Onlayn ictimai-siyasi qəzet
“Aprelin 5-də Avropa İttifaqı, ABŞ və Ermənistan rəsmilərinin Brüsseldə nəzərdə tutulan görüşünü sadəcə Azərbaycan, Türkiyə, Rusiya kontekstində dəyərləndirmək yanlış olar.
Yaxınlaşan dünya savaşında Avropa İttifaqının, Avropa ölkələrinin öz iradəsi yoxdur. Onlar öz iradələrini tamamilə NATO-ya, dolayısı ilə ABŞ-a tabe ediblər”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
Generalın fikrincə, 5 aprelə planlaşdırılan görüşün əsas məqsədi yaxınlaşmaqda olan gərginlik və müharibə şəraitində Qafqazın cənubundan Rusiyaya qarşı cəbhə açmaqdır:
“İkinci məqsəd Türk dünyasının inteqrasiyasının, Zəngəzur dəhlizinin qarşısını almaqdır. Qərb Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına əngəllər yaratmaq məqsədilə 5 apreldə görüş planlaşdırır. ABŞ-ın, NATO-nun və Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin əsasında 2 məqsəd dayanır – 1) Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq 2) 300 milyonluq Türk dünyasının inteqrasiyasının qarşısını almaq. Bu istiqamətdə bölgəni münaqişə və gərginlik mühiti halına gətirmək əsas məqsəddir. Təbii ki, bu atılan addımlar Ermənistanı cəsarətləndirir”.
Yücel Karauz hesab edir ki, 5 aprel görüşündən sonra Ermənistana silah-sursat dəstəyi göstəriləcək:
“Dünya Bankı vasitəsilə Ermənistana çox aşağı faizli və uzunmüddətli kreditlər veriləcək, bəlkə də qarşılıqsız maliyyə yardımları ediləcək ki, Qərbin məqsədlərini Qafqazda davam etdirsin. Təbii ki, buna həm Rusiya, həm Türkiyə, həm də Azərbaycanın kənardan tamaşa etməsi mümkün deyil.
Çox istərdik ki, Qafqaz bölgə ölkələrinin işbirliyi ilə sülh, sabitlik və əmin-amanlıq mühitinə çevrilsin. Bölgə ölkələri öz müqəddəratlarını özləri təyin etsinlər.
Ermənistan çox böyük bir istiqamət dəyişikliyinə gedərək 1917-ci ildən etibarən Rusiyanın nəzarətində olan bir ölkə durumunu 5 apreldə keçiriləcək görüşdən sonra tamamilə ABŞ-a, başda Fransa olmaqla Avropaya doğru çevirəcək. Ermənistan bunun nəticələrini bilərək addımlar atır. Yaxın gələcəkdə Ermənistanın ikinci bir Ukrayna olma ehtimalı yüksəkdir”.
General bildirib ki, 5 aprelə planlaşdırılan görüşün nəticələrinin tamamilə Azərbaycan, Türkiyə, Rusiya əleyhinə işləyəcəyini söyləmək yanlış olar:
“Çünki Türkiyə və Azərbaycan Qərbin və ya dünyanı idarə edən güclərin asanlıqla vaz keçəcəyi ölkələr deyil. Regional güc olan, Qafqazın ən güclü ordusuna sahib olan Azərbaycan 2020-ci ildə bunu sübut edib. Rusiya, Türkiyə və Azərbaycanın göstərəcəyi ortaq iradə baş verə biləcək insidenti azaldacaq, Ermənistanı məyus edəcək. Ermənistanın böyük güclərin mübarizə meydanına dönəcəyi istisna edilmir. Ermənilər Qərbdən və ABŞ-dan fayda gözləyirlər, amma bu, belə olmayacaq. Ermənistanı qan, göz yaşı və 2020-ci ildə yaşadığı travmadan daha ağır bir travma gözləyir”.
Aytən Novruz
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ