İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya ölkə olaraq mənim üçün daha yoxdur”- 70 yaşlı Bloxin  

 

İdmandan ayrıldıqdan sonra siyasətə “baş vuran” məşhur futbolçu: “Məndən təlxək düzəltmək istədilər”

 

Noyabrın 5-də böyük sovet və ukraynalı  futbolçu Oleq Bloxinin 70 yaşı tamam oldu. Ukraynada davam edən müharibə vaxtilə ölkəsinin fəxrlə danışdığı, “Qızıl top” almış bu futbolçunun yada salınmasına imkan vermədi.

İdmandan ayrıldıqdan sonra siyasətə  “baş vuran” Bkoxin burada futboldakı kimi uğurlara imza ata bilmədi. Bloxinin siyasi karyerası 1998-ci ildə başlayıb. Keçmiş futbolçu o vaxt ölkənin baş naziri postunu tutan Petro Lazarenkonun rəhbərlik etdiyi  sosial-demokrat fraksiyasının üzvü olub. 1999-cu ildə isə Bloxin Yuliya Timoşenkonun yenicə yaratdığı “Batkivşina” fraksiyasına qoşuldu.

Ancaq odioz xanım siyasətçi ilə partiya münasibəti cəmi iki il davam etdi. 2000-ci illərin əvvəllərində isə o, Ukrayna Kommunist Partiyasının sıralarında idi. Bloxin məhz kommunistlər blokundan Ali Radanın deputatı oldu. Ali Radada gənclər siyasəti, idman və turizm komitəsində işlədi. Lakin Bloxinin kommunistlərin qırmızı bayrağı altında da fəaliyyəti uzun sürmədi. Ali Radaya seçildikdən bir neçə ay sonra Bloxin rusiyayönümlü Viktor Medvedçukun rəhbərlik etdiyi Ukrayna Sosial Demokrat Partiyasına (SDPU) keçdi.

2005-ci ildə Ali Radaya növbəti seçkilər ərəfəsində, SDPU əsasında yeni müxalifət bloku yaradıldı. Lakin bu blok 1 faizdən bir qədər çox səs toplayaraq seçkilərdə uğursuzluğa düçar oldu. Bununla da Bloxinin siyasi karyerası, əslində, başa çatdı.

“Düşünürəm ki, siyasətə qayıtmayacağam. Siyasətdə məndən təlxək düzəltmək istədilər. İndiki parlamentə baxanda isə indi mən onlara gülürəm”- Bkoxin müsahibələrinin birində belə deyib.

Futbolçu verdiyi sözə əməl edib və o vaxtdan bacardıqca siyasətdən uzaqlaşıb. Fevralın 24-də Rusiya qoşunlarının Ukrayna ərazisinə soxulmasına isə Bloxin sərt reaksiya verib. O, Putin hakimiyyətinin müharibə qərarını pisləyib və “Rusiya bir ölkə olaraq artıq mənim üçün mövcud deyil” deyib.

Bloxinin məşqçilik sahəsindəki əsas uğurları Ukrayna millisi ilə bağlıdır. O, milli komandanı ilk dəfə dünya çempionatının finalına çıxarmaqla kifayətlənməyib, həm də ukraynalıları 1/4 finaladək gətirdi, bu mərhələdə isə gələcək dünya çempionları italyanlara uduzdular.

Milli komandaya rəhbərlik edəndə o həm də deputat idi ki, bu da çoxlarının xoşuma gəlmirdi. Onu Radadan qovmaq istəyən siyasi rəqiblər daim sıxışdırırdılar. Deputat mandatının futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi postu ilə bir araya sığmadığını iddia edirdilər. Hətta bu məsələ o qədər ciddiləşdi ki, Kiyev Apelyasiya Məhkəməsi hər iki postu tutmaqla Bloxinin qanunları pozmadığı haqda qərar verməli oldu.  

Bu, olaylar Ukrayna komandasının 2006-cı il dünya çempionatının final mərhələsindəki tarixə uğurdan bir qədər əvvəl baş vermişdi. Ali Rada Bloxinə görə bu möhtəşəm uğura heç bir reaksiya vermədi, əvəzində ona Rusiya Dövlət Dumasından təbrik teleqramı gəldi.

r.png (266 KB)

Klub səviyyəsində məşqçi Bloxinin böyük qələbələri yoxdur. O, “Olimpiakos”la Yunanıstan Kubokunu və Superkubokunu qazandı, lakin bir dəfə də olsun, ölkə çempionu olmadı. Bloxin 2012-ci ildən 2014-cü ilə qədər rəhbərlik etdiyi doğma Kiyev "Dinamo"su ilə də uğur qazana bilmədi.

"Dinamo"dan ayrıldıqdan sonra Bloxin artıq heç bir kluba rəhbərlik etmir.

Orxan ƏLİYEV,
Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR