İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nə ilə barışır?..

Ötən həftənin sonlarında birdən-birə iki şad xəbər gəldi. Əlbəttə, birincisi dörd kəndimizin qaytarılması ilə bağlı oldu. Amma bundan bir az əvvəl deyildi ki, bəs Rusiya sülhməramlıları Azərbaycan ərazilərini tərk etməyə başlayıbdır... 

Sözsüz, bu vaxta qədər diskussiya olunan dörd kəndin bir güllə belə atılmadan qaytarılmasına qərar verilməsi çox böyük hadisədir. Amma sülhməramlıların ölkədən çıxmağa başlaması da bundan önəmsiz məsələ deyil. 

Əslində bu, 2025-ci ildə baş verməli idi. Amma dövlət rəsmilərimiz bildirdilər ki, iki ölkə sülhməramlıların vaxtından əvvəl çıxmasına qərar veribdir. 

Bütün hallarda suallar yaranır: necə olub ki, Rusiya bununla razılaşıb? Axı nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda qalmaq onun strateji hədəflərindən biridir! Xüsusən də indiki bir vaxtda - bəli, o məqamda ki, onun bu bölgədəki mövqeləri ciddi şəkildə laxlamağa başlayıbdır!..

Qərəz, keçək mətləbə, görək, bu mühüm hadisəinin səbəbləri nə ola bilər? Bir neçə il bundan əvvəl belə bir ehtimal vardı ki, gec-tez Rusiya özü də, elə dünya birliyi də razılaşacaq ki, Moskvanın keçmiş SSRİ məkanının iki bölgəsində təbii maraqları var. Bunlar Ukrayna və bir də Belarusdur. 

Bəli, onda belə söylənirdi ki, hamı bu iki respublikanın Rusiyanın ən azı “təsir dairəsi”ndə qalması ilə barışacaqdır, ona görə ki, ruslar, ukraynalılar və belaruslar eyni xalqlardır. Təsadüfi deyil ki, Rusiya tarixi qədim Kiyev rus dövlətindən başlayır!.. 

Deyəsən, elə Rusiya özü də bununla barışmağa başlayıb. Moskva da, deyəsən, göz altına alıbdır ki, üç Baltik respublikası Avropanın təsir dairəsində olacaq, Azərbaycan və Mərkəzi Asiya isə Türkiyənin! Qeyd etmək lazımdır ki, Azərbaycan və Mərkəzi Asiya ilə bağlı da, xüsusən də bir daha deyirik ki, Azərbaycanla bağlı məsələ də tam aydınlaşmaqdadır. 

Bəli, Bakı bəyan edəndən sonra ki, onun Avropa strukturlarına inteqrasiya etmək məqsədi və maraqları yoxdur, Moskva bizə qarşı siyasətini ciddi şəkildə dəyişdi. Amma bir məsələ də var ki, Azərbaycan ciddi şəkildə Türkiyəyə tərəf dreyf edir və hətta bu yaxınlarda ən yüksək səviyyədə qeyd edildi ki, bizim inteqrasiya edəcəyimiz bir ünvan var ki, bu da Türk Dövlətləri Birliyidir! Rusiya bunu görmürmü? Bunun fərqində deyilmi? Əlbəttə ki, görür və bir az əvvəldə qeyd etdik ki, Moskva artıq bununla barışıb. 

Baltik respublikaları hələ də Rusiyanı özlərinə qarşı təhdid kimi görsələr də Moskvanın çətin ki, onlarla bağlı hansısa məkrli planları var - yox, Litva, Latviya və Estoniya Avropadır və Avropa kimi qalacaqdır. 

Mərkəzi Asiya və Azərbaycanla bağlı artıq dedik. Moldova gec-tez Rumıniyanın təsir dairəsinə keçəcək və hətta ola bilsin ki, Buxarestlə birləşəcək, hərçənd belə fikirlər səslənir ki, guya Ukraynadan sonra Moskva Moldovaya hücum edəcək. Amma düşünmürük ki, belə olsun. 

O ki qaldı Gürcüstana və Ermənistana, əlbəttə ki, Rusiya bunları da təsir dairəsində saxlamağa çalışardı. Amma Gürcüstan bir tərəfə, Ermənistanda da onun dayaqları ciddi şəkildə laxlamağa başlayıb. Özü də bu, təkcə N.Paşinyanla bağlı məsələ deyildir - İrəvanı bu vaxta qədər Rusiyanın orbitində saxlayan keçmiş Dağlıq Qarabağ məsələsi idi. Bu isə artıq yoxdur, deməli, Ermənistan-Rusiya qardaşlığı və dostluğu da daha yoxdur. 

Gürcüstan Rusiyadan aralanmaq səmtində Ermənistandan qat-qat artıq addım atıb - bu ölkə Avropa İttifaqına üzvlük üçün namizəd-dövlət statusu da alıb. Amma təhlilçilər belə hesab edir ki, Moskva bununla barışmır və onlar Gürcüstanda “xarici agentlər” haqda qanun layihəsinin yenidən gündəmə gələməsini də Rusiyanın “siyasi agent”lərinin Tiflisi ən azı Avropadan ayırmaq üçün göstərdikləri daha bir cəhdi kimi dəyərləndirirlər. Halbuki hakim “Gürcü arzusu” koalisiyası qanunun ilk növbədə Rusiyanın “təsir agentləri”nə qarşı yönələcəyini deyirlər. Amma çox gülməlidir, deyilmi? Axı bu vaxta qədər hamı hakim “Gürcü arzusu” koalisiyasının özünü Rusiyanın təsir dairəsində olan bir siyasi qüvvə kimi qiymətləndirib!..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR