İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “Hörümçək toru”na düşdü, İstanbulda 2-ci kritik görüş

Türkiyədə sülh danışıqlarının növbəti raundu keçirildi, Moskva atəşkəsə və liderlərin görüşünə yenə razı olmadı; XXI əsrin ən qanlı savaşı necə durdurulacaq...

İyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının növbəti raundu keçirilib. Danışıqlar Türkiyənin xarici işlər naziri Hakan Fidanın rəhbərliyi ilə baş tutub. “Yeni Müsavat” bildirir ki, görüş 1 saat 15 dəqiqə davam edib. İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı sənədlər mübadiləsi aparıb və hərbi əsirlərin azad edilməsi üçün yeni mərhələyə hazırlıq barədə razılığa gəliblər.

Ukrayna və Rusiya “6000-in 6000-ə” formatında hərbi qulluqçuların meyitlərinin mübadiləsinə dair razılığa gəliblər. Ukrayna Rusiyadan münaqişənin sülh yolu ilə həlli üzrə memorandum layihəsini alıb.

Ukrayna danışıqlar zamanı qanunsuz deportasiya edilən ukraynalı uşaqların siyahısını rəsmi şəkildə Rusiyaya təqdim edib. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Telegram”da bildirib ki, söhbət Rusiyanın qanunsuz olaraq deportasiya etdiyi, zorla köçürdüyü və ya müvəqqəti işğal olunmuş ərazilərdə saxladığı yüzlərlə uşaqdan gedir. “The Economist” nəşri yazıb ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ukraynalı uşaqların geri qaytarılması tələbinə belə cavab verib: “Uşağı olmayan Avropa qarıları üçün tamaşa qurmayın”. Bu açıqlama heç bir rəsmi şərh olmadan yayımlanıb.

Bundan başqa, Ukraynanın nümayəndə heyəti Rusiyadan olan rəsmilərə iyun ayının sonunda daha bir görüş keçirməyi təklif edib. Bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Ömərov məlumat verib. Nazirin sözlərinə görə, Rusiya və Ukrayna bütün ağır xəstə hərbi əsirlərin və 25 yaşdan kiçik olanların mübadiləsi barədə razılığa gəlib. Rüstəm Ömərov deyib ki, birinci bənd - atəşkəsdir: “İkinci - insanlarımızın, əsirlərin, oğurlanmış uşaqların azad olunması. Üçüncü - liderlərin görüşü. Rusiya nə atəşkəsə, nə də liderlərin görüşünə razılıq verib. Biz yalnız əsir mübadiləsi barədə razılaşdıq”. O əlavə edib ki, görünür, Rusiya bu diplomatik görüntünü Donald Trampa göstərmək üçün təşkil edir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə eyni gündə Litvanın paytaxtı Vilnüsdə keçirilən Buxarest Doqquzluğu (B9) zirvəsində Avropa liderlərinə mühüm xəbərdarlıq edib. O, Rusiyanın bu yay Belarus ərazisindən yeni bir hücuma başlaya biləcəyinə dair kəşfiyyat məlumatlarının olduğunu bildirib. Zelenski çıxışı zamanı Avropa ölkələrinə müraciət edərək deyib: “Kəşfiyyat xidmətlərinizdən soruşun. Rusiyanın bu yay Belarusda nə planlaşdırdığını öyrənin”.

Zelenskinin bu açıqlamaları Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə keçə biləcəyi ilə bağlı Qərbdəki narahatlıqları artırıb. Ekspertlərə görə, Belarusun potensial cəbhəyə çevrilməsi həm Ukrayna, həm də NATO ölkələri üçün strateji riskləri daha da böyüdə bilər.

Qeyd edək ki, görüş ərəfəsində Trampın xüsusi nümayəndəsi Kit Kelloq Kremlin NATO-nun genişlənməsi ilə bağlı narahatlığını “ədalətli” adlandırmışdı. O bildirmişdi ki, Ukraynanın Alyansa üzv olması məsələsi gündəmdə deyil və bu yanaşma ən azı dörd NATO üzvü tərəfindən dəstəklənir.

Kelloqun sözlərinə görə, nə ABŞ, nə də Ukrayna hələlik Rusiyadan atəşkəslə bağlı rəsmi memorandum alıb. Bununla belə, o, Kiyevi danışıqlardan çəkilməməyə çağırıb və əsas məqsədin “qan tökülməsini dayandırmaq” olduğunu vurğulayıb.

"Reuters" agentliyinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinin atəşkəs üçün irəli sürdüyü şərtlərə NATO-nun şərqə doğru genişlənməsinin dayandırılması və Rusiyaya qarşı bəzi sanksiyaların aradan qaldırılması daxildir. Kreml həmçinin Ukrayna, Gürcüstan və Moldova kimi ölkələrin NATO üzvlüyünün istisna olunmasını və Kiyevin neytral statusda qalmasını tələb edir.

Nəzərə alsaq ki, görüş ərəfəsi Ukrayna və Rusiyanın bir-birinə hava zərbələri görünməmiş miqyasda artmışdı, ikinci İstanbul görüşündə də göründüyü kimi, atəşkəsə razılıq olmadı. Bəs XXI əsrin bu qanlı savaşı necə durdurulacaq?

Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar  xərcləyib | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Aydın Mirzəzadə

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Rusiya-Ukrayna müharibəsinin hərbi yolla həllini mümkünsüz sayır: “Hər iki tərəf bir-birini gücdən salmaq üçün bütün mümkün variantlardan istifadə edirlər. Görünən bundan ibarətdir ki, məsələnin hərbi yolla həlli yoxdur. Rusiya son günlərdə Ukraynanın 18 kəndini tutub. Ukrayna isə Rusiyanın hərbi hava qüvvələrinə çox ciddi zərbələr vurdu. Şübhəsiz ki, yenə də hərbi xronikada bu və ya digər tərəfin uğurlu hərbi əməliyyatının şahidi olacağıq. Amma bu, heç də iki ölkə arasında gərginliyin aradan qalxmasına gətirib çıxarmayacaq. Dünya bu savaşın dayandırılmasında maraqlıdır. Eyni zamanda dünya hər iki tərəfdən münaqişənin diplomatik yolla həlli üçün ciddi addımlar gözləyir. Ancaq beynəlxalq hüquq normalarına uyğun olaraq, ərazi bütövlüyü prinsipi əsas götürülərək müharibə dayanmalıdır. Hesab edirəm ki, hərbi əməliyyatların dayandırılması, tərəflərin danışıqlara getməsi gərginliyi aradan qaldırmağın yeganə yoludur. Əks halda, bu cür hədəflərlə tərəflər bir-birini zəiflədəcək, bu müharibə sonsuzluğa qədər davam edəcək. Son dövrlərdə texnikanın inkişafı heç bir tərəfə uğur qazanmağa imkan vermir. Bu, dərk edilməli, ancaq və ancaq məsələnin siyasi həll yoluna gedilməlidir”.

Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli  Orucov

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, bu görüş barədə gözləntilər artıq əvvəlcədən məlum idi: “İstanbulda keçirilən Ukrayna-Rusiya danışıqlarının növbəti raundundan da gözləntilər yüksək deyildi. Xüsusən də hər iki tərəfin hücumlarını artırdığı indiki halda Kiyevlə Moskva arasında böyük anlaşmaların əldə edilməsi mümkün görünmür. Əvvəlcədən də Moskvanın mövqeyinin dəyişməz qalması məlumdur. Rusiya Ukraynanın ilhaq edilmiş ərazilərindən, NATO-dan imtina etməsini və neytral ölkə olmasını istəyir. Şimali Atlantika İttifaqının şərqə doğru genişləndirilməməsinə təminat tələb edir. Bunlar absurd tələblərdir. Çünki bu işğal faktorunun qanuniləşdirilməsi və növbəti təcavüzkar planlarının həyata keçirilməsi üçün baza hazırlanmalıdır. Hər bir dövlətin təhlükəsizliyini özünün necə təmin etmək istəməsi onun suveren haqqıdır.

Nəzərə almaq lazımdır ki  Birləşmiş Ştatların yeni administrasiyasından fərqli olaraq Qərb Moskvaya qarşı daha sərt davranmağın tərəfindədir və təhlükənin ciddiliyini anlayır. Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyi və Qərbə ciddi təhlükəsizlik problemləri yaradacağından narahatlıqlar var. Ukraynanın Rusiyanın içərilərində hərbi aerodromlarına endirdiyi dron hücumları, Rusiyaya qarşı ən irimiqyaslı və təsirli hücumlar onu deməyə əsas verir ki, Rusiyanın içərilərinə müharibə daşınmasa, onu hansısa kompromisə məcbur etmək asan deyil. Bu hücumların davam etdirilməsi Kiyevə əlavə dividentlər gətirir. Bu dəfəki görüşdə, məncə, Ukraynanın son  hücumlarla əlaqədar azacıq da olsa, üstünlüyü müşahidə olunurdu. Əhval-ruhiyyə bir qədər yüksəlmişdi".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR