İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsul Quliyevdən İranla bağlı şok açıqlamalar

Eks-spiker: “İlk növbədə Azərbaycanı İran agentlərindən tam təmizləmək, onları xalqdan izolyasiya etmək lazımdır”

“Heç bir səlahiyyəti olmayan İran prezidenti və parlamenti kimi Azərbaycanda da hakimi-mütləq ayətullah rejimi yaratmaq istəyirlər”. Bu barədə Milli Məclisin sabiq sədri Rəsul Quliyev özünün facebook səhifəsində İran-Azərbaycan münasibətləri və İranın keçmişi barədə yazısında bildirib. O qeyd edib ki, İranda xalqın qanını içən rejim mövcud olduqca, o qədər də Azərbaycanda dövlət çevrilişinə cəhd qalacaq. Azərbaycanın uğurları artdıqca onun hərtərəfli inkişafından qıcıqlanan İran və onun kimi ölkələr öz münasibətlərini gizlədə bilməyəcəklər: “Bizimlə min illərlə eyni tarixə malik olduğumuz İran bu ölkələrdən biri, bəlkə də birincisidir. Min ildən artıqdır ki, İranın əksər şahları türk əsilli azərbaycanlılar olublar. Daha doğrusu, bu min ildə bir dəfə milliyyətcə kürd, bir dəfə də, daha doğrusu, 20-ci əsrdə fars olubdur. İki dəfə  azərbaycanlı şah olanda ümumiyyətlə heç fars dilini bilmirdi. Sonradan bir neçə aya öyrəniblər, çünki dövlət dili ya ərəb, ya da fars dili idi. İranın Azərbaycana neqativ münasibəti Azərbaycan müstəqilliyini qazanandan sonra başlayıb. Bunun səbəbi İranın Türkiyəyə qarşı düşmən siyasətindən qaynaqlanır. Onlar heç cür Türkiyə dostluğunu həzm edə bilmirdilər. Onların fikrincə, Azərbaycana İrandan yaxın heç bir ölkə ola bilməz, çünki dinimiz eyni şiəlikdir... İranın bizə qarşı hücumu "Əsrin neft kontraktı" bağlanan ərəfədə yenidən başladı. Onlar bizdən İran neft kompaniyasının kontraktda heç olmazsa ən azı 5 faizlə iştirak etmələrinə icazə verməyi tələb edirdilər. Onlar çox yaxşı bilirdilər ki, Qərb kompaniyaları heç vaxt İranın iştirak etdiyi kontraktda iştirak etməyəcəklər və məqsədləri neft kontraktının bağlanmasına imkan verməmək idi".

Eks-spiker sonra qeyd edib ki, İranın anti-Azərbaycan siyasəti həmişə Ermənistanı dəstəkləmək olub və bunu heç vaxt gizlətməyib. İran ayətullahları Azərbaycanda eyni rejimin yaradılmasını təbii və zəruri hesab edirdilər: “Müstəqilliyimizin birinci günündən Azərbaycan din idarəsinin əli ilə 100-lərlə gənc azərbaycanlıları Qum şəhərində fundamental şiəçiliyə hazırlayırdılar. Onların 90 faizi İran kəşfiyyatına, Azərbaycan dövlətçiliyinin əleyhinə çalışanlardır. Bu gün də Azərbaycanda o adamlar var və dövlətin, xalqın əleyhinə mənfur işlərini davam etdirirlər. İran bu günə qədər azərbaycanlıların fundamentalist yox, liberal şiələr olduğunu anlamaq istəmir. İran böyük dövlətdir, güclü ordusu var. Ancaq Azərbaycanı qorxuda bilməz. Azərbaycanın arxasında Türkiyə və Pakistan kimi güclü ölkələr dayanıb. Azərbaycan İranı özünün bir nömrəli düşməni hesab edən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi ilə əlaqələrini yeni səviyyəyə qaldırmaq üçün əlindən gələni etməlidir. İsraillə diplomatik əlaqələr gücləndirilməlidir. Çünki İran Azərbaycan üçün çox böyük təhlükədir. Azərbaycanın beynəlxalq aləmdə, türk dünyasında nüfuzunun qalxması İranı qıcıqlandırır. İlk növbədə Azərbaycanı İran agentlərindən tam təmizləmək, onları xalqdan izolyasiya etmək lazımdır. Ölkə daxilində dini reformaların edilməsi, indiki dini liderlərin İranın tabeçiliyindən azad edilməsi çox zəruridir. Dünyada saysız-hesabsız düşməni olan İran heç vaxt Azərbaycana qarşı birbaşa aqressiya etməyə cəsarət etməz. Ancaq daxili agentlərindən istifadə edib terror və xaos yarada bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR