Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. Bu, Rusiya liderinin Anadolu yarımadasına 15-ci səfəri olacaq. İndiyə qədər Putin 14 dəfə Türkiyədə səfərdə olub.
Bu göstəriciyə görə Türkiyə Putinin ən çox səfər etdiyi ölkələrin sırasında 8-cidir.
Kreml sahibinin ən çox səfər etdiyi ölkə isə Qazaxıstandır. Putin hakimiyyətə gəldiyi gündən bəri 31 dəfə Qazaxıstanı ziyarət edib. Sonrakı yerlərdə Belarus (26), Ukrayna (21), Almaniya (18), Fransa (17), Çin (17), Qırğızıstan (15), Türkiyə (14), Tacikistan (12), Özbəkistan (9), Finlandiya (9) gəlir. Azərbaycan və Ermənistan da Putinin ən çox səfər etdiyi ölkələrdəndir. Putin İrəvanda 8, Bakıda isə 7 dəfə olub.
Ümumiyyətlə, son 24 ildə Rusiya lideri 72 fərqli ölkəyə rəsmi səfərə gedib. Bu ölkələrin 20-yə yaxınında o, cəmi bir dəfə olub, 20-dən artığına 2 dəfə, yerdə qalanına isə 3 dəfədən artıq səyahət edib.
Göründüyü kimi, Putin hansı ölkələrlə əməkdaşlığa, yaxınlığa, qarşılıqlı münasibətlərə önəm veribsə, daha çox o ölkələrə gedib. Bu siyahıda Qırğızsıtan və Tacikistan istisna kimi görünə bilər, ancaq Rusiyanın bu ölkələrə xüsusi diqqəti ona gətirib çıxarıb ki, onlar Moskvadan çox uzaqda olsalar da, qatı Kremlpərəst ölkələr kimi tanınırlar.
Türkiyə Putinin çox səfər etdiyi ölkələr sırasında “ilk onluq”da yer alsa da, bu iki ölkənin münasibətlərinin gerçək göstəricisi deyil.
Məsələ ondadır ki, prezident Ərdoğan da 5 dəfə Rusiyada səfərdə olub. Bundan başqa, Putin və Ərdoğan başqa ölkələrdə keçirilən sammitlərdə də görüşüblər. Həm də bu görüşlər ayaqüstü xarakter daşımayıb, qarşılıqlı münasibətlərə, hər iki ölkəni maraqlandıran problemlərə dair müzakirələrlə müşayiət olunub. Bu sırada iki lider arasında baş tutan telefon danışıqlarının çoxrəqəmli statistikası da var.
Məlim olduğu kimi, Ukraynada törədilən hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinin RF prezidenti Vladimir Putin haqqında həbs orderi verməsi ilə əlaqədar olaraq o, xarici ölkələrə səfərlərini, məhdudlaşdırıb, demək olar ki, sıfırlayıb. Keçən ildən bəri Putin həmin orderin işlədiyi ölkələrin, o cümlədən Roma statutunu təsdiqləmiş dövlətlərin heç birinin ərazisinə getmir. Bu üzdən o, bir neçə beynəlxalq tədbirdə birbaşa iştirakdan imtina edib, toplantılara onlayn qaydada qatılıb.
Bu baxımdan Putinin NATO ölkəsi olan Türkiyəyə səfəri istisnadır. O, Türkiyəyə, bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana olduqca güvənir. Putin ötən il əbəs yerə Ərdoğanı “kişi adam” adlandırmamışdı. Son iki ildə Ukraynaya yardımla bağlı Türkiyə ilə Rusiya arasında bir neçə dəfə gərginlik olsa da, tərəflər tezliklə ortaq məxrəclər tapıblar. Türkiyə Ukraynaya humanitar yardım göstərməkdən, eləcə də müəyyən çərçivədə silah tədarükü etməkdən vaz keçməyəcəyini göstərib. Bundan başqa, Türkiyənin Rusiyadan təhvil aldığı hərbi əsirləri - “Azov komandirləri”ni bir ildən sonra Ukraynaya verməsi gərginliyə səbəb olsa da, bu nifaq da uzun sürmədi. Tərəflər çox çəkmədən anlaşdılar, anladılar ki, Qərbin basqıçı siyasəti qarşısında bir-birinə dəstək verməyə məcburdurlar.
Qərbin prizmasından baxanda Türkiyə Rusiyaya qarşı tətbiq edilən qlobal təcridetmə kampaniyasını pozmaqla NATO-dakı müttəfiqlərinə “xəyanət edir”. Ancaq Türkiyənin bu xüsusda öz maraqları və arqumentləri var. Bu dövlət Rusiya ilə çoxtərəfli əməkdaşlıqdan imtina etsə, bu, Türkiyə üçün özünütəcrid demək olar. Ona görə ki, atom enerjisi sahəsindən tutmuş turizm sektoruna, aqrar məhsulların geniş bazarına qədər Türkiyə və Rusiya arasında çoxmilyardlıq ticarət tərəfdaşlığı var. Bunlardan imtina hər iki dövlətə bir-iki ilin içində bir neçə yüz milyard dollar civarında ziyan vura bilər. 8 il əvvəl Suriya səmasında Türkiyəyə bağlı qüvvələr tərəfindən vurulan Rusiya təyyarəsinə görə münasibətlər son dərəcə pisləşəndə, təkcə rus turistlərin Türkiyə kurortlarına buraxılmaması nəticəsində qardaş ölkənin turizm sektoru çöküş nöqtəsinə gəlmişdi.
O zamanlar iki ölkənin arasında müharibə başlanması ehtimalı çox yüksək idi. Ancaq sonda sağlam düşüncə qalib gəldi və tərəflər qarşılıqlı hiddətlərini boğdular. Rusiya səfirinin həyatına Ankarada sui-qəsd edilməsi isə açıq-aşkar Rusiya və Türkiyəni toqquşdurmaq cəhdi idi, ancaq nə Putin, nə də Ərdoğan bu tələyə düşmədi, onlar sui-qəsddən yarım saat keçməmiş güllənin haradan atıldığını düzgün təsbit etdilər. Məhz bu hadisədən sonra Türkiyə və Rusiya yenidən yaxınlaşmağa başladı. Səfir Andrey Karlovun qətli iki ölkəni düşmən etməkdənsə, müttəfiqə çevirdi.
Bu iki ölkənin yaxınlığı, anlaşma içində olması, əməkdaşlığı ABŞ və Avropaya sərf etmir, ancaq Rusiya və Türkiyə üçün çox faydalıdır.
Türkiyə və Rusiyanın bu cür müsbət səciyyəli əməkdaşlığının ən çox sərf etdiyi ölkə isə Azərbaycandır. Bizim bu güclü dövlətlərin ikisi ilə də yaxşı münasibətlərimiz var. Hətta Azərbaycan iki dövlət arasında etibarlı bənd rolunu oynamağa qadirdir.
Odur ki, Rusiya prezidentinin Türkiyəyə səfəri, Putinlə Ərdoğanın görüşü ölkəmizdə də diqqətlə izlənəcək. Bu iki dövlətin səmimi anlaşma içində olması bizim təhlükəsizliyimiz üçün son dərəcə vacibdir.
Araz Altaylı, Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ