İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rosselxoznadzor” Azərbaycana qarşı

Sabiq nazir: “Təəssüf ki, bu gün xarici ticarətimiz bu ölkə ilə çox bağlıdır”

Rusiya Azərbaycana qarşı “meyvə-tərəvəz müharibəsi”ni davam etdirir. “Rosselxoznadzor” bəyan edib ki, Azərbaycandan Rusiyaya “qeyri-kafi təhlükəsizlik tədbirləri ilə müşayiət olunan meyvə-tərəvəz məhsullarının tədarükü artıb”.

O da iddia olunur ki, Azərbaycandan Rusiya ərazisinə karantin tətbiq edilən malların tədarükü zamanı fitosanitar tələblərin pozulması halları artıb və sənədlərdə yalan məlumatlar göstərilib.  “Rosselxoznadzor” “Rusiyaya tədarük edilən məhsulların fitosanitar təhlükəsizliyinin təmin edilməsi üzrə Azərbaycan sisteminin kifayət qədər effektiv olmadığı”ndan gileylənib.

Hələlik “Rosselxoznadzor” Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən bu faktlarla bağlı rəsmi araşdırma aparmağı və respublikadan Rusiyaya karantin tətbiq edilən məhsulların tədarükü zamanı beynəlxalq  tələblərə əməl olunmasına zəmanət vermək üçün tədbirlər görməyi xahiş edib.

Bəllidir ki, Rusiya hakimiyyətinin bu cür narazılıqları adətən siyasi proseslərdən qaynaqlanır. Ona görə “Rosselxoznadzor”un obyektivliyinə inanmaq çətindir. Moskva, sadəcə olaraq, “bazar üsullarından” istifadə edərək öz siyasətini yenidən həyata keçirir. Bu o deməkdir ki, biz meyvə-tərəvəz məhsulları üçün yeni bazarlar axtarmalıyıq, burada artıq belə “siyasi sürprizlər” olmayacaq.

fikret.jpeg (167 KB)

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov burada təəccüblü heç nə görmür: “Əslində daxili və xarici siyasətində oyun qaydaları olmayan bir dövlətin bu cür davranışı bizi təcübləndirməməlidir. Dünya nə qədər dəyişsə də, bunlar dəyişib irəli gedə bilmirlər. Qonşuları ilə siyasi müstəvidəki məsələləri meyvə-tərəvəzin keyfiyyətinə qara yaxmaq yolu ilə həll etməyə çalışmaq qədər siyasi cığallıq acizlik əlamətidir. Rusiya hətta bir ittifaqda olduğu Belarusla mütəmadi olaraq belə "oyunlar" oynayır. Mən uzun müddət Rusiyada yaşamış bir adam kimi dəfələrlə belə halların şahidi olmuşam. Rusiya Prezidenti Vladimir Putinlə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında siyasi müstəvidə fikir ayrılığı yaranan kimi, Rusiyanın sanitar xidməti Belarusdan Rusiyaya gətirilən məhsullarda hansısa qeyri-sağlam elementləri “aşkarlayır” və bununla da həmin məhsulların Rusiya bazarlarına girişinə qadağalar qoyulurdu. Rusiya hökumətinin bu baxışları dəyişməzdir. Onlar bu gün Ukrayna ərazilərini işğal etmək üçün başlatdıqları müharibədə heç nədən çəkinmədən və utanmadan Ukrayna ərazisində yaşayış məntəqələrini, xəstəxanaları, uşaq evlərini raketlərlə və pilotsuz uçuş aparatları ilə vururlar. Biz də 44 günlük İkinci Qarabağ savaşında Gəncəyə, Tərtərə, Bərdəyə atılan raketlərin haradan uçduğunu yaxşı bilirik...

Rusiya bütün dünya ilə belə davranır. Onun başqa oyun qaydaları olmur. Bu elə bir dövlətdir ki, onun ipinin üzərinə odun yığmaq həmişə təhlükəlidir. Biz bunu yaxşı bilirik. Lakin təəssüf ki, bu gün xarici ticarətimiz bu ölkə ilə çox bağlıdır. Bu bağları zaman-zaman kəsmək, idxal və ixracımızı maksimum şaxələndirmək hökumətin ən mühüm vəzifələrindən biri olmalıdır.

Bizim real sektordan ixracımız üçün geniş bazarlar mövcuddur. Pakistan kimi əhalisi Rusiyanın əhalisindən 1,5 dəfə çox olan bir ölkə bizim neftdən, qazdan hazırlanan məhsullarımızın ən yaxşı bazarlarından biri ola bilər. Meyvə-tərəvəz üçün ən yaxşı bazarlar isə ərəb dünyası ölkələri ola bilər. Bu istiqamətlərdə çalışmalıyıq. Mümkündür ki, yaxın bir neçə ildə biz ixracımızın xəritəsini dediyimiz istiqamətlərdə əsaslı şəkildə dəyişə bilək. Bunun üçün həmin ölkələrlə daha yaxından işləmək lazımdır. Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasət xətti bu dediklərimizi reallaşdırmaq üçün ölkənin iqtisadi komandasına bu istiqamətdə fəaliyyət üçün çox münbit bir zəmin yaradır. Pakistanla qardaşlıq, ərəb dünyası ölkələri ilə yaxın dostluq dediklərimizin sübutudur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR