İnsanlara hürriyət, millətlərə istiqlal!

Rudikin “xilaskarlığı”, Zatulinin təhqiri “zatıloka” atması

 

Ataya, oğula, müqəddəs ruha and olsun ki, aşağıda yazdıqlarımın şovinizmlə, millətçiliklə əlaqəsi yoxdur, sadəcə, son günlər ermənilər və rusların arasında baş verən bir xeyli insidentdən ikisi diqqətimi çəkib. İstəyirəm siz də o insidentlərdən xəbərdar oluban fərqinə varasınız ki, gör, biz necə xətalı, qada-bəlalı qövm ilə, türkün sözü, dans edirik.

Hadisənin biri Moskvada, RF paytaxtından bir az aralıda yerləşən Çexov şəhərində baş verib. Dahi satirikin adını daşıyan şəhərdə baş verən hadisə elə satirik ruhdadır: gəlmə ermənilər basıb yerli rusu – Ukraynada yaralanmış hərbçini döyüblər.

İnsident ermənilərin işlətdiyi “Voyage” kafesində baş verib. Kafenin sahibi Rudik and içir ki, münaqişə “40 saniyənin içində” başlayıb, iki erməni mülki geyimli hərbçini “itələyib”, dava düşüb, onlar rus döyüşçünü çırparkən, guya bu, öz işçiləri ilə birlikdə araya girib və veteran hərbçini ermənilərin əlindən alıb, paltardəyişmə otağına aparıb, davakar erməniləri isə iaşə müəssisindən qovub.

Yenə nəyə inanırsınızsa, ona and içə bilərəm ki, Rudik yalan deyir. Hadisə onun dediyi kimi olmayıb. Biz “Ölsəm, bağışla” filminə azı iki dəfə baxmış adamlarıq, bilmirikmi, ermənilər çox olduqları kafe-restoranda nə cür olurlar. Necə ki, o filmdə restoranda lotuluq edən Soçi erməniləri bir az əvvəl tapançasını zənən sözü ilə dənizə atmış Yusifi bıçaqlayırlar, əmin olun ki, rus hərbçini də elə təkləyiblər.

Yəni “Voyage” kafesində də elə olub, özlərini o məkanın sahibi kimi hiss edən ermənilər çaqqal sürüsü kimi gözlərinə kəsdirdikləri hərbçinin üstünə tökülüşüblər. Özü də ikisi birdən yox, ən azı 7-8, bəlkə də daha çox olublar. Rudik də yalandan deyir ki, özü də erməni olmasına baxmayaraq, döyülən rusu ermənilərin əlindən alıb.

“Əlindən almaq” hadisəsi o vaxt baş verib ki, onsuz da yarımcan olan rusun leşini atıblar, Rudik binəvanı sürüyüb arxa otağa keçirib ki, polis-filan gəlsə, işi ört-basdır eləsin. O, rusu çırpan erməniləri də ona görə kafedən qovub ki, yaxalanmasınlar, deyib, “qaçın, aradan çıxın, məni zibilə salmayın”. Adamın verdiyi açıqlama, eləcə də bu dava barədə saytlarda gedən başlıq (“Ermənilər rus hərbçini öz həmyerlilərindən müdafiə etdilər”) onun öz dərisini, kafesini və yerlilərini orqanlardan, rus patriotlardan qorumaq məqsədi daşıyır.

Ona görə ki, bu iş böyüyüb, patriotlar hadisədən xəbər tutublar və deyiblər, niçeqo sebe, bu qıllı gədələr Qafqaz dağlarının o üzündən gəlib burada lotuluq edirlər, bu iş belə qala bilməz. İndi prinsipcə, onlar və “qırxıqbaşlar” bu hadisənin qisasını almalıdırlar.

Heç demə, döyülən döyüşçü kafeyə bir dostu ilə gəlibmiş, dava başlayanda o, dostuna kömək etməyib, eləcə "o, FTX-dəndir" deyə qışqırıb, amma yaramaz ermənilər yerdə çığnadıqları adamın hansı güc strukturundan olduğunu dəqiqləşdirməyiblər. Çünki çox olduqları zaman beyinləri çönür və heç Tiqran dədələrini də tanımırlar.

Ermənilərin ruslara qarşı etdikləri daha bir xoşagəlməz hadisə İrəvanda baş verib. Samvel Şirinyan adlı bir şəhər sakini II dünya müharibəsində mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış memorialda vandallıq aktı törədib, mühasirənin sona yetməsinin 80-ci ildönümündə cumub abidəyə qoyulmiş çələngləri təpikləyib, söyüb-söylənib, Rusiya bayrağının rəngində olan lentləri söküb-atıb.

Adamı tutub soruşublar ki, ara, niyə belə edirsən, deyib, yaxşı edirəm, niyə Mariya Zaxarova “arsaxda etnik təmizləmə aparıldığına dair heç bir sənəd yoxdur” deyib. Daha sonra o hiddətlənib ki, ona qalsa, Leninqradda da blokada olduğuna dair sənəd yoxdur”. Şirinyan öz hərəkətini lentə alıb, internetə də yerləşdirib – yəni “alın a, yana-yana qalın ha” məsələsi...

Siz hirsə, hikkəyə, qəzəbə, qərəzə baxın. Bir məmur xoşuna gəlməyən söz deyir, gedib 900 günlük Leninqrad müharibəsinin dəhşətli epizdodunun gerçəkliyini şübhə altına alır.

İndi görün, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini, deputat Konstantin Zatulinin baş verən insidentə münasibəti necədir. Zatulin Şirinyanın vandallığını verib, rus demişkən, “zatılok”a (ənsə, peysər), deyib ki, o adam (yəni Şirinyan) dəlidir. Ardınca cənab Zatulin Şirinyana dolayısı ilə haqq qazandırıb, deyib ki, Qarabağda faktiki olaraq etnik təmizləmə baş verib.

Ta nə deyəsən? Əlac yeri-göyü xəlq edən ulu Tanrıya şükür etməyə qalır ki, bu günləri bizə göstərdi, Armenlə Ruslanın süpürləşdiyini gördük.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR