İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mediası Vardanyanı niyə müdafiə etməyə başlayıb?

 Putinin xüsusi sərəncamı ilə vətəndaşlıqdan çıxarılan erməniyə “sahiblənmək”  istəyi güclənib; bu yalanlarda Qarabağda nöqtələnmiş separatizmi dirçəltmək meylləri də var  

Yanvarın 17-də Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin Bakıda başlayan mühakiməsi müasir Azərbaycan tarixində ən mühüm hadisələr sırasında həmişəlik qalacaq. Onların bir çoxu haqda illərlə  dırnaq işarəsində yazmışıq: ”prezident”, “xarici işlər naziri”, “müdafiə naziri”...İndi o “dırnaq” işarəsində yazdıqlarımızın boyaboy qalın şüşə arxasında  Azərbaycan gerbi və dövlət adından ittiham olunmasını görmək xoşbəxtliyini yaşayırıq.

İlahi ədalət də demək olar buna. Bu  allahsızlar həm də Azərbaycan dövlətinin qüdrəti səbəbindən indi o yerdə oturublar. Bizi gücsüz gördükləri zamanda, bayrağımıza həqarət edəndə, dinc əhaliyə divan tutanda 2025-ci ilin yanvarında belə bir tale yaşayacaqlarını ağıllarına da gətirməzdilər. Bu bizim üçün başqa, onlar üçün isə bir  başqa “möcüzə”dir. 

Məhkəmədə rəsmi olaraq 531 min zərərçəkəndən söhbət gedir, onların sırasında bizim ailə də var. Bu erməni çetənin əməllərindən bütün xalq zərər çəkib. Elə bir ailə yoxdur ki, İki Qarabağ müharibəsi ona toxunmasın. Birinin qardaşı, o birinin həyat yoldaşı, digərinin nişanlısı,  birinin əmisi, dayısı, xalası oğlu, dostu, tanışı, iş yoldaşı, qonşusu qurban gedib... Saymaqla bitməz ki... 

Yaxın gələcəkdə bu məhkəmə prosesi tarix dərsliklərində  mütləq əks olunacaq, çünki bu proses Azərbaycanda  1988-ci ildən başlamış  erməni cinayətlərinin və separatizminin tabutuna vurulmuş sonuncu mismarlardır.  Bu məhkəmə bütün erməni cinayətlərinə verilmiş hüquqi qiymət olacaq. 

Ermənilərin Bakıda başlayan məhkəməsinə xarici diqqətdən qətiyyən narahat olmamalıyıq. Bizim bu məhkəmə ilə bağlı dünyadan gizlədiləsi heç nəyimiz yoxdur, hər şey göz qarşısında baş verib. Bu cinayətlərindən  dünya da xəbərdar olub, amma ya susub, ya da görməzdən gəlib.  Ona görə bu məhkəmə insanlığa qarşı baş vermiş ağır və silsilə  cinayət faktlarının hüquqi konstatasiyasıdır. O cinayət məcəlləsini qoyaq bir kənara,  məndən soruşun sizə onların cinayətlərini konkret iki faktla deyim. Atamın evini yandıranlar da, məzarını dağıdanlar da onlardır! Bu cinayətləri hüquqi olaraq sübut etməyə ehtiyac var, çünki biz hüquqi dövlətdə yaşayırıq. Cəzalarını dövlətdən istəyirəm...

Bakıda başlayan məhkəmədə əsas diqqətin Ruben Vardanyana yönəlməsi də gözlənilən idi. Onun məhkəmə ərəfəsi müraciətindəki yalanları, özündən əzabkeş obrazı yaratmaq cəhdləri düşünülmüş gediş idi. İstintaq müddətində də həm erməni, həm xarici mediada ən çox onun haqqında yazılar vardı ki, bu da səbəbsiz deyildi. Vardanyan Qarabağa qanunsuz gəlmək, orada “vəzifə tutmaq” kimi avantüraya qərar verməzdən əvvəl erməniəsilli rusiyalı oliqarx kimi tanınırdı, adı “Forbes”in siyahısında olardı.

Vardanyanı bu avantüraya vadar edən səbəblər haqda bir neçə iddia vardı, amma hansı gerçəkdir, onu yalnız özü bilir. Paşinyanı aşırıb Ermənistanda hakimiyyətə gəlmək istədiyi üçün Qarabağda “xal toplamaq” ən ağlabatan versiya idi. Vardanyan niyə Rusiya vətəndaşlığından imtina edərək, Xankəndi və ətrafında “dövlət naziri” olmaq istəyinə düşmüşdü, bunun səbəbini yəqin  istintaqda deyib. Bəlkə dediyi başqa sirlər də var, çünki o Kremlə xas(uyğun) oliqarx hesab olunurdu, onun Rusiyaya qəfil “arxa çevirməsi” haqlı suallar doğurmuşdu. Həm də 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra onu Xankəndiyə çəkib gətirən nə ola bilərdi ki? Qarabağda qanunsuz yerləşdikdən və separatçı qurumda “dövlət naziri” olduqdan sonra Vardanyanın anti-Azərbaycan fəaliyyəti genişləndi, bəzi beynəlxalq media onu sanki “Qarabağ müxbiri” kimi tez-tez efirlərə çıxarırdılar-  puluna minnət...

 Bir neçə gündür ki, ən müxtəlif media resurslarında Vardanyanın “müdafiəsinə” yönəlik piar materiallar dərc olunur. Bunların səbəbi aydındır, “pulu kim verir, musiqini də o sifariş edir”.  Amma diqqətçəkən məsələ Rusiya mediasının Vardanyanın müdafiəsində etdiyi canfəşanlıqdır.  Rusiya mediası Vardanyan haqda həbsinin ilk günlərində də yazmışdı, amma bu, sadəcə,  xəbər janrında idi. İndiki yazılarda isə Vardanyanın müdafiəsinə, onun guya günahsız olduğuna, guya ittihamların çox ağırlaşdırıldığına dairə iddialar yer alır.  

 Məsələn,  “Vzqlyad” nəşri başlamış məhkəmə haqda materialında prosesin obyektivliyini şübhə altına almağa cəhd edib. İddia olunur ki, guya Vardanyana istintaqda təzyiqlər olub, maddələr ağırlaşdırılıb,  materiallarla tanış olmaq üçün zaman verilməyib və sairə. Bu yalan sicilləmələrində həm də Qarabağda nöqtələnmiş erməni separatizmini dirçəltmək,  ermıniləri qızışdırmaq meylləri var. Rusiya medasının bu canfəşanlığının maddi maraqla da izah etmək olar. Rusiya vətəndaşlığından nümayişkarəə  imtina etmiş, Putinin isə xüsusi  sərəncamı ilə vətəndaşlıqdan çıxardığı Vardanyana indi xeyir ola, belə  “sahiblənmək”, sarılmaq  istəyi yaranıb? Səbəb yalnız Vardanyanın müdafiəçilərindən pul qoparmaqdır, yoxsa Rusiya yenə ənənəvi oyunlarına qayıdıb? Bu qərəzli mövqelərin təyyarə olayandan sonra yaranmış gərginliyin təsiri varmı?

Vardanyanın müraciətinin sonluğunda xalqlar arasında sülh üçün mümkün olan hər şeyi edəcəyinə söz verib, dünyanı xilas etməyin yeganə yolu zorakılıq etməmək, həqiqət və sevgi prinsipləri ilə yaşamaqdır” deyib.

Amma həqiqət budur ki, Vardanyanın(eləcə də digərlərinin) bəşəri dəyərlərə indi qiymət verməsi səmimi deyil, üstəlik də çox gecdir...   

Nazim  Sabiroğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR