Onlayn ictimai-siyasi qəzet
"Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 32-ci turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra ənənəvi mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, oyun haqda fikirlərini bölüşən mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Rəqib qapıçı Yusif İmanovu təbrik edirəm. Oyunun qalibi o idi. Yüz faizli 5 qol imkanından istifadə edə bilmədik və 2 yarımepizoddan qol buraxdıq. Komandama təşəkkür edirəm. Çox yaxşı komandamız var. Oyunumuzdan zövq aldım.
- Demək olarmı ki, "Səbail" Konfrans Liqasına vəsiqə uğrunda mübarizəsindən qopdu?
- Deməzdim. Həm birimiz öz aramızda oynayırıq. Qarşıda mümkün 12 xal var. Mübarizədən qopsaq belə bu, heç nəyi həll etmir. Yeni komandayıq. Avrokuboklara getməmək dünyanın sonu deyil.
- Yusif İmanovu təbrik etdiniz. Bəlkə bir az da öz hücumçularınızı qınayasınız?
- Bəli, daha yaxşı vura bilərdilər. Amma rəqib qapıçının çıxışı möhtəşəm idi. Qol epizodlarını yaradan da bu komandadır.
- Sərəncamınızda Yusif kimi qapıçı görmək istəyərdiniz?
- Mənim qapıçılarım var, onlardan razıyam. Sadəcə bugünkü oyunun qəhrəmanı Yusif idi. Onun da zəif oyunları olub. "Sabah"ın qələbəsinə kölgə salmaq istəmirəm. Yarımepizodlardan qollar vura bildilər. Bu da məşqçinin və futbolçuların əməyidir.
- Qələbə qazanmaq üçün nə çatmır?
- Futbolda stabil heyət, stabil oyun, stabil nəticə. Futbol bunların üzərində qurulub. Üçündan biri olmayanda nəticəni ala bilmirsən. 7 ayın komandasıyıq. Bu gün ötənilki heyətdən bir nəfər belə, meydanda yox idi. Daha yaxşı olmaq üçün müəyyən zaman lazımdır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ