Onlayn ictimai-siyasi qəzet
Rusiyanın teleefirindən Azərbaycana qarşı təxribatlar, media-çirkabların atılması davam edir. “Yeni Müsavat” yazır ki, bu dəfə estafeti Rusiyanın “Rossiya 24" dövlət (!) telekanalı götürüb. Belə ki, telekanalda ölkəmiz əleyhinə növbəti süjet nümayiş olunub.
Onun müəllifi, jurnalist Natalya Solovyova guya ermənilərin dərdini çəkərək bildirir ki, Qərb Vaşinqtonun simasında özünün "Qarabağ Azərbaycandır" şərtləri ilə sülh təklif edir, ancaq başqalarının itkiləri ilə (yəni Ermənistan axı Qarabağsız qalır) hesablaşmır. Bundan başqa, süjetdə Qarabağdakı separatçı rejimin “keçmiş rəhbəri” Bako Saakyandan sitat gətirir, onun şəklinin altında titrdə “artsax respublikasının sabiq prezidenti” yazılır, həmçinin ermənipərəst ekspertlərin çıxışları efirə verilir. Azərbaycanın mövqeyini isə heç kim ifadə eləmir. Ümumən son vaxtlar Rusiyanın dövlət kanallarında bu qəbildən bir neçə anti-Azərbaycan, təxribat xarakterli süjetlər və reportajlar nümayiş etdirilib. Onların sayı azalmaq əvəzinə artır. Halbuki bütün bu həyasızlıqlarına etiraz olaraq, Azərbaycan XİN ötən həftə Rusiya tərəfinə etiraz notası təqdim edib, belə halların önlənməsini tələb (!!) edib.
Göründüyü kimi, “dəyirman öz işindədir”. Görəsən, niyə? Rusiya bununla nə demək istəyir? Axı söhbət heç özəl kanallardan da getmir. Hər şey qırağa, Putinin imza atdığı 22 fevral 2022-ci il Moskva bəyannaməsinin 1-ci bəndi necə olsun bəs: “Bənd 1. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət (!! - red.), eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Rusiya informasiya çirkinliyinə niyə gedir? Maraqlıdır ki, bu təbliğat forması Putinin “Valday” çıxışı və ermənilərin Xankəndidəki mitinqi ilə sinxronluq təşkil edir. Çünki ardıcıllıq hiss olunur və eybəcər piar maşını işə salınıb.
Sabir Rüstəmxanlı: “Rusiya siyasətində qeyri-sabitliyin əlamətidir, Putinin çıxışından bəlli olur ki...”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a qeyd etdi ki, telekanallarda aparılan kampaniya Rusiya siyasətində qeyri-sabitliyin əlamətidir. VHP sədrinin fikrincə, Moskva Ermənistanı Qərbdən uzaqlaşdırıb Rusiyanın qucağında saxlamaq məqsədi güdür. Deputatın sözlərinə görə, çox mürəkkəb proseslər gedir: “Rusiyanın çıxışlarından, Putinin açıqlamalarından bəlli olur ki, Azərbaycanın haqlı mövqeyini axıra qədər müdafiə etmək yox, Cənubi Qafqazda nüfuzlarını itirməmək üçün Ermənistanı əldə saxlamağa çalışırlar. Əslində tam müəyyənləşməmiş siyasət olduğu üçün konkret fikir bildirməyə çətinlik çəkirəm. Ancaq Qərbin Cənubi Qafqazda sülh yaratmaq istəyi, Brüsselin önə çıxması Rusiyaya sərf etmir, ona görə erməniləri yenidən şirnikləndirirlər”.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, tək Rusiya deyil, Azərbaycana qarşı kollektiv hücum var: “Son günlər Minsk Qrupunun hər üç üzvü, o cümlədən bəzi regional dövlətlərin ictimai adamları, millət vəkilləri, rəsmiləri və mediası tərəfindən Azərbaycana qarşı davamlı olaraq təbliğat aparıldığının şahidiyik. Bu kontekstdə həm Qərb, həm Rusiya, həm də İran ciddi şəkildə Azərbaycana pressinq edərək hansısa maraqlarının Bakı tərəfindən qəbul olunmasını istəyirlər. Dünənlərdə bu təbliğata BBC-nin də qoşulması və daxilimizdə bəzi siyasi fəalların adıçəkilən xəbər carçısına Bakını tənqid edən şərhlər vermələri, sözsüz ki, birmənalı qarşılana bilməz. Rusiya, İran, Fransa kanallarında, o cümlədən BBC-də gedən sujetə, Parisin noyabrın ortasında Azərbaycana qarşı qətnamə qəbul etmək fikrində olması və bütün digər məqamlara baxmayaraq, sonda Bakının istədiyi olacaq. Azərbaycan-Ermənistan arasında danışıqlara müdaxilə edən və əldə edilən razılıqların icrasının qarşısını almaq istəyən, razılaşdırılmış sülh müqaviləsinin qaralamasını yayan müəyyən dövlətlər öz məqsədlərinə çatmayacaqlar”.
Zaur Məmmədov: “Tək Rusiya deyil, İran, Fransa kanallarında kollektiv hücum var”
“Rusiya telekanallarında Azərbaycana qarşı davamlı təxribatların arxasında müəyyən səbəblər dayanır. İlk növbədə bu onun göstəricisidir ki, Rusiya hansısa məsələlərdə öz narazılığını bildirir. Xüsusən də Ermənistan-Azərbaycan münaqişəsinə aid məsələlərdə bir növ bununla öz narazılığını ifadə edir”.
Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir bunun başqa səbəblərinin olduğunu da istisna etmədiyini diqqətə çatdırıb: “Bilirik ki, Azərbaycan indi Avropa İttifaqında enerji böhranının aradan götürülməsində bir faktor kimi tez-tez siyasi gündəmdədir. Ancaq Rusiyanın ümidi onunla bağlıdır ki, qaz böhranı nəticəsində ona qarşı tətbiq olunan sanksiyalar aradan götürüləcək. Əgər Avropa İttifaqı və Avropa ölkələri bu sanksiyaları götürmədən digər mənbələri istifadə edəcəklərsə, o cümlədən Azərbaycan qazından, onda təbii ki, bu, Rusiyanın maraqlarına ziddir. Yəni bizdə olan konkret səbəblər bunlardır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ