Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Qüvvələri Zaporojya vilayətində Rusiyaya məxsus yük qatarını vurub.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “İşğalın Öyrənilməsi Mərkəzi”nin rəhbəri Petro Andryuşşenko "Telegram" kanalında paylaşıb.
Onun sözlərinə görə, Ukraynanın hücumu nəticəsində qatar tamamilə sıradan çıxarılıb, bu istiqamətdə dəmir yolu hərəkəti isə dayandırılıb.
Məlumatda bildirilir ki, qatar Rusiya ordusunun ehtiyacları üçün yanacaq daşıyırmış.
Bu arada cəbhə xəttində şiddətli döyüşlər davam edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutka ərzində 186 döyüş toqquşması qeydə alınıb. Rusiya ordusu əsasən Pokrovski, Novopavlovski və Limanski istiqamətlərində fəallıq göstərib.
Rus qoşunları hücum zamanı 4 raket və 162 idarəolunan aviabombadan istifadə edib. Həmçinin iki raket və 78 hava zərbəsi endirib. Ümumilikdə Rusiya qüvvələri 5489 kamikadze tipli PUA göndərib, 86-sı çoxsaylı raket sistemlərindən olmaqla 5350 artilleriya zərbəsi həyata keçirib.
Aviazərbələr Sumı, Çerniqov, Zaporojye və Xerson vilayətlərində, o cümlədən Qorki, Polyuşkino, Karabanı, Primorskoye, Novoandriyevka və Antonovkada yaşayış məntəqələrinə endirilib.
Ukrayna Müdafiə Qüvvələri isə cavab olaraq Rusiya ordusunun və texnikasının cəmləşdiyi dörd ərazini, dörd artilleriya sistemini və iki komanda məntəqəsini dəqiq atəşlə vurub.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ