Onlayn ictimai-siyasi qəzet
Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sonra hava hücumundan müdafiə komandanlığı, hava hərəkətini idarəetmə sistemi və dispetçerlərin hərəkətlərini qiymətləndirmək üçün ekspertiza təyin edib.
Musavat.com xəbər verir ki, bu məlumat İstintaq Komitəsinin açıqlamasında yer alıb.
Açıqlamada bildirilir: “Hava hərəkətinin idarə edilməsi xidmətləri, hava hərəkətinin idarə edilməsi sistemi və hava hücumundan müdafiə orqanlarının vəzifəli şəxslərinin hərəkətlərinin qiymətləndirilməsi üçün hərtərəfli komissiya təşkilati-texniki məhkəmə-tibbi ekspertizası təyin edilib. İstintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir”.
Rusiya İstintaq Komitəsi və Dövlətlərarası Aviasiya Komitəsi Aktauda qəzaya uğrayan təyyarənin qara qutularını öyrənir: "İstintaq Azərbaycan Respublikası və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində hava gəmisinin uçuş qeydi aparatlarından alınan məlumatlar əldə edilib, onlar tədqiq edilir”.
Komitə bildirir ki, ekipajın Qroznı, Mahaçqala və Mineralnıye Vodı dispetçerləri ilə danışıqları da təhlil edilir. Təyyarənin vəziyyəti və cinayət işində olan digər maddi sübutlar öyrənilir.
Musavat.com
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ