynəlxalq hüququn norma və prinsiplərinə münasibətdə ikiüzlü, riyakar davranışları bu qütbə olan etimadı alt-üst edib. Bu baxımdan, hazırda postsovet məkanında Qərbin “demokratiya”, eləcə də “fundamental hüquq və azadlıqlar” barədə şüarlarına, ən yaxşı halda bədənini satan birinin yataqdakı “etiraf”ları kimi yanaşırlar. “Rusiyanın dağılması” ilə bağlı ssenari nümunəsinə gəldikdə isə, Birinci Dünya müharibəsindən sonra da hələ tam formalaşmamış kollektiv Qərb başbilənləri belə iddialarla çıxış edirdilər. Onların Rusiya imperiyası məkanında inkişaf etməkdə olan demokratiyalara, o cümlədən Rusiyadakı müvəqqəti hökumətdə münasibətdə yürütdükləri ləyaqətsiz siyasət xalqları 70 il basqı altında saxlayan “qırmızı imperiya”nın yaranmasına yol açdı. SSRİ-nin süqutundan sonra da, daha öncə vurğuladığım kimi, eyni davranışlar sərgiləndi və bu baxımdan, artıq heç kimi bu qəbildən olan ssenarilərin perspektivinə inandırmaq mümkün deyil. Millətçi çevriliş isə ümumiyyətlə, real görünmür. Hazırda millətçi qruplar Putinin ətrafında cəmləşiblər və şəxsiyyət faktoru, hər zaman olduğu kimi, Rusiyada ön sırada dayanır. “Yevgeni Priqojin”, “ifrat sağ qruplar” və bu kimi mülahizələr rus xalqının mentalitetinə və etnososial mahiyyətinə bələd olmayanların iddialarıdır və ən yaxşı halda gənc “analitik”lərin özlərini tanıtmaq üçün istifadə etdikləri populist “şərh”lərin predmeti ola bilər. “Texnokratik yenilənmə” iddiasına gəldikdə isə, bu baş verə bilər, amma Putinin özünün iştirakı ilə. Ola bilsin ki, yaxın günlərdə Rusiya hökumətində bununla bağlı müəyyən dəyişikliklər müşahidə olunsun. Sonuncu ssenarinin də tam şəkildə həyata keçiriləcəyini düşünmürəm. Qənaətimə görə, Rusiya prezidenti növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək. Təbii ki, hər şey Ukraynadakı müharibənin gedişatından asılıdır. Zənnimcə, yaxın bir neçə ay ərzində Rusiya müharibənin taleyini həll etmək üçün bütün potensialını işə salacaq. Müharibənin bu ilin sonuna, 2025-ci ilin ilk aylarına kimi başa çatması mümkündür və nəticədən asılı olaraq, artıq çoxqütblü dünyanın konturlarının, qismən də olsa nəzərə çarpacağını, müvəqqəti durğunluq dövrünün yaşanacağını düşünürəm".
Sona Əliyeva: “Şimal qonşumuzdakı istənilən parçalanma bizə də öz mənfi təsirlərini göstərəcək”
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva ikinci ssenarinin Azərbaycan üçün uğurlu ola biləcəyini düşünür: “Vladimir Putin artıq növbəti müddətə Rusiyanın prezidenti seçildi. Özü də rəqiblərinə böyük üstünlüklə qalib gəldi. Putin 2030-cu ilə qədər öz hakimiyyətini legitimləşdirdi. Düşünürəm ki, hadisələrin gələcək axarı kontekstində "Politiko" nəşrinin ssenarilərinin hər birinin reallaşması ehtimalı var. Amma indiki məqamda bizim və region üçün ən uğurlusu ikinci ssenari ola bilər. Əslində Azərbaycan tarixinin son 200 ilinin Rusiya ilə birbaşa və dolayı yolla bağlılığı onu düşünməyə əsas verir ki, şimal qonşumuzdakı istənilən parçalanma bizə də öz mənfi təsirlərini göstərəcək. Separatizm və radikalizm, terrorçuluq meylləri Şimali Qafqazda daha da arta bilər. Üstəlik, yeni kiçik dövlətlərin yaranması dəngələri də dəyişdirəcək. Qərbin proksi qrupları regionda yeni “İŞİD modelləri” yaratmağa cəhdlər göstərəcək. Bütün bunların fonunda ikinci ssenaridən daha az ziyanla qurtula bilərik. İstənilən halda Rusiya daxilindəki parçalanmalar 100 il əvvəl bizə müstəqillik qazandırmışdı. Bu dəfə Rusiya Federasiyasının tərkibindəki türk xalqlarının da özgürləşmə xəyalları gerçəkləşə bilər. Bu isə yeni dünya düzənində daha 22 türk respublikasının yaranması anlamına gələcək. Vətəndaş müharibəsi Rusiyanı içəridən laxladacaq. Dövlətçilik sistemi məhdud çevrədə fəaliyyət göstərə biləcək. Bu ssenarinin baş vermə ehtimalı 10-15% təşkil etsə də, Ukraynada və Moldovada başlayan hadisələr prosesin faiz intervalını daha da artıra bilər.
1917-21-ci illərdəki müharibədən sonra Çar Rusiyasında onlarla dövlət yaranmışdı. Düşünürəm ki, yaxın gələcəkdə prosesin axarını elə sadə ruslar dəyişdirəcək. Çünki Putinin qərarlarından daha çox ziyan görən elə sadə xalqdır".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ