Onlayn ictimai-siyasi qəzet
Ukrayna müharibəsində dünyanı heyrətə gətirən məqamlardan biri də Buça şəhərində qaranlıq çökən kimi Rusiyanın silahlı pilotsuz hava aparatları ilə birlikdə üzə çıxan silahlı şəxslərdir. Demək olar ki, hamısı qadınlardan ibarət olan bu könüllülər hava hücumundan müdafiə birliyinin üzvləri kimi fəaliyyət göstərirlər.
Musavat.com BBC reportyor qrupunun onlar haqda hazırladığı reportajdan bəzi məqamları diqqətinizə çatdırır:
Özlərini “Buça mələkləri” adlandıran qrup gecə növbəsində çalışır, gündüz isə müəllim, həkim və hətta manikürçü kimi işləyirlər.
Buça 2022-ci ildə işğalın ilk həftələrində böyük zərbə almışdı. Bir çoxu o gün yaşadıqları gücsüzlüyü bir daha yaşamamaq üçün silahlandığını deyir. Mart ayının sonunda Ukrayna qüvvələri ərazini azad etdikdən sonra qətl, işgəncə və oğurluq daxil olmaqla, ilk aylarda baş verənlər üzə çıxmağa başladı.
“Buça mələkləri”ndən biri - Valentina deyir: “Bu vəzifəni yerinə yetirməliyik, avadanlıqlar ağırdır, amma biz qadınlar bunun öhdəsindən gəlməliyik”.
Valentina öz rolunun pilotsuz uçan aparatların səsini dinləmək olduğunu bildirir: “Bu, gərgin işdir. Amma biz diqqətli olmalı və ən kiçik səsləri belə eşitməliyik”.
Silahlar köhnə olsa da, yaxşı vəziyyətdədir və “Buça mələkləri” yay aylarından bəri bu silahlarla üç pilotsuz uçan aparatı vurub.
Başqa bir “mələk”, 50 yaşlarında olan İnnanın fəaliyyətləri haqda dedikləri ilgincdir:
“Qorxuncdur, bəli, amma doğuş da elədir və mən üç dəfə doğuş etmişəm. Riyaziyyat müəllimiyəm. Bəzən dərsə getmək üçün tələsik meşədən geri qayıtmağa məcbur oluram. Paltarlarımı və hündürdaban ayaqqabılarımı maşında saxlayıram. Bir az pomada çəkirəm və dərsə girirəm. Sonra maşına qayıdıram, küncdə üstümü dəyişirəm”.
Könüllü birliklərin ümumi sayı və ya bu birliklərdə neçə qadının olduğu ictimaiyyətə açıqlanmır.
Rusiyanın demək olar ki, hər gecə göndərdiyi partlayıcı yüklü pilotsuz uçan aparatlara qarşı qəsəbə və şəhərlərin kənarında əlavə bir qalxan rolunu oynayırlar. Könüllü birliyin komandiri döyüşlərin ən şiddətli olduğu şərq Donbas bölgəsindəki Pokrovskdan yeni qayıtmış bir əsgərdir. Buçada qadınlardan əvvəl səyyar hava hücumundan müdafiə birliklərində hərbi xidmətə yararsız 200 kişi xidmət edirdi. Hərbi xidmətin öhdəlikləri dəyişib, Ukraynanın səfərbərlik qanununu yeniləməsindən sonra onlar cəbhəyə yollandı və yerlərini qadınlar tutdu.
Təxminən 1000 gündür davam edən müharibədən sonra ölkəsinin böyük bir hissəsinə çökən ümidsizliyə baxmayaraq, “Buça mələkləri” Ukraynanın zəfərinə inanmaqda davam edirlər:
“Həyatımız dəyişdi, bütün planlarımız alt-üst oldu. Ancaq biz bu müharibənin sonunu tezləşdirmək üçün buradayam. Buradakı qızların dediyi kimi, biz olmasaq, bitməz”.
Nəsimi
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ