Onlayn ictimai-siyasi qəzet
Rusiyada mifik “artsax”ın qondarma nümayəndəliyi varmış. Amma artıq özünü buraxıb. “Past” erməni nəşri yazmasaydı bəlkə də heç kim bilməzdi ki, Moskvada nümayəndəlik adına belə bir əcaib şey mövcud imiş. Çünki Qarabağda erməni separatizminin kökü kəsilibsə, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edibsə, Bakıda xuntaçıların məhkəməsi gedirsə, özünü aldatmağın nə anlamı var ki?
Əfsuslar olsun ki, ermənilər, xüsusən də onların qisasçı-daşnak kəsimi hələ də “göydən yerə” enib reallıqları qəbul etmək istəmir. Baxırsan ki, hələ də qonşu ölkənin parlamentində hansısa radikal-revanşist deputat “bayraq” adlandırdığı “arsax”ın əski parçasını qabağına qoyub özünə təsəlli verir. Anlamaq istəmirlər ki, “qatar” geridğönməz şəkildə gedib. “Status”-filan hamısı tarixin zibilliyindədir və bir daha bu mövzuya qayıdılmayacaq...
Ağılları olsaydı, Azərbaycanın təklif etdiyi yüksək muxtariyyət vədini vaxtında qəbul edərdilər. İndi Qarabağda başqa vətəndaşlarımız kimi dinc həyatlarına davam edirdilər. Amma onlar dinc və təhlükəsiz güzəranı, cəmiyyətimizə inteqrasiyanı deyil, əzab-əziyyətin davamını, qarşıdurmanı seçdilər.
Beləcə, çox istədikləri üçün azdan da oldular. Özləri bilər. Can onların, cəhənnəm Tanrının. Özü yıxılan ağlamaz. Bircə bizimlə işləri olmasın, siçovul kimi yenə ayağımızın altını qazımağa cəhd etməsinlər, Azərbaycana qarşı yeni tələlər, məkrli planlar qurmasınlar.
Təəssüf ki, dinc duracaqlarına zərrəcə əminlik yoxdur. Hər necə olmasa, İrəvanda oyuncaq qurumun bəzi “təsisatları”nən qalması narahatlığa əsas verir. Nala-mıxa vurmağı sevən Nikol Paşinyan bir yandan “Qarabağ hərəkatı davam etməməlidir” deyir, o biri yandan isə Ermənistanda separatizminin “qalıqlarını” neytrallaşdırmağa, bu separatizmin “nəfəs aldığı” Minsk Qrupunu de-yure ləğv etməyə, konstitusiyadan ölkəmizə qarşı ərazi iddiası ilə bağlı istinadı çıxarmağa tələsmir.
Qısası, yenə ikili oyun oynayır. Paralel surətdə Paşinyan Ermənistanın bir “əlindən” Qərbin, digərindən də Rusiyanın turtmasına çalışır. Radikal müxalifət isə ümidini həmişəki kimi Rusiyaya bağlayıb...
Ancaq əbəs cəhdlərdir. Bunu az-maz məntiqini itirməmiş erməni ekspertlər də etiraf edir. Onlardan biri də Aleksandr İsgəndəryandır.
“Rusiya bura geri qayıdacaq” nə deməkdir? Qarabağ yenidən zəbt ediləcək və ora ermənilər köçürüləcək və respublika (keçmiş separatçı qurum – red.) bərpa olunacaq? Bunu təsəvvür etmək mümkünsüzdür. Üstəlik, Azərbaycan artıq Rusiyanın təhlükəsizlik formalarına ehtiyac duymur və silahı başqa yerlərdən alır”.
Musavat.com-un məlumatına görə, bunu A.İsgəndəryan yerli mediaya müsahibəsində deyib.
“Ümumiyyətlə, azərbaycanlıların arzuladığı, yəni Qarabağın ermənilərdən təmizləməsi artıq həyata keçirilib (erməni əhali bütün dünyanın gözü qarşısında öz xoşu ilə çıxıb gedib – red.). Bakı isə siyasi təhlükəsizlik formalarını başqa yerdə tapa bilər. Ermənistan da elə. Biz Dağlıq Qarabağı itirmişik və köhnə konfiqurasiyanın bərpa olunacağını təsəvvür etmək mənim üçün çətindir”.
Lakin onun sözlərinə görə, bu, Rusiyanın regionu tamamilə tərk edəcəyi anlamına gəlmir. “Rusiya nəhəng dövlətdir, Cənubi Qafqazın qonşusudur və belə də qalacaq. Rusiya təsirini davam etdirəcək, öz rolunu oynayacaq. Lakin bəzi amillər var ki, onların geri qayıtması qeyri-mümkündür. Prinsipcə mümkün deyil. Çünki Rusiya regionda artıq təhlükəsizliyin şəriksiz inhisarçısı deyil”, - erməni politoloq qeyd edib.
İsgəndəryandan daha bir etiraf: “Bundan əlavə, Türkiyə bölgəmizin oyunçusu olaraq buradadır. Ona görə də Rusiya qayıdanda həmin (köhnə - red.) mənzərəni təsəvvür etmək mənim üçün çətindir. Rusiya regionumuzda rol oynamağa davam edəcək. Lakin bu rol keçmişdəki kimi olmayacaq, fərqli olacaq”...
Yerdə nə qaldı? Əlbəttə ki, qonşu ölkənin Azərbaycan və Türkiyə ilə barışığa nail olması. Yolu, şərtləri bəlli. İrəvan həm də tələsməlidir. Nədən ki, Bakı və Ankaranın barışıq əli sonsuzadək havada qalmayacaq. Azərbaycan və Türkiyə Ermənistanla barışıq üçün əldən getmir. İki qardaş dövlətin tək hədəfi Cənubi Qafqazdakı bu yeganə fitnə-fəsad və şər yuvasını təsirsiz hala gətirməkdir. Həmişəlik.
Analitik xidmət,
Musavat.com
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ