Onlayn ictimai-siyasi qəzet
Şabran şəhərində gecə saat 12-nin yarısında bir nəfər ağıldan qıvraq polis idarəsinə zəng vurub, qarşısına çıxan hər kəsi, axırda isə özünü öldürəcəyini bildirib. Sitat: “Müraciət daxil olandan sonra polis əməkdaşları M.Həsənovun yerini müəyyən edib. Onun saxlanması məqsədilə tədbir həyata keçirilib. Bu zaman 51 yaşlı şəxs müqavimət göstərib və yüksək səslə təhqiramiz ifadələr işlədib”. Axırda yoldaşa 20 sutka həbs verilməsi qərara alınmışdır.
Əlbəttə, ölkəmizdə asayiş qorunur, sabitlikdir, hər yerindən duran belə hədə-qorxu yağdırsa, onda dövlət nəyə lazımdır? İkincisi, burada məsələnin qoyuluşunda, üslubunda da ciddi yanlışlıq var. Necə yəni “hər kəsi öldürəcəyəm”? Hamını öldürmək üçün Əzrayıl olmalısan. Bu fəaliyyəti yeganə olaraq yalnız o inhisara, monopoliyaya götürmüşdür. Qalan əhali dövlətçiliyə uyğun yaşamağa borcludur. Camaat seçkilərə hazırlaşır, sən də belə axmaq fikirlərə düşürsən... Hələ 20 sutka azdır. Qoy getsin dövlətçiliyimizin humanizmindən yararlansın.
Hazırda monopoliya ilə mübarizə sahəsində müsbət və faydalı çoxlu iş görülür, bunlardan ön önəmlisi dünən Milli Məclisin Rəqabət Məcəlləsini 3-cü oxunuşda qəbul etməsi olmuşdur. Çox adamın xəbəri yoxdur, bu məcəllə uzun illərdir müzakirə edilirdi, lakin qəbul olunmurdu. İndi olunmuşdur. Artıq rəqabət yaranacaqdır. Bazar iqtisadiyyatımız elə inkişaf edəcəkdir ki, bəlkə Amerikaya çatdıq. Əsas qanundur. Məcəllə isə qanunların yekə bir toplusudur. Necə ki, cinayətlər üzrə Cinayət Məcəlləsi, xətakarlıq üzrə Xətalar Məcəlləsi var, rəqabət üzrə də Rəqabət Məcəlləsi olmalıdır. Bir nəfər hansısa iqtisadiyyat sahəsini ələ keçirsin - daha mümkünsüzdür.
Az keçməz, dükanlarda yaranan ucuzluğa özünüz şahid olacaqsınız. Rəqabət iqtisadiyyatın bel sütunudur. Rəqabət həyatın təməlidir. Əgər rəqiblərimiz olmasa, biz birhüceyrəli varlıq kimi qalardıq.
Bəs indiyə qədər inflyasiya aşağı düşə bilməzdimi? Bilməzdi. Çünki qanunlar buna yol vermirdi. İndi yol verir. Rəqabət Məcəlləsi 1 dəfə oxunuşdan keçəndə inflyasiya qorxmuşdu. Deputatlarımız məcəlləni 2-ci dəfə oxuyanda bahaçılıq qızılca tutmuş məktəbli kimi səpmişdi. 3-cü oxunuş isə mövzunu tamamən qapatmışdır. Buna görə deputatımız Hacı Madərin ruhuna bir fatihə oxuyuruq.
Yeri gəlmişkən, Madər müəllim bir neçə aydır rəhmətə gedibdir, Binəqədi sakinləri olaraq biz indi onun qədrini bilməyə başlayırıq. Sən demə o, görünməz qəhrəman kimi, Betmen kimi rayonumuz üzərində qanadlarını sərirmiş. Biz ondan deputat fəaliyyətsizliyi üzündən narazı idik. O isə çalışırdı, lakin özünü reklam etmirdi. Məsələn, Madər müəllim ölən kimi Sumqayıt Binəqədinin 2 min hektardan çox torpağını tutub əlindən aldı, rəsmən işğal etdi. Etibarlı qaynaqlardan əldə etdiyimiz informasiyaya görə bu torpaqlara sumqayıtlılar çoxdan göz dikibmiş, Madər müəllim imkan vermirmiş.
Ancaq ümidvarıq bu məsələ sülh yoluyla həllini tapacaqdır. Əgər bugünkü gündə Türkiyə və Yunanıstan, Ermənistan və Azərbaycan birgə dostluq, barışıq sazişlərinin müjdəsini verirsə, biz niyə 2-3 min hektara görə qardaş sumqayıtlılarla üz-göz olmalıyıq? Qoy həmişə sülh olsun - əski mahnıda deyilən kimi.
Mahnı demişkən, indiki uşaqlar bilməz, biz balaca olanda belə sülh mahnıları çox oxunurdu. Cabir Novruzun sözlərinə yazılan mahnıdan bir parça ilə yazını bitirirəm:
“Hər an artan ordular azalmışdı elə bil,
seyrəlmişdi elə bil,
Bütün hərbi bazalar yumşalmışdı elə bil,
kövrəlmişdi elə bil,
Elə bil ki, ölənlər, itənlər tapılırdı,
Bir ana qucağında bir körpə aparırdı".
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ