Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərini qaytarmaqla bağlı bəyanatından sonra bu mövzuda xüsusilə separatçı bölgədə ciddi narahatlıq yaranıb. Yada salaq ki, bu ilin mayında ölkənin baş naziri İrakli Kobaxidze Müstəqillik Günü münasibətilə təbrik mesajında “Bizim gürcü arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaşlarımızla birlikdə vahid və güclü Gürcüstanda yaşamaqdır” deyə, bəyan edib.
Bundan sonra Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də Kobaxidzenin Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarıla biləcəyi ilə bağlı bəyanatına diqqətçəkən şərh verib. “Gürcüstan hakimiyyəti Saakavşilinin 2008-ci ilin avqustundakı avantüradan dərs çıxarıb, o səbəbdən Abxaziya və Cənubi Osetiyanı dinc yolla geri qaytarmağı qarşısına məqsəd qoyur. Söhbət ilk növbədə Gürcüstanın reinteqrasiya proqramlarından və təşəbbüslərindən gedir. Öz tərəfimizdən biz də inanırıq ki, Suxumi-Tiflis -Sxinvali “üçbucağında” normallaşma üçün ilkin şərtlər Gürcüstan mövcud reallıqları qəbul etdikdən və respublikalarla bərabərlik, qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlər qurmağa hazır olduqdan sonra yaranacaq”-deyə, nazir müavini bildirib.
Musavat.com “ekhokafkaza”istinadən xəbər verir ki, abxaziyalı politoloq Levan Mikaa bu mövzuda maraqlı açıqlamalar verib. “Rusiya hansısa mərhələdə Gürcüstanla diplomatik münasibətlər qurmaq üçün ya Abxaziyanın tanınmasını qərarını geri götürə, ya da daha perspektivli məqsəd naminə Gürcüstanın bir hissəsi olmağa sövq edə bilərmi”sualına cavab olaraq belə deyib: “Rusiya ilə diplomatik münasibətlərin bərpası ilə bağlı Gürcüstandan rəsmi məlumat yoxdur. Sadəcə, şaiyələr və söz-söhbətlər var ki, hazırlaşırlar. Mənə elə gəlir ki, bu yaxın gələcəkdə olmayacaq, çünki Gürcüstan “İşğal olunmuş ərazilər haqqında” qanunu qəbul edib və indiyədək biz bu qanunun ləğvi üçün heç bir ilkin şərt görməmişik. Bu qanunun ləğvi və diplomatik münasibətlərin bərpası əslində Abxaziya və Cənubi Osetiyanın tanınmasıdır, məncə, Gürcüstan bu gün buna hazır deyil. Gürcü cəmiyyəti ərazi bütövlüyünü bərpa etmək arzusundadır və s. Onlar burada Cənubi Qafqazda artıq formalaşmış indiki geosiyasi vəziyyətə real baxmalıdırlar, lakin biz bu tendensiyaları görmürük. Ona görə də yaxın vaxtlarda Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpası gözlənilmir”.
Politoloq amma etiraf edib ki, Abxaziyanın müstəqil gələcəyi ilə bağlı narahatlıqlar ciddiləşib. “Son vaxtlar tez-tez eşidirəm ki, orda-burda torpaq sahələri satılır. Bu məni çox narahat edir. Əgər Abxaziyanın gələcəyi üçün belə desək, ən perspektivli olan sahil zolağı bölünüb satılarsa... Bunun arxasında kimin dayandığını bilmirik. Təəssüf ki, bizim hökumət hər vasitə ilə Abxaziyanın belə satılmasını nümayiş etdirir və təbliğ edir. Məncə, bizim üçün ən böyük təhlükə buradadır”.
Məlumdur ki, Abxaziya və Gürcüstanın konfederal dövlət çərçivəsində birləşdirilməsi ideyası hələ 2008-ci ilin avqust müharibəsindən əvvəl Moskvanın iştirakı ilə Tiflis və Suxumi arasında aparılan danışıqlarda müzakirə olunub. Bu danışıqlar Rusiya Abxaziya və Cənubi Osetiyanı müharibə nəticəsində faktiki olaraq işğal etdikdən sonra aparılıb həm də. 2008-ci ilin avqustunda Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev Cənubi Osetiya və Abxaziyanın konfederasiyaya birləşməsini təklif edib, lakin Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili bu ideyanı rədd edib. Nəticədə Rusiya separatçı regionların “müstəqilliyini” tanıyıb. Məlumatlara görə, Suxumidə separatçılar artıq narahatdırlar ki, “Rusiyanın regional siyasətində tektonik plitələr dəyişdikdə” Abxaziya Moskva və Tiflisin “böyük planının bir hissəsinə çevrilə bilər”.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ