Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda fəaliyyət göstərən “Rus evi”nin tabe olduğu Rusiya Müstəqil Dövlətlər Birliyi İşləri üzrə Federal Agentliyin “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıdan alınan nota barədə danışıb.
Musavat.com-un məlumatına görə, o, “Rossiya-24” telekanalına bildirib ki, Rusiya Azərbaycan Xarici İşlər Nazirliyindən Bakıdakı Rus Evinin qeydiyyata alınması və ya onun fəaliyyətinin dayandırılmasının zəruriliyi ilə bağlı nota alıb:
“Notada qeyd olunur ki, bizim nümayəndəliyimiz, “Rus Evi” kimi tanınan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM) yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir... və qeydiyyatdan keçmədiyi üçün mərkəzin fəaliyyətini dayandırmaq çağırışı var”.
Primakovun iddiasına görə, “Rus evi”nin qeydiyyatı 1997-ci ildə imzalanmış Rusiya-Azərbaycan hökumətlərarası sazişində nəzərdə tutulub. Lakin Azərbaycan qanunvericiliyində Rusiya dövlət təşkilatının hüquqi şəxs kimi qeydiyyata alınması üçün hüquqi baza olmadığına görə qurum qeydiyyatdan keçməyib.
Agentlik rəhbəri bu məsələdə Azərbaycan tərəfini günahkar kimi təqdim etməyə çalışaraq, Bakının qeydiyyata maraq göstərmədiyini bildirib. Eyni zamanda Primakov Azərbaycan təyyarəsinin Rusiya ərazisində vurulması məsələsinə toxunaraq, “Rus evi”nin bağlanması təkliflərinin onunla bağlı olduğunu deyib: "Hesab edirəm ki, bəzi hədsiz emosionallıq var ki, bu, tamamilə başa düşülən fondan irəli gəlir: bu, AZAL təyyarəsinin başına gələn dəhşətli faciədir. Vəziyyət araşdırılır. Mən vurğulamaq istəyirəm ki, bu, təkcə Azərbaycan tərəfi üçün deyil, orada bizim vətəndaşlar olduğuna görə bizim üçün də faciədir və biz də araşdırmanın nəticələrini gözləyirik”.
Agentlik rəhbəri “Rus evi”nin heç vaxt casusluq və separatizmlə məşğul olmadığını iddia edib, Rusiyanın gələcək addımları ilə bağlı qərarın Xarici İşlər Nazirliyi tərəfindən veriləcəyini bildirib.
Qeyd edək ki, Y.Primakovun “hədsiz emosionallıq” kimi təqdim etdiyi məsələ Azərbaycanın beynəlxalq hüquqa və aviasiya qanunvericiliyinə əsaslanan haqlı mövqeyidir. Bakı Rusiyadan törətdiyi cinayəti etiraf edərək, üzr istəməsini və beynəlxalq qaydalara uyğun kompensasiya ödəməsini gözləyir. Özünü dost adlandıran ölkə bunu etmirsə, həyasızcasına ortada olan dəlil-sübutları təhrif etməyə çalışırsa, bu halda onun dövlət qurumlarının Azərbaycan ərazisində qeydiyyatsız fəaliyyətinə imkan verilməyəcəyi perspektivini də nəzərə almalıdır.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ