Onlayn ictimai-siyasi qəzet
Moskva Xankəndi variantı alınmadığı üçün ölkənin ikinci ən böyük şəhərində bu arzusunu həyata keçirmək istəyə bilər, amma siyasətçilər zərurət görmürlər, çünki səfirliyin konsulluq bölməsi fəaliyyət göstərir
Məlum olduğu kimi, son zamanlar Rusiyanın müxtəlif ranqlı hakimiyyət təmsilçiləri Xankəndidə Rusiya konsulluğunun açılması təşəbbüsləri ilə çıxış edirlər və açıq şəkildə Kremlin bunda maraqlı olduğunu qeyd edirlər.
Baxmayaraq ki, nə Xankəndidə, nə də ətraf rayonlarda Rusiya vətəndaşları yaşamır və deməli, konsulluq xidmətlərinə də heç bir ehtiyac yoxdur. Rusiyanın daha çox siyasi xarakter daşıyan bu istəyi barədə son dəfə Vladimir Putinin Azərbaycana səfəri öncəsi Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin danışmışdı. O demişdi ki, Rusiyanın Xankəndidə baş konsulluğunun açılmasına hazırlıq tezliklə başlaya bilər.
Bu həssas mövzu ilə bağlı Rusiyanın TASS agentliyinə açıqlama verən ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlunun dedikləri agentlik tərəfindən təhrif olunub. Bunu Haqqın.az-a açıqlamasında P.Bülbüloğlunun özü deyib. Belə ki, TASS öz məlumatında səfirimizin agentliyə geniş müsahibəsi zamanı guya Qarabağda Rusiya konsulluğunun açılacağını təsdiqlədiyini bildirib. Daha sonra ondan sitat gətirib: “Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki bizim Rusiyada iki baş konsulluğumuz var - Yekaterinburqda və Sankt-Peterburqda. Rusiyanın böyüklüyünü və ölkənizdəki azərbaycanlıların sayını nəzərə alsaq, bu, təbiidir. Ancaq Azərbaycanda konsulluqların fəaliyyət sahəsi daha məhduddur, lakin buna baxmayaraq, bu istiqamətdə işlər gedir, müxtəlif variantlar təklif olunur”.
Onu da qeyd edək ki, P.Bülbüloğlunun TASS-a müsahibəsinin tam mətni hələ agentliyin saytına yerləşdirilməyib. Buna baxmayaraq, səfir hesab edir ki, TASS onun sözlərini Azərbaycanda Rusiya baş konsulluqlarının açılması kontekstində təhrif edib: “Mən deməmişəm ki, Rusiya baş konsulluğu Qarabağda da peyda ola bilər. Dedim ki, bu məsələ müzakirə mərhələsindədir”. Hər halda, səfir TASS-ın Rusiyanın Qarabağda konsulluq açacağı barədə məlumatını dolayısı ilə də olsa təkzib edib. Başqa bir iddiaya görə, Rusiya konsulluğunun Xankəndidə deyil, Gəncə də yaradılması da mümkün variantdır.
Beynəlxalq qanunvericiliyə görə, konsulluqlar mövcud dövlətlərin o şəhərlərində açılır ki, o dövlətlərdə qarşı tərəfin vətəndaşları yaşayırlar. Onların həmin dövlətlə münasibətlərində hüquqi problemlərin tənzimlənməsinə ehtiyac yarandıqda həmin problemlərin qısa zaman kəsiyində həllində konsulluq təbii ki, iştirak edir. Rusiyanın hazırda Xankəndidə vətəndaşları yoxdur. Rusiya sülhməramlıları isə artıq Azərbaycanla əldə edilmiş razılıqdan sonra bölgəni tərk ediblər. Bu mənada, Rusiyanın konsulluğu Azərbaycanın ikinci böyük şəhəri Gəncədə açması daha real görünə bilər. Yada salaq ki, Rusiyanın özündə sonuncu prezident seçkisi zamanı Azərbaycanda işləyib çalışan Rusiya vətəndaşlarının bu seçkilərdə iştirakını təmin etmək, onların hüquqlarının realizə olunması üçün məhz Bakı ilə yanaşı Gəncədə belə seçki məntəqələri yaradılmışdı. Qeyd edək ki, 2012-ci ilin sentyabrından Türkiyənin Gəncədə konsulluğu fəaliyyət göstərir. Ekspertlər bu variantın mümkünlüyü barədə nə düşünürlər?
Xatırladaq ki, bu ilin iyununda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən “Rusiya-Azərbaycan” sessiyasında konsulluq məsələsinə toxunmuşdu. Sitat: “Moskva və Bakı Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılmasını müzakirə edir, Rusiya Federasiyası bu məsələdə uğur qazanacağına ümid edir”. Onun sözlərinə görə, Azərbaycanda baş konsulluqlarımızın yaradılması əlaqələrimizin mütərəqqi inkişafı, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışına uyğun olardı. “Azərbaycanlı dostlarla danışıqlar aparırıq və ümid edirik ki, uğur qazanacağıq”, - deyə nazir müavini bildirmişdi.
Qulamhüseyn Əlibəyli
“Yeni Müsavat”a danışan hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, konsulluq o ölkələrdə açılır ki, onların həmin dövlətlərdə əhalisi yaşayır: “Bakıda ruslar yaşayır, eyni zamanda Rusiya səfirliyi də var, səfirliyin konsulluq bölməsi də fəaliyyət göstərir. O baxımdan Azərbaycanda Rusiyanın əlavə konsulluq açmasına zərurət görmürəm”. Q.Əlibəyli qeyd etdi ki, sadəcə, Rusiya konsulluq sayını artırmaqla özünün diplomatik mövcudluğunu gücləndirməyə, Azərbaycanla diplomatik əlaqələri daha da yaxınlaşdırmağa çalışır: “Ancaq dediyim kimi, səfirliyin konsulluq bölməsi var və müvafiq fəaliyyət göstərir. Xankəndidə konsulluq açmaq istəyinin Karasin tərəfindən dilə gətirilməsi Rusiyanın regiondan çıxmaq istəməməsindən irəli gəlir. Ona görə vaxtaşırı bu məsələ gündəmə gətirilir ki, müzakirəyə çıxarılsın. Rusiya sülhməramlı qüvvələrini vaxtından tez çıxardıqdan sonra bölgədə necə mövcudluğunu saxlamağın yollarını axtarır. Azərbaycan isə görünür ki, bu məsələ haqda birmənalı mövqeyini Rusiyanın diqqətinə çatdırıb”.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də hesab edir ki, konsulluq ideyası siyasi məqsəd güdür: “İran Qafanda konsulluq açdı, Fransa da oxşar addım atmaq arzusundadır, Rusiya da fikirləşir ki, Qarabağdan çıxan hərbi kontingenti indi diplomatik varlığı ilə əvəz etsin. Azərbaycan buna ehtiyac bilmir və rəsmi münasibət bildirməyə səbəb görmür. Çünki Xankəndidə ruslar yaşamır, Gəncədə, Sumqayıtda da rusların sayı çox deyil. Rusların kütləvi şəkildə turist kimi axın etdiyi yerlər də deyil ki, Moskva bəhanə eləsin”. S.Əsədli konsulluq açılacağını gözləmir: “Bu istək ifadə olunub, amma Azərbaycan soyuq yanaşıb. Hiss olunur ki, Bakının mövqeyi qəbul edilib. Rusiya Xankəndidə, yaxud Gəncədə konsulluq açdığı halda, cəmiyyətdə də xoş qarşılanmayacaq. Yaxşı olar ki, ikitərəfli iqtisadi əlaqələrin inkişafına diqqət yetirilsin. Rusiyaya konsulluq deyil, sanksiyalar altında boğulan iqtisadiyyatına nəfəslik lazımdır. Bunun da çıxış yolları Bakıdakı görüşdə açıqlandı: Şimal-Cənub dəhlizi Hind okeanına çıxışı təmin edəcək. Kreml indi bu haqda düşünməlidir, Gəncədə konsulluq ona nə verəcək ki?!”
Emil SALAMOĞLU
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ