Onlayn ictimai-siyasi qəzet
Ukrayna Hərbi Kəşfiyyatı avqustun 11-də Rusiyanın Orenburq vilayətində yerləşən yeganə helium istehsalı zavoduna pilotsuz uçan aparatlarla hücum edib.
Musavat.com xəbər verir ki, "RBC-Ukrayna"nın əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib.
Hadisə zamanı yerli sakinlər pilotsuz uçan aparatların zavod ərazisi üzərində uçduğunu müşahidə edib və silsilə partlayış səsləri eşidilib.
Təxminən saat 20:00-da Orenburq vilayətinin hakimiyyət orqanları zavodun yerləşdiyi Perevolotskoye və Xolodnıye Klyuçi qəsəbələri arasında M-5 "Ural" federal magistralının bir hissəsini bağlayıb.
Məlumata görə, Orenburq Helium Zavodu Rusiyada yeganə və Avropada ən böyük müəssisələrdən biridir. Zavodun illik emal gücü təxminən 15 milyard kubmetr təbii qaz təşkil edir. Burada istehsal olunan helium raket texnologiyasında, kosmik və aviasiya sənayesində geniş istifadə olunur. Xüsusilə, helium qazı yanacaq çənlərində təzyiq yaratmaq üçün tətbiq edilir ki, bu da raket mühərriklərinə sabit yanacaq tədarükünü təmin edir.
"RBC-Ukrayna" mənbələri bildirir ki, müəssisə Rusiya hərbi-sənaye kompleksinin bir hissəsi olmaqla, “Ukraynaya qarşı təcavüzdə birbaşa iştirak edir”. Hücum nəticəsində zavoda dəymiş ziyanla bağlı isə Rusiya rəsmi strukturlarından hələ heç bir açıqlama verilməyib.
İqbal RZAYEV,
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ