Onlayn ictimai-siyasi qəzet
ABŞ Konqresində keçirilən dinləmələr zamanı respublikaçı senatorlar müdafiə naziri Pit Heqsetə qarşı sərt tənqidlər səsləndiriblər. Səbəb Tramp administrasiyasının Rusiya ilə təmasları aktivləşdirməklə Ukraynadakı müharibəni başa çatdırmaq istəyidir.
Musavat.com xəbər veri ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Saytına informasiyasına əsasən, Respublikaçılar Partiyasında “böyük ideoloji parçalanma” getdikcə daha aydın görünür.
Xüsusilə sərt mövqe tutan senatorlardan biri, daha əvvəl Heqsetin təyin olunmasına qarşı çıxan üç respublikaçıdan biri olan Mitç Makkonnell olub. Müdafiə büdcəsinə həsr olunmuş dinləmələr zamanı o, açıq şəkildə Ağ Evin xarici siyasət kursunu şübhə altına alıb.
“Amerikanın nüfuzu təhlükə altındadır. Müttəfiq demokratiyaları avtoritar təcavüzkarlardan müdafiə etməyə hazırıqmı?”, - deyə Makkonnell bildirib.
O xəbərdarlıq edib ki, Ukraynanın müharibədə məğlubiyyəti ABŞ diplomatiyasının məğlubiyyəti ola bilər.
“Biz bir gün yuxudan oyanıb başlıqlarda “Rusiya qalib gəldi, Amerika uduzdu” görmək istəmirik. Bu, olduqca vacibdir - əgər biz hələ də Konqres üzvlərinin əksəriyyətinin düşündüyü kimi dünyada o rolu oynamaq niyyətindəyiksə”, - deyə senator qeyd edib.
“Politico” qeyd edir ki, Makkonnell ilə Heqset arasında baş verən dialoq Respublikaçılar Partiyası daxilində xarici siyasət məsələləri üzrə dərin fikir ayrılıqlarının üzə çıxdığı nadir hallardan biri olub.
Mitç Makkonnell Ronald Reyqan siyasətinin ruhuna uyğun olaraq ABŞ-ın qlobal liderliyi ideyasına söykənən ənənəvi respublikaçı qanadı təmsil edir. Heqset isə milli maraqların üstünlüyünə və “Amerika hər şeydən üstündür” şüarına əsaslanan “Trampçı” yanaşmanı təcəssüm etdirir.
Makkonnell Heqsetə artıq 4 ildir davam edən silahlı münaqişə ilə bağlı bir sıra prinsipial suallar ünvanlayıb. Aqressorun kim olduğu sualına cavab olaraq Hegset etiraf edib: “Rusiya aqressordur”.
Lakin söhbət qalib tərəfin kim olmasını istəməsinə gəldikdə nazir birbaşa cavabdan yayınaraq Trampın sülh yolu ilə nizamlanmaya can atdığını bildirməklə kifayətlənib.
O, Barak Obama və Co Bayden administrasiyalarını “Rusiyaya qarşı qeyri-effektiv siyasət” və Ukraynaya hərbi yardımın gecikdirilməsi ilə ittiham edib. Xatırladıb ki, məhz onların dövründə Krımın ilhaqı və genişmiqyaslı müdaxilə baş verib.
“Vladimir Putin bilir ki, prezident Tramp güclüdür. Onun sözünün çəkisi var. Danışıqlar yolu ilə əldə olunmuş sülh nizamlanması nəticəsində Amerika güclü görünür”, - deyə Heqset vurğulayıb.
Müzakirədə çıxış edən digər şəxs isə Cənubi Karolinadan olan respublikaçı senator və Trampın köhnə müttəfiqi Lindsi Qrem olub. O, Putinin Ukraynada qələbə çaldığı halda ekspansiyasını dayandırıb-dayandırmayacağını aydınlaşdırmağa çalışıb.
Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin cavabları bir-birindən kəskin şəkildə fərqlənib.
“Mən inanmıram ki, o, dayanacaq”, - deyə Keyn bildirib.
Heqset isə belə cavab verib: “Bu, hələ bəlli deyil”.
Senatdakı dinləmələrdən əvvəl Pit Heqset Nümayəndələr Palatasında da çıxış edərək Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAI) proqramı çərçivəsində Ukraynanın ehtiyacları üçün ABŞ silahlarının alınmasına yönəlmiş xərclərin azaldıldığını bəyan edib.
O vurğulayıb ki, Tramp administrasiyası münaqişəyə “tamamilə fərqli baxış bucağı”na malikdir və bildirib:
“Biz hesab edirik ki, danışıqlar yolu ilə əldə olunan sülh təkcə Ukraynanın və Rusiyanın deyil, həm də qlobal çağırışların fonunda ABŞ-ın maraqlarına cavab verir”.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ