İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya kəşfiyyatı Ermənistanda hərəkətə keçdi: Ordunun silahlı qiyam qaldırması üçün…

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iyunun 17-də parlamentin növbədənkənar iclasının çağırılması barədə göstəriş verib. Göstəriş qanunverici orqanın saytında dərc olunub. İclasın gündəliyinə hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı məsələnin daxil edilməsi təklif olunub. Lakin Ermənistan Milli Assambleyasının Şurası müxalifətin baş nazirin impiçmentini müzakirə etmək məsələsini növbədənkənar iclasın gündəliyinə daxil etmək tələbini rədd edib.

Baş nazir Nikol Paşinyanı bu addımı atmağa nə vadar edib? Hökumətin istefası və yeni kabinetin formalaşdırılması ilə erməni baş nazir nəyə nail olmaq istəyir? “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirmişdi ki, müxalifət parlamentdə baş nazir N.Paşinyanın impiçmenti prosesini başladacaq. Müxalifətin bu tələbinin rədd edilməsi hansı nəticələrə gətirib çıxaracaq?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Ermənistanda “kilsə qiyamı” hər ötən gün daha da zəifləyir.

Onun sözlərinə görə, yaxın zamanlarda bu proses artıq iflasa uğrayacaq: “Erməni müxalifətinin tələbinin rədd edilməsi Paşinyan üçün ciddi problem yaratmır. Paşinyan hakimiyyəti indi özünü daha rahat və inamlı hiss etməyə başlayıb. Onlar “kilsə qiyamı”nın Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnməyəcəyini bilirlər. Ermənistandakı siyasi və kilsəyə yaxın dairələr bu situasiyadan narazıdırlar. Onlar vəziyyəti öz xeyirlərinə dəyişmək üçün müxtəlif planlar qururlar. Baqratı önə çəkən dairələr qiyamın tam yatırılmasından sonra erməni kilsəsinin sıxışdırılacağını başa düşürlər. Kilsə və onun keşişləri gələcək talelərindən narahatdırlar. Paşinyan hakimiyyəti kilsəyə vergi tətbiq etmək və onun iqtisadi imkanlarını məhdudlaşdırmaq niyyətindədir. İqtidar kilsəni erməni cəmiyyətinə xeyri olmayan quruma çevirmək istəyir. Bütün bunları kilsə və onun başçıları anlayırlar. Ona görə də, onlar Baqratın rəhbərlik etdiyi hərəkatın məğlub olmaması üçün bütün imkanları səfərbər ediblər”.

Politoloqun qənaətincə, qiyamçılar meydana toplaşan 5-10 min nəfərlə Paşinyan hakimiyyətinin dəyişməyəcəyini bilirlər: “Ermənistan mediasına sızan məlumatlara görə, kilsə hazırda iki variant üzərində işləyir. Bunlardan biri baş nazir Nikol Paşinyana qarşı terrorun təşkil edilməsi və onun fiziki məhvidir. Digəri isə “erməni üçlüyü” adlanan qüvvələr (erməni kilsəsi, diaspor, “Qarabağ klanı”) və bunların arxasında dayanan Rusiya kəşfiyyatı Ermənistanda ordunun Paşinyan hakimiyyətinə qarşı etirazlara qatılmasına cəhdlər edirlər. Ehtimal olunur ki, artıq ordunun silahlı qiyam qaldırması istiqamətində müəyyən təlimatlar verilib. Yaxın vaxtlarda ordunun da siyasi proseslərə qarışması Paşinyan hakimiyyəti üçün ciddi problemlər yarada bilər. Sözsüz ki, Ermənistan hakimiyyəti də bundan xəbərdardır. Onların sözügedən planlar üzrə işləməsi istisna deyil”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR