İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya diplomatiyası Azərbaycan diplomatiyasından gərək ibrət götürsün, çünki...”

Tofiq Abbasov: “80 mindən çox erməninin oradan çıxması məsələsinə inanmıram”

İndiyədək minlərlə Qarabağ ermənisi Laçın sərhəd buraxılış məntəqəsini keçərək Ermənistana üz tutub. Antiterror tədbirlərindən sonra Azərbaycan bəyan etdi ki, dinc ermənilərin bütün hüquqları qorunacaq. Ancaq bununla belə Xankəndi, Ağdərə, Xocavənd, Xocalıdakı ermənilərin bir hissəsi Qarabağı tərk edərək, Ermənistana gedir.

Erməni mənbələri iddia edir ki, 80 mindən çox erməni artıq Qarabağı tərk edib.  Son günlər isə cəmiyyətdə bununla bağlı müzakirələr zamanı verilən suallardan biri də odur ki, ermənilər tamamilə Qarabağı tərk edərsə, bir erməni belə o ərazilərdə qalmazsa, bundan sonra nələr olacaq? Belə olduğu təqdirdə Rusiya sülhməramlılarının burada qalmasına ehtiyac varmı? 

Yeri gəlmişkən, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib ki, “Dağlıq Qarabağ Respublikası” ləğvi barədə qərar hərbi əməliyyatların dayandırılması baxımından müsbətdir: “Ermənistan və onun lideri Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. İndi Qarabağı tərk edənlərin bir qismi Ermənistanda, bir qismi də Rusiyada yaşayacaq. Azərbaycan bu ərazidə orada qalacaq insanların normal yaşaması üçün şərait yaradacaq, çünki bura artıq bütün hakimiyyət orqanları ilə onların ərazisidir. Təbii ki, bizim orada yerləşən sülhməramlı kontingentimiz böyük ehtimalla əhəmiyyətsiz olacaq”, - deputat bildirib. Onun iddiasına görə, Rusiya üçün əsas odur ki, silahlı münaqişələr, toqquşmalar olmasın, insanlar ölməsinlər:"Bizim üçün əsas odur ki, Qarabağın hüdudlarından kənarda alovlana və genişlənə biləcək qaynar nöqtə yoxdur. Cənubi Qafqazda sabitlik Rusiya üçün vacibdir ki, qarşıdurma, ən əsası isə düşmənçilik olmasın".

Politoloq Tofiq Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycan dövləti ermənilərin heç birini ölkədən qovmur: “Həm reinteqrasiya planını hazır etmişik, həm də amnistiya planını elan etmişik. Nəhayət, işçi qrupunu yaratmışıq. Onlar üçün də,  azərbaycanlılar üçün də qayıdış planı hazırlamışıq. Bunlar hamısı bir həqiqətdən xəbər verir ki, Azərbaycan dövləti Ermənistan kimi etnik təmizləmə etmək niyyətində deyil. Bizim təcrübəmizdə bu yoxdur. Ermənilər amma bunu ediblər, Qarabağda yaşayan həmvətənlərimizi illərlə oradan uzaqlaşdırıblar. Soydaşlarımız hələ də Xocalıya, Xankəndiyə, Kərkicahana çata bilmirlər. Bu təcrübəni yaşadan, onu təbliğ edən ermənilərdir. Çünki onların dövləti mono dövlətdir. Bunu dünya-aləm, hər kəs bilir. Amma bizi istəməyənlər bunu görməzdən gəlirlər. Mənim çox yaxşı yadımdadır, 1986-ci ildən başladılar azərbaycanlıları oradan yavaş-yavaş çıxarmağa. Dünya bunu görürdü. Təəssüf ki, heç bir reaksiya vermirdi. Bir milyona yaxın qaçqın, məcburi köçkünümüz oldu. Yenə də dünya susdu. Çox təəssüf ki, dünya birliyinin çox saxtakar yanaşmasının indi də şahidi oluruq.  Bunlar işğalçdırlar, istər Ermənistanda yaşayan, istərsə də Qarabağda məskunlaşmış və silahlanmış 10 minə yaxın onun bandit dəstəsi. Bunlar hamısı oğru və separatistidirlər. Bunları görməmək ən azı mənəviyyatsızlıq, riyakarlıqdan başqa bir şey deyildir. 80 mindən çox erməninin oradan çıxması məsələsinə də mən inanmıram. Qarabağda 80 min erməni yaşamayıb. Rəqəmləri şişirdirlər”.

Ekspert əlavə edib ki, ermənilər buradan çıxıb gedəndən sonra sülhməramlıların qalmasının mənası yoxdur: “Rusiya diplomatiyası Azərbaycan diplomatiyasından gərək ibrət götürsün. Biz hay-küy salmadan, çalışdıq ki, dinc yolla bu prosesləri qaydasına salaq. Ermənilər istəmədilər. Onların arxasında duran adamlar onlara düzgün təlimatlar vermirdilər. Çalışırdılar ki, onları Azərbaycanla toqquşdursunlar. Axırda bu ”çanaq" ermənilərin öz başında sındı. Azərbaycandan onlar qovulmurlar ki. Onlar özləri də deyirlər ki, qondarma rejimin rəhbərləri onlara təkidlə deyirlər ki, çıxın, gedin".

Qeyd edək ki, ötən gün Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Qarabağdan çıxan ermənilər əsasən Ermənistanın əyalətlərinə yerləşdiriləcək və bu istiqamətdə işlər görülüb. Hazırda biz faktiki olaraq qısamüddətli yerləşdirmə problemini həll edirik, növbəti vəzifəmiz ortamüddətli yerləşdirmə proqramını həyata keçirməkdir. O əlavə edib ki, Qarabağdan çıxan ermənilər üçün üç bölgə müəyyənləşib: “Bunlar Basarkeçər, Dərələyəz və Zəngəzurdur. Bu bölgələrdə Qarabağı tərk edən ermənilərin  orta müddətli yerləşdirilməsi məsələsini həll etmək üçün ailələr və kirayə mənzillər mexanizmi var”, - Paşinyan qeyd edib. Qarabağ ermənilərin işlə təmin edilməsinə gəldikdə Paşinyan deyib ki, onlara peşələrinə uyğun iş veriləcək.

Afaq MİRAYİQ,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR